SON XƏBƏRLƏR

ERMƏNİLƏR MOSKVA BƏYANNAMƏSİNİ NECƏ QİYMƏTLƏNDİRİR?

2021.10.20, 07:36
ERMƏNİLƏR MOSKVA BƏYANNAMƏSİNİ NECƏ QİYMƏTLƏNDİRİR?

Gunaz.tv
ERMƏNİLƏR MOSKVA BƏYANNAMƏSİNİ NECƏ QİYMƏTLƏNDİRİR? prezidentler.jpg ABŞ-dakı ən böyük diaspor təşkilatlarından olan Amerika Erməni Assambleyası Azərbaycan, Rusiya, Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinə dair noyabrın 2-də Moskvada imzaladığı bəyənnaməni müsbət qiymətləndirib. «Media forum»un məlumatına görə, assambleyanın təmsilçisi Qrayr Ovnanyan belə bəyanat verib. O əlavə edib ki, münaqişənin necə tənzimlənməsindən asılı olmayaraq nəticə Ermənistan və Dağlıq Qarabağ xalqı üçün məqbul olmalıdır. Strateji Mədəniyyət Fondunun əməkdaşı Andrey Areşev Moskva bəyannaməsində yer alan fikirlərin ümumi xarakter daşıdığını, hər hansı münaqişəni, o cümlədən Dağlıq Qarabağ kimi həlli çətin münaqişəni tənzimləmək üçün yetərli olmadığını deyib. Onun fikrincə, bu bəyannamənin məhz Amerikadakı prezident seçkisi ərəfəsində imzalanması təsadüfi deyil: «ABŞ-ın başı daxili proseslərə qarışıb və Qafqaz regionundakı maraqları müvəqqəti olaraq arxa plana keçib». A.Areşev hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli görünmür: «Bəyannamənin imzalanması bu ağır yolda atılmış növbəti addımdır. Amma «arabanı atdan qabağa keçirmək», Dağlıq Qarabağın gələcək statusunu və təhlükəsizliynə dair təminata dair fikirləri uzaqlaşdırmaq uğursuzluğa düçar olacaq». Politoloq David Babayan Moskva bəyannaməsini şərh edərkən bildirib ki, sənədin imzalanması Dağlıq Qarabağ münaqişəsinin həllində yeni bir şey vəd etmir. Onun fikrincə, sənədin maddələri uzun illər haqqında danışılan müddəalardır: «Amma əslində bu sənəd kifayət qədər diqqət çəkir. Sənəd bir daha Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin uzun sürəcəyini göstərir. Sənədin imzalanması münaqişənin tənzimlənməsinin qarşılıqlı etimada əsaslanan mərhələyə keçdiyinə işarədir. Bu kontekstdə münaqişə tərəflərinin ictimaiyyətləri də prosesdə əsas rollardan birini oynayacaq».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar