SON XƏBƏRLƏR

Alqışlar… Dahi azərbaycanlı Tahir Salahov üçün!

2021.10.20, 07:36
Alqışlar… Dahi azərbaycanlı Tahir Salahov üçün!

Gunaz.tv
Alqışlar… Dahi azərbaycanlı Tahir Salahov üçün! "Əbədiyyət yolçuları" silsiləsindən qenire.jpg Millət vəkili Qənirə PAŞAYEVA Lent.az-a yazır “Rəssama alqışlar beş yüz il sonra qismət olur” . Tahir Salahov Bu günlərdə dünya şöhrətli rəssam, dahi azərbaycanlı Tahir Salahovun 80 illik yubileyini qeyd edirik. Vətəni Azərbaycanda qeyd olunan yubiley tədbirləri, bu tədbirlərdə müşahidə etdiklərim bir daha bu İnsanın şəxsiyyəti üzərində düşünub onunla daxili dialoqa girməyimə əsas verdi. Rəssam olmasam da, məni nə zamansa portretimi çəkəcəyi ilə “hədələmiş” Tahir müəllimin portretini bu dəfə mən özüm xəyalımda “çəkmək” qərarına gəldim. Buna hər şeydən əvvəl özümün ehtiyacım vardı. Amma o qədər də asan olmadı. Bu dahi portret ustasının öz portretini təsvir etməkçün palitranın rəngləri kifayət etmirmiş... İlk baxışda Tahir Salahova münasibətin aydın və bimənalı olması barədə təsəvvür yaranır. Onun rəssam kimi Dahiliyinə, Azərbaycanlı olaraq Etibarına, vətəndaş kimi Sədaqətinə, insan kimi Dərinliyinə və Miqyasına heç kimin şübhəsi yoxdu. Bu ifadələrin qazanılması və qısqanclıq-filan olmadan bir insan haqqında işlədilməsinin arxasında 80 illik acılı-şirinli həyat, alın təri, miqyassız zəhmət dayanıb. Amma və lakin. O zəhməti, bu uzun ömrün acısını-şirinini bilənlərimiz doğrudanmı çoxdur? Düşünmürəm... ...Televiziya kanallarından birində Tahir Salahovun ad günü ilə bağlı hazırlanmış reportajı çoxluğu ziyalılardan və gənclərdən ibarət olan bir məclisdə izləyirdi. Reportajda Tahir müəllimin yaxın dostu, məhşur Pyer Kardenin yubilyar haqda dediyi yüksək fikirlər yer aldı. Pyer Karden Tahir müəllimlə dostluğunu fəxrlə dilə gətirdi və onu tarixi şəxsiyyət adlandırırdı. Sonra Zurab Seretelinin də dahi rəssamı çox yüksək qiymətlndirdiyini dinlədik… Reportaj bitər-bitməz ilk reaksiya səsləndi: “Eşitdiniz, onun haqqında Pyer Karden nə dedi… Mən heç bilməzdim ki, o bu qədər böyük sənətkardır. Əgər Pyer Karden deyirsə, demək doğurdan da böyükdür”. Əksəriyyət başını razılıqla yellədi. Təəssüf! Budu bizim reallığımız. Biz nədənsə böyük sənətkarlarımıza qiymət verəndə özümüzün deyil, başqalarının fikirlərinə əsaslanmağı sevirik, öz dahilərimizə münasibətimizi başqalarının rəyləri əsasında formalaşdırırıq. Elə o məclisdə Tahir Salahov haqqında bir yazı yazmaq, təkcə burdakılara deyil, eyni düşüncədə olan digərlərinə də bir neçə kəlmə ünvanlamaq içimdən keçdi. Doğrudan da, bəlkə, başqa cür fikirləşək? Bəlkə “Pyer Karden Tahir Salahov kimi böyük sənətkarla dostluq etməkdən fəxr duyur, Tahir müəllimin onunla dost olması Pyer Kardenin dəyərli bir insan və sənətkar olmasından xəbər verir” şəklində düşünək. Çox vaxt böyük sənətkarlarımıza lazımi qiyməti, sevgini verməkdə xəsislik edirik. Yalnız xaricdən səslər gələndən sonra “doğurdan da bizim millətimizdən olan filakəns dahi insan imiş” deyə, əzizləməyə başlayırıq. Niyə? Nədi bunun səbəbi? Öz münasibətimizin, mövqeyimizin olmamasımı, yoxsa başqa, yad, kənar fikirlər qarşısında naqislik komrleksi yaşamağımız? Bu yanaşmanın nəticəsidir ki, neçə böyük sənətkarımız, Tahir müəllim demişkən, “500 ildən sonra alqışlanır”... Səttar Bəhlulzadə, Əşrəf Muradoğlu kimi nadir istedad sahiblərinin böyüklüyünün göstəricisi kimi mütləq Pyer Kardenmi danışmalıdır? Onlar barədə hansısa dünya şöhrətli birinin fikir söyləməməsi əsla bu dahi rəssamların mərtəbəsini azaltmır... Amma gənclərimiz nə qədər tanıyırlar onları? Onların xalqımıza necə qiymətli miras qoyduqlarının fərqindədirlərmi? Əfsus... ...Məclislərin birində Nikas Safronovla bağlı mübahisə düşdü. Safranovu göylərə qaldıran ziyalılarmıza üzümü tutub “Tahir Salahovla Nikas Safronov adını yanaşı çəkmək belə mümkünsüzdür, çünki Tahir müəllim elə bir zirvədədir ki, bəlkə də Safronov ora heç zaman çata bilməyəcək” dedim. O ziyalılar mənə kortəbii şovinist olmamağı məsləhət gördülər. Onların fikrincə, mən yalnız azərbaycanlı olduğu üçün Tahir müəllimi belə yüksək qiymətləndirmişdim. Əlbəttə, mən rəssamlıq sənətini dərindən bilmirəm, sənətşütas deyiləm, buna görə də Tahir Salahovun yaradıcılıq özəlliklərindən peşəkarcasına bəhs edə bilmərəm. Amma sənət əsərlərinin təkcə sənətşünaslar üçün yaradılmadığını da dəqiq bilirəm. Bir də onu dəqiq görüb hiss edirəm ki, Tahir Salahov öz əsərləri ilə adi insanı, neftçini, sadə azərbaycanlını bütün dünyaya sevdirməyi bacaran sənətkardır. Onun böyüklüyünü bilənlərin az olmadığına da əminəm. Amma hamıməz bilməliyik! Çünki Tahir Salahov kimi sənətkarlar hər ay, hər il doğulmurlar… Onlar Allahın millətə verdiyi hədiyyədirlər! Tahir Salahov sözün əsil mənasında Azərbaycan xalqının simalarından biridir! Onunla həmişə fəxr etmişəm. Dünyanın müxtəlif ölkələrinə səfərlərimiz zamanı Azərbaycanın böyük mədəniyyəti və incəsənəti barədə əcnəbi vətəndaşlarla söhbətlərimizdə adını fəxrlə vurğuladım insanlardan biridir Tahir müəllim! Bilirəm ki, onu tanıyırlar, onun böyük istedadına hörmətlə yanaşırlar və onun sayəsində Azərbaycan xalqı haqqında ancaq müsbət təssüratlar yaranır. ...Bir müddət əvvəl Türkiyədə səfərdəydik. Ankarada türk dünyasının böyük qəhrəmanı Müstafa Kamal Atatürkün qəbrini, Anıtqəbiri ziyarətə getmisdik. Böyük Atatürkün məqbərəsinin yenidən qurulması üçün Türkiyəyə dəvət olunmuş rəssamlar qrupuna başçılığı məhz Tahir Salahovun etdiyini eşidəndə necə fəxr etmişdik! Türkiyənin gələcəyini müəyən etmiş bir çox tarixi hadisələrin- Sakarya və Çanaqqala savaşlarının təsvir olunduğu uzunluğu 40 metr, eni 8 metr olan 3 diaroma, Atatürkün həyat və fəaliyyətini, onun Atatürk kimi formalaşmasını, zəfərlərini, Türkiyə Cümhuriyyətinin qurulmasını əks etdirən 30-a yaxın əsər yaratmışdı Tahir müəllimin rəhbərlik etdiyi bu qrup! Məqbərənin təntənəli acılış mərasimində Tahir Salahova Türkiyə Baş Qərargahının Ali nişanını şəxsən ölkə prezidenti təqdim etmişdi. İnsana qürur verir! Bir dəfə rastlaşdığımız məclisdə bunu özünə də dedim. Onda nə qədər sıxıldığını gördüm. Bu böyük istedad sahibinin bir şəxsiyyət kimi ən gözəl keyfiyyətlərindən biri də həddən artıq təvazökar olmasıdır. Mənsə onun haqqında başqa ölkələrdə danışanda, sözün yaxşı mənasında, təvazökarlıqdan çox uzaq oluram. Təxminən 5 il əvvəl, televiziyada işlədiyim vaxtda Strasburqda Rusiyanın bu gün də məhşur olan bir siyasətçisindən müsahibə alırdım. Təbii ki, Rusiyada yaşayan və işləyən azərbaycanlıların vəziyyətindən də söz düşdü. Azərbaycan və azərbaycanlılar haqqında mənfi fikirlərilə məşhur olan bu siyasətçi üzünə məsum bir ifadə verib “çox təssüflənirəm ki, Rusiyada azərbaycanlılar deyəndə ilk ağıla gələn bazar olur” dedi. Amma cavabını dərhal verdim: “Əslində, mən sizə təəssüflənirəm”- dedim- “Çünki bu cür fikirlərin formalaşmasında sizin kimi siyasətçilərin böyük rolu var. Mənim isə ilk ağlıma gələn Rusiyanın xalq rəssamı, Rusiya dövlət mükafatı laureatı, Rusiya Rəssamlıq Akademikasının vitse-prezidenti dünyaca məhşur azərbaycanlı Tahir Salahov, Rusiyanın təkcə orden-medallarını deyil, sevgisini də qazanmış böyük azərbaycanlı Müslüm Maqamayev və digər onlar kimi dəyərli insanımız gəlir” – deyərək, xeyli sayda Rusiyada yaşayıb fəaliyyət göstərən məhşur azərbaycanlıların adını çəkdim. Bu adları sadaladıqca “Nə yaxşı ki, varsınız! Sağ olun ki, varsınız! Sağ olun ki, millətimizin üzünü ağ edirsiniz!” deyə, düşünürdüm. Həmsöhbətim isə söhbətin altından “doğru deyirsiniz, onlar təkcə Azərbaycanın deyil, Rusiyanın da fəxridirlər” deməklə çıxdı. Bu etirafı mənə sözün əsil mənasında, böyük ləzzət verdi. 80 il bu qədər uğurlu, mənalı ömür yaşamağı bacarmaq böyük hünərdi. Tahir Salahov hələ SSRİ zamanında ən yüksək təltif və ordenlərə layiq görülmüş, Sosialist Əməyi qəhramanı adını alıb. Rusiyanın “Vətən” qarşısında xidmətlərinə görə ikinci və üçüncü dərəcəli ordenlərinə layiq görülüb. Amma təbii ki, onun üçün ən önəmlisi vətəni Azərbaycanın mükafatlarıdır. O, Azərbaycanın ali mükafatı olan “İstiqlal” ordeni ilə təltif olunub. Prezident İlham Əliyev Onu 80 illik yubileyi münasibətilə Heydər Əliyev ordeni ilə təltif edib. Bundan başqa, Tahir müəllim Bolqarıstan, Polşa, Monqolustan və bir çox başqa ölkələrin müxtəlif medallarına və mükafatlarına layiq görülüb. Bu gün də onun əsərləri ABŞ, Fransa, İtaliya, Rusiya və dünyanın bir çox ölkələrinin ən məhşur sərgilərində nümayiş olunur. Bu günə qədər Ölməzlər Akademiyası adlanan Fransa Zərif Sənətlər Akademiyasına MDB məkanından cəmi 3 nəfər üzv seçilib ki, onlardan biri böyük azərbaycanlı Tahir Salahovdur. Bunları ona görə sadaladım ki, gənc nəsil Azərbaycanın bu böyük sənətkarı və oğlu ilə fəxr etməyimizin səbəbini bilsin. Onu yaxından tanısın, 80 illik ömrü nə qədər mənalı yaşanmasından, Azərbaycan rəssamlıq məktəbini, xalqımızın mədəniyyətini bütün dünyada ləyaqətlə təmsil etməsindən ibrət götürsün! Onun ən çox sevdiyim əsərlərindən biri “Gecə növbəsindən qayıdanlar”dır. Bu əsərdə əməyin insanı necə ucaltdığını sadəcə görmək yox, hiss etmək də mümkündür. Sizi də əmək ucaldıb, Tahir müəllim! Bu bir rəssamın topluma, cəmiyyətə verdiyi çox böyük mesajdır. Onun bu tablosu təsviri sənətdə “Sərt üslub” deyilən yeni istiqamətin ilk nümunələrindən biridir. Tahir müəllimin Xəzər əməkçiləri haqqında silsilə əsərləri ölkənin təsviri sənətində hadisəyə çevrilməklə yanaşı dünyanın bir çox sərgilərini də bəzəyib. Çox təssüf edirəm ki, onun sənəti haqqında bir mütəxəssis kimi yaza bilmirəm. Məhşur rəssamların sərgilərinə baxmağı xoşlayıram. Tahir Salahovun özünəməxsus özəllikləri var. Onun çəkdiyi portretlər səviyyəsində əsərlərə çox nadir rast gəlmək mümkündür. Həyatda heç görmədiyiniz adamların Onun fırçasından çıxmış portretləri qarşısında sadəcə beş dəqiqəlik ayaq saxlayıb baxmaq kifayət edir. Sizə elə gəlir ki, bu insanı tanıyırsınız. Çünki Tahir Salahov yaratdığı portretlərdə qəhrəmanının daxili aləmini, düşüncə və duyğularını çox canlı təqdim edir. O, qəhrəmanının daxili aləmini oxumağı bacarır, əsərlərini ürəyi ilə çəkir! Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin portreti, böyük müsiqiçilərimiz Qara Qarayevin, Fikrət Əmirovun, Rastropoviçin portretləri, məhşur Şostakoviçin portreti, “Neftçi” portreti və daha neçə-neçə ölməz əsərləri Tahir müəllimə əslində əbədiyyəti qazandırıb. Onun yaradıcılığında ən çox sevdiyim əsərlərinin ciddiliyi, sadəliyi, səmimiliyi və bənzərsizliyidir. Özü kimi! Onun əsərlərində həyatın sərtliyi var. Amma bu sərtlik insanda həyata ümidi, sevgini azaltmır. Əksinə ona daha sıx bağlanmağa çağırır. Onun yaradıcılığında millilik xüsusi yer tutur. Əsərlərində xalqın mənəvi ruhu, tarixi, bu günü yaşayır, onlar Azərbaycan haqqında həqiqəti dünyanın hər yerinə yayırlar. “Abşeron qadınları”, “Köhnə Bakı”, “Səhər ovu”, “Nardaran qarpızları”, “Atəşgah”, “Xəzər bu gün”, “Qız qalası” əsərləri Tahir müəllimin millətinə və vətəninə sonsuz sevgisindən qaynaqlanıb. Onun ən dəyərli xüsusiyyəti isə öz böyük sənəti ilə bazarlıq etməməsidir. Hələ Qarabağ hadisələrindən çox-çox əvvəl böyük müsiqişünasımız Firudin Şuşinski milli müsiqi alətləri haqqında kitab yazmış və ermənilərin tarixi saxtalaşdıraraq milli musiqi alətlərimizə sahiblənmək cəhdlərinə layiqlı cavab vermişdi. Bundan sonra ona ermənilər və onların dəstəkçiləri tərəfindən müəyyən problemlər yaradılmışdı. O çətin günlərdə məhz Tahir Salahov onun portretini yaratmaqla yanında olduğunu nümayiş etdirməklə bir azərbaycanlı kimi öz vətəndaş mövqeyini açıq şəkildə ortaya qoymuşdu! O, sözün əsil mənasında Vətəndaşdır! O, zirvədə olsa da bu gün də işləyir, yaradır. Əsərləri bu gün də dünyanın bir çox muzeylərini bəzəyir, fərdi sərgiləri böyük maraqla qarşılanmaqla yanaşı sənət aləmində hadisəyə çevrilir. O, sağlığında adını dünyanın təsviri sənət tarixinin zirvəsinə yazmış çox az sənətkarlardan biridir. Tahir Salahov zirvəsi! Rastlaşdığımız məclislərin birində hamının yanında “vaxtınız olsa, sizin portretinizi çəkərdim” deyəndə çox sıxılmışdım. Bu gözlənilməz ifadə mənim üçün böyük şərəf idi! Əslində isə o məni bu şərəfə çoxdan nail etmişdi - Əsərlərində azərbaycanlı obrazını böyük sevgiylə yaratmaqla! Mənim də, sənin də - hər birimizin azərbaycanlı portretini ustalıqla yaradıb dünya mədəniyyətinə hədiyyə etməklə! Azərbaycan mədəniyyətini yüksək səviyyədə dünyada təmsil edən Azərbaycanın xalq rəssamı, dövlət mükafatı laureatı, istiqlal və Heydər Əliyev ordenli Tahir Salahovun 80 yaşı tamam olur. Ad gününüz mübarək, böyük sənətkar və dahi azərbaycanlı! Sizinlə fəxr edirik və alqışlayırıq! Bu gün də, 500 il sonra da, Azərbaycan və azərbaycanlılar var olduqca… LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar