SON XƏBƏRLƏR

Məhəmməd Əmin Rəsulzadənin naməlum məqalələri və çıxışları işıq üzü görəcək

2021.10.20, 07:36
Məhəmməd Əmin Rəsulzadənin naməlum məqalələri və çıxışları işıq üzü görəcək

Gunaz.tv
Məhəmməd Əmin Rəsulzadənin naməlum məqalələri və çıxışları işıq üzü görəcək Ramiz Abutalıbov: "Mən daim axtarışdayam" Azərbaycan ictimaiyyətinə imzası yaxşı tanış olan DAK idarə heyyətinin üzvü Ramiz Abutalıbov bir müddətdir ki, Bakıdadır. Əsasən Moskvada yaşayan Ramiz Abutalıbov daim Azərbaycan həqiqətlərini dünyaya yayır, Azərbaycan tarixinin 20-ci yüzilin əvvəllərilə bağlı problemlərinin araşdırılmasında arxiv sənədləri sarıdan tarixçilərimizə yaxından kömək edir, təvazökarlıq etsə də, özü də bu sahədə araşdırmalar aparır. Elə araşdırmaçının yazda işıq üzü görən rusca "Azərbaycan Demokratik Respublikası" bu qəbildəndir. Qeyd edək ki, R.Abutalıbov Azərbaycanın YUNESKO-da nümayəndəsi olub, bu sahədə dövlətimiz, millətimiz üçün gərəkli çalışmaları var. Bir müddət Xarici İşlər Nazirliyində çalışıb. O, Azərbaycanın mühacirətdə olmuş tanınmış şəxsiyyətlərinin (Məhəmməd Əmin Rəsulzadənin, Ceyhun Hacıbəylinin, Əlimərdan bəy Topçubaşovun və b.) irsinin ölkəmizə gətirilməsində xüsusi zəhməti olan ziyalılarımızdandır. Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymur deyir ki, "o, həmişə dünyaya səpələnmiş soydaşlarımızın yadigar arxiv sənədlərini toplayıb doğma Azərbaycana gətirmək yanğısı ilə çalışırdı, bu işi indi də davam etdirir. Sənədlərin araşdırılmasını, əldə olunmasını daim özünün vətəndaşlıq borcu hesab edib. Bu sənədlərlə tanış olarkən müstəqil Azərbaycanımızın yenidən yazılacaq mədəniyyət, ədəbiyyat tarixində Ramiz müəllimin uzaq-uzaq ölkələrdən min bir əziyyətlə gətirdiyi sənədlərin əhəmiyyəti daha aydın görünməkdədir. M.Ə.Rəsulzadənin 55 məktubu (surəti) da onun səyilə Vətənə gətirilib. Ramiz müəllimin ən böyük xidmətlərindən biri Dağlıq Qarabağla bağlı hadisələri sənədlər əsasında beş cildlik kitab şəklində fransız dilində Parisdə nəşr etdirməsidir. "Dağlıq Qarabağ, "Stalin" (1990), "Qarabağ - keçmiş və gələcək arasında" (1991), "Qarabağ-dörd il sonra" (1993), M.S.Ordubadi "Qanlı illər" (1990). Bu kitabların bəziləri ingilis dilində nəşr olunaraq yayılıb. R.A.Abutalıbov həm də çox səliqəli kolleksionerdir. Onun arxiv sənədlərinin kolleksiyasını yaratmaqda xüsusi səriştəsi olduğundan və bizim soydaşlarımızın 19-20-ci yüzillərdəki yaradıcı ziyalılarımızın nəsil şəcərələrini ətraflı bilməsinin nəticəsidir ki, Mirzəbala Məhəmmədzadə, Əhməd Cəfəroğlu, Miryaqub Mirməşədiyev, Ceyhun Hacıbəyli, Almas İldırım, Həsənbəy Zərdabi, Əlimərdan bəy Topçubaşov, Sadıx bəy Ağabəyli, Əlibəy Hüseynzadə və onlarla başqa ziyalılarımız haqqında sənəd toplayıb və arxivimizə təhvil verib. Ramiz müəllimin dünyanın müxtəlif şəhərlərində yaşamış soydaşlarımızın şəxsi sənəd materiallarından tutmuş topladığı tarix, ədəbiyyat, incəsənət, etnoqrafiya, elm, atalar sözləri, rəsm əsərləri, dövrü mətbuat nümunələri və s. mövzulara aid sənədləri şəxsi fondunda mühafizə olunur. Bu sənədlər arasında Fransada yaşamış və orada fəaliyyət göstərmiş, həmyerlimiz yazıçı Ümbül Banu Mirzə qızı Əsədullayevaya (1905-1922) aid materiallar daha maraqlıdır". R.Abutalıbov bizimlə söhbətində qarşıda görüləcək işlərdən danışdı: "Moskvada Məhəmməd Əmin Rəsulzadənin 125 illiyinə hazırlaşırıq. Gələn il yanvarın 31-də onun anadan olduğu gündür. Kitabda M.Ə.Rəsulzadənin bir tanınmış şəxsiyyət olaraq siyasi portreti oxuculara təqdim olunacaq. Azərbaycan ictimaiyyətinə məlum olmayan məqamlara gəlincə, Rusiya imperiyası dörvründə Rusiya müsəlmanlarının fəaliyyətini araşdıran rusiyalı alim S.İsxasov M.Ə.Rəsulzadənin fransızca çıxan məqalələrinin hamısını tapıb. Bu yazılar 1930-cu illərdə Parisdə çap olunub. 10-dan çox məqalənin gələcəkdə kitab halında çapı nəzərdə tutulur. İctimaiyyətə bunların əksəriyyəti məlum deyil. Hər halda bu yöndə araşdırmalar M.Ə.Rəsulzadənin hərtərəfli obrazının yaradılmasında mühüm rol oynayacaq". Kitab "Məqalələr, çıxışlar, məktublar" adlanacaq. Kitabın şübhəsiz, bundan sonra ana dilimizdə də tərcüməsi baş tutacaq. Ramiz Abutalıbov bildirir ki, onun "Azərbaycan Demokratik Respublikası" adlı kitabı Moskvada yaxşı qarşılanıb. Qeyd edək ki, sözügedən kitab 136 səhifə olmaqla Moskvada "Salam press" nəşriyyatında işıq üzü görüb. Ramiz Abutalıbov kitabın çapının çox mərhələlərdən keçdiyini bildirdi: "Son illərdə Rusiyada Azərbaycanla bağlı tədqiqat əsərləri, həmçinin Azərbaycan yazıçılarının kitabları az çap olunmayıb. Amma bu kitabın əlamətdar cəhəti onun məhz Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmasıdır. Ümumiyyətlə, son vaxtlar Moskvada nəşr etdirdiyimiz kitablar yaxşı qarşılanıb. Təqaüdə çıxmışam, çalışıram ki, yaradıcılıqdan qalmayım. Azərbaycan həqiqətlərinin daim dünyada yayılmasına çalışıram. Məsələn, Xarici İşlər Nazirliyinin iki diplomatı - Ziyad Məmmədov və Tofiq Musayev "Ermənistan-Azərbaycan münaqişəsi: tarix, hüquq və vasitəçilik" adlı monoqrafiya yazıblar. Kitab çox xoşuma gəldi. Aydın Balayevin "Fevral inqilabı və milli əyalətlər" kitabı rusca çap olundu. Ermənilərin reaksiyaları barədə bir şey deyə bilmərəm. Hər halda ermənilər istəməzlər ki, belə kitablar çıxsın. Çalışıram ki, həmyerlilərimizin bu yöndə kitabları çap olunsun. Azərbaycan obrazının yaradılması müxtəlif ölkələrdə yaşayan ziyalılarımızdan da asılıdır; bizlər Azərbaycan obrazını hansı ölkədə olsaq, yaratmalıyıq". Ötən yüzilin 90-cı illərinin əvvəllərində Azərbaycan Demokratik Cümhuriyyətinin tanınmış simaları, ümumiyyətlə, Milli Hökumətin süqutundan sonra mühacirət etmiş şəxslərlə bağlı sənədləri Azərbaycana gətirməsi ilə bağlı danışan R.Abutalıbov deyir: "Bunlar uzun müddət Fransada yaşamağıma görə oldu. Sovet dövründə vəziyyət başqa idi. Onlar bizdən, biz də onlardan ehtiyat edirdik. İmkan düşən kimi mühacirətdə olmuş soydaşlarımızın övladları ilə görüşürdüm. Sonradan münasibət yarandıqdan sonra onlar özləri xahiş etdilər ki, zəngin arxiv sənədlərini Bakıya aparım. Əlimərdan bəy Topçubaşovun oğlu Ələkbər Topçubaşovla, Ceyhun bəy Hacıbəylinin oğu Timurçinlə, Ümbülbanu xanımla, Əlibəy Hüseynzadənin oğlu Səlim Turanla və başqaları ilə görüşdüm. Zəngin arxiv sənədlərini Bakıdakı Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verdim. Arxivin direktoru Maarif Teymur bu sənədlərə böyük qayğı ilə yanaşdı, onların sənədləşdirilməsini təmin etdi. Xüsusən Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəylinin arxivi çox zəngindir. Azərbaycanla, mühacirət etmiş ziyalılarımızla bağlı şübhəsiz, hələ bundan sonra Vətənə xeyli soraqlar gələcək. Avropada, eləcə də İranda, Türkiyədə, Almaniyada araşdırılmalı arxivlər çoxdur. Arxiv elə bir sahədir ki, gərək daim araşdırasan. Görürsən ki, axtaranda nəsə tapırsan. Fransada Azərbaycanla bağlı çoxlu soraqlara rast gəldim, onların mikrofilmlərini gətirdim. Daim axtarışdayam. İnanıram ki, müxtəlif ölkələrdən Azərbaycana dair gətirdiyim soraqlar zaman-zaman əsaslı tədqiqata cəlb ediləcək. Qarşıdakı işlərə gəlincə, M.Ə.Rəsulzadənin irsinin hərtərəfli araşdırılmasına gərək var. Vaxtilə onun xeyli məqalələri çap olunub. Rəsulzadənin jurnalistlik fəaliyyəti də çox zəngindir". R.Abutalıbov Ceyhun Hacıbəylinin nəslinin hazırda Fransada yaşadığını bildirir. M.Teymur isə deyir: "Ramiz Abutalıbov Azərbaycan mətbuatında nəşr etdirdiyi "Parisdə keçən günlər" adlı əsərini kitab halında da nəşr etdirib. Çox oxunaqlı bir dildə yazılmış həmin əsərdə Ceyhun Hacəbəylinin şəxsiyyəti, yaradıcılığı, mübarizəsi ilə bağlı maraqlı məqamlar var".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar