SON XƏBƏRLƏR

OPEC ucuzlaşma ilə bacarmır

2021.10.20, 07:36
OPEC ucuzlaşma ilə bacarmır

Gunaz.tv
OPEC ucuzlaşma ilə bacarmır Neftin qiymətinin kəskin düşməsi Azərbaycanda yeni investisiya layihələrinin icrası yubana bilər Dünya birjalarında neft yenə ucuzlaşıb. Noyabrın 3-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTİ neftinin füçersləri bir barel üçün $63,91-ə ($-3,9) düşüb. London qitələrarası birjasında isə Brent markalı neftin bir barelinin qiyməti $5,18 düşərək $60,14 təşkil edib. Beləliklə, OPEC-in noyabrın 1-dən gündəlik neft hasilatı kvotasını 1,5 milyon barel azaltması "qara qızıl"ın ucuzlaşmasının qarşısını hələlik ala bilməyib. Belə bir şəraitdə Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvləri 2009-cu ilin dövlət büdcəsində neftin qiymətinin 60-70 dollar civarında götürülməsi təklifi ilə çıxış etməyə hazırlaşırlar. Milli Məclisin İqtisadi siyasət məsələləri daimi komissiyasının üzvü Vahid Əhmədov APA-ya bildirib ki, gələn ilin büdcə layihəsində neftin qiyməti 1 barel üçün 80 dollardan hesablanıb, lakin hazırda dünyada "qara qızıl"ın qiymətində ucuzlaşma baş verdiyindən bu amilin nəzərə alınmasını vacibdir: "Hər şey noyabrın 6-da keçirilən müzakirələr zamanı bəlli olacaq" V. Əhmədov həmçinin bildirib ki, neftin qiymətinin düşməsi büdcə xərclərinə o qədər də təsir etməyəcək: "Çünki neftdən gələn gəlirlər əsasən Neft Fondunda toplanır". Deputat 2009-cu ilin dövlət büdcəsində əhalinin sovet dövründə banklarda qalan əmanətlərinin qaytarılması ilə bağlı layihənin də nəzərə alınmasını təklif edəcəklərini deyib. Neftin qiymətinin kəskin düşməsi büdcə xərclərinə hələlik təsir etməsə də, Azərbaycanda reallaşan investisiya layihələrinin, o cümlədən Dövlət Neftin Şirkətinin yeni investisiya proqramlarının icrasını ləngidə bilər. "Neftin qiymətinin ucuzlaşması yeni başlayacaq layihələri bir qədər gecikdirə bilər. İndiyə qədər həyata keçirilən layihələrə isə bunun heç bir təsiri olmayacaq",- Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Xoşbəxt Yusifzadə "APA-Economics"ə açıqlamasında bildirib. Yeri gəlmişkən, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda sentyabr ayının ortalarında qaz sızması ilə bağlı istismarı dayandırılan "Mərkəzi Azəri" və "Qərbi Azəri" platformalarında işlər artıq normallaşıb. X.Yusifzadənin sözlərinə görə, hazırda "Mərkəzi Azəri"də ARDNŞ-nin 100-dək işçisi çalışır: "Qərbi-Azəri" və "Şərqi-Azəri" ilə əlaqə də düzəlib. Bu platformalar normal işləyir". Hər iki platformada neftin gündəlik hasilatı 80 min tona çatıb, "Mərkəzi Azəri" platformasında isə suvurma quyuları işə düşüb. "Tədqiqat davam etdikcə suvurma quyularının ardınca neft quyuları da istifadəyə buraxılacaq. Bütün məsələləri təhlükəsiz həll etmək istəyirik". "Mərkəzi Azəri" platformasında işlərin nə zaman bərpa olunacağı ilə bağlı konkret vaxt söyləməyən ARDNŞ-nin vitse-prezidenti bildirib ki, burada işlər mərhələli aparılır: "İlk öncə platformadan çıxan qazın analizi aparılır. Hazırda platformada geofiziki işlər də görülür. Bilmək lazımdır ki, bu qaz quyudan, yoxsa çatlamalardan gəlir". X.Yusifzadənin sözlərinə görə, platforma çox böyük olduğu üçün işlərin dəqiq aparılması tələb olunur. Bu səbəbdən tələsməyə heç bir lüzum görməyən ARDNŞ rəsmisi "Mərkəzi Azəri" platformasındakı quyuların fontan quyular olduğunu da xatırladıb. Şirkət nümayəndəsi vurğulayıb ki, məhz bu səbəbdən burada neft itkisindən söhbət getmir, çünki neft ehtiyatları aşağı layda qalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar