SON XƏBƏRLƏR

ƏRDOĞAN ÖCALANA İŞGƏNCƏ VERİLMƏDİYİNİ DEYİR

2021.10.20, 07:36
ƏRDOĞAN ÖCALANA İŞGƏNCƏ VERİLMƏDİYİNİ DEYİR

Gunaz.tv
ƏRDOĞAN ÖCALANA İŞGƏNCƏ VERİLMƏDİYİNİ DEYİR Türkiyə baş nazirinin ölkənin cənub-şərqinə səfəri kürd iğtişaşları ilə müşayiət olunur 397.jpg Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ölkənin cənub-şərq vilayətlərinə səfəri güclü iğtişaşlarla müşayiət olunur. Onun səfərinə etiraz edən PKK dəstəkçisi kürdlər Van, Hakkari və Diyarbəkir şəhərlərində küçələrə çıxaraq polislə toqquşub. Ərdoğanın şənbə günü Vana gəlişi zamanı PKK tərəfdarları onu “Qatil Ərdoğan”, “Qəhrəman Öcalan” şüarları ilə qarşılamışdı. Polis şəhərdə Ərdoğanın çıxış etdiyi yerdən cəmi 200 metrlik məsafədə kürd etirazçılarını dayandıra bilmək üçün onlara qarşı xüsusi vasitələr tətbiq edib. Lakin PKK tərəfdarları polis maşınlarını yandırıb və bu zaman Van polisinin rəisi qaçıb iş yerinə sığınmalı olub. İğtişaşlar dünən də davam edib. Hakkaridə kürdlərin Demokratik Toplum Partiyası (DTP) tərəfindən təşkil olunan nümayişi iğtişaşlara səbəb olub və polislə güclü toqquşmalar baş verib. Dünən Ərdoğanın gəlişi ilə başlayan iğtişaşlar zamanı PKK tərəfdarları içində AKP nümayəndələri olan 17 maşını daşa basıb. Polis onlara müdaxilə edib, şəhərin ara küçələrinə dağılışan PKK tərəfdarları tonqallar qalayıb və barrikadalar qurub. Ərdoğan isə Hakkaridəki çıxışında deyib ki, bu ölkədə yaşayan hər kəs Türkiyə vətəndaşıdır: “Buna qarşı çıxanın Türkiyədə yeri yoxdur, buyursun, istədiyi yerə getsin”. Hakkaridə toqquşmaların bütün gün davam etdiyi bildirilir. Diyarbəkirdə isə PKK tərəfdarları iki gündür oturaq aksiya keçirir. Dünən PKK tərəfdarlarının İstanbulun Taksim meydanında icazəsiz aksiya keçirəcəyi gözlənilirdi. Polis aksiyanın qarşısını almaq üçün güclü təhlükəsizlik tədbirləri görüb. Xəbər verildiyi kimi, kürd etirazları PKK lideri Abdullah Öcalana həbsxanada işgəncə verilməsi haqda iddialardan sonra Türkiyənin cənub-şərqində və digər bölgələrində başlayıb. Ərdoğan isə Vanda yerli kürd insan haqları təşkilatlarının rəhbərlərini qəbul edərək onlara Öcalana işgəncə verildiyi haqda xəbərlərin uydurma olduğunu deyib. Baş nazir hesab edir ki, DTP bu iddiadan yaxınlaşan bələdiyyə seçkilərində istifadə etmək istəyir. Ərdoğan deyib ki, terror təşkilatına sığınıb onun adından Türkiyəni təhdid edənlər öz məqsədlərinə çata bilməz. Baş nazir hesab edir ki, problemin demokratik yolla həlli qarşıdurmadan və terrordan keçmir, əsl demokratiya qarşılıqlı anlaşmadan və qardaşlıqdan ibarət olmalıdır. DTP isə bəyanat yayaraq Ərdoğandan ölkənin cənub-şərq bölgələrinə bir daha gəlməməyi tələb edib. PKK-ya açıq dəstək verən kürd partiyası hökumətdən və silahlı qüvvələrdən terrorçulara qarşı aparılan hərbi əməliyyatların dayandırılmasını tələb edir. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar