SON XƏBƏRLƏR

Amerikanların "ağ"-"qara" seçimi

2021.10.20, 07:36
Amerikanların "ağ"-"qara" seçimi

Gunaz.tv
Amerikanların "ağ"-"qara" seçimi Sorğularda Obama öndə olsa da, Azərbaycan siyasətçiləri Makkeyni şanslı sayır Dünyanın fövqəl dövləti hesab olunan Amerika Birləşmiş Ştatlarında bu gün prezident seçkisi keçiriləcək. Aylardan bəri bütün dünyanın diqqətlə izlədiyi seçki kampaniyasında tər tökən Respublikaçılar Partiyasının namizədi Con Makkeynlə, Demokratlar Partiyasının namizədi Barak Obama bu gün amerikanların səsinə ümid bəsləyirlər. Seçki kampaniyası dövründə və elə son günlərədək keçirilən rəy sorğularında B.Obama Makkeyndən öndə olub. Sorğuların nəticələri seçkidə özünü əks etdirəcəkmi? Bu seçkidə amerikanlar kimi ABŞ-a növbəti prezident seçəcəklər? ABŞ-da seçkiyə bir gün qalmış namizədlərin şansları ilə bağlı Azərbaycanın bir sıra politoloq və siyasətçilərinin proqnozlarını öyrənməyə çalışdıq. Beləliklə... Keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə: - Seçki kampaniyası olduqca gərgin, həqiqi mübarizə şəraitində keçdi. Amerikada hazırda aparılan seçki kampaniyası bütün dünya üçün parlaq misaldır ki, seçki əslində necə keçirilməlidir. Hər iki namizəd ölkənin daxili problemləriylə yanaşı, dünyada baş verən hadisələrə münasibətlərini də Amerika xalqına çatdırdılar. Eyni zamanda Amerikanı necə idarə edəcəklərini, hansı yollarla hazırda dünyanı ağuşuna almış maliyyə böhranı ilə mübarizə aparacaqlarını, sosial proqramlarını açıqladılar. Eyni zamanda seçki kampaniyasında maraqlı ittihamlar da səsləndi. Barak Obama Makkeyni ittiham edir ki, o, Amerika milyarderlərinin mövqeyini müdafiə edir. Makkeyn isə cavabında bildirdi ki, əslində bütün cəmiyyətə işi elə həmin milyarderlər verir. Obama Makkeyndən fərqli olaraq orta sinfi dəstəkləməklə bağlı müxtəlif proqramlar təklif edir. Hazırda Amerikada cərəyan edən proseslər bütün dünyada maraq oyadıb. Çünki Amerikadakı seçkinin nəticəsi və sonrakı vəziyyətin necə olması bütün dünyaya təsir edəcək. Çünki Amerika dünyanın bir nömrəli dövlətidir. Amerika ən güclü iqtisadiyyata, ideologiyaya, orduya və demokratiyaya sahibdir. Heç bir namizədə münasibətdə simpatiya ifadə etmək istəmirəm. Hərəsinin güclü və zəif tərəfləri var. Amma sorğulara görə, Obama öndədir. O, altı bənd Makkeyndən irəlidədir. Lakin Amerika elə ölkədir ki, seçici ən son anda fikrini dəyişdirə və ya məhz o, an kimə səs verəcəyini müəyyənləşdirə bilər. Ona görə hələlik heç nə yüz faiz Obamanın, nə də Makkeynin qalib gələcəyini deyə bilməz. Biz sadəcə gözləməliyik ki, görək amerikalılar öz seçimini kimin xeyrinə edəcəkdir. Kimin qalib gəlməsindən asılı olmayaraq, Amerikanın həm daxili, həm də xarici siyasəti dəyişəcək. Çünki bundan əvvəlki prezident Corc Buşun dövrü olduqca uğursuz olub, Amerikanın dünyadakı lider rolu laxlayıb. Ona görə hər iki namizəd Corc Buşun səhvlərini düzəltməli və Amerikanı dünyada yenidən əvvəlki mövqeyinə qaytarmalıdır. Politoloq Zərdüşt Əlizadə: - Sorğulara görə Obama öndədir. Amma Amerikada da bizdəki kimi ənənəvi bir riyakarlıq var. ABŞ-da dəfələrlə belə olub ki, sorğuda biri öndə olub, amma digəri səs qazanıb. Buna ABŞ-da "Bredli sindromu" deyirlər. Ötən əsrin 70-ci illərində Bredli soyadlı bir qaradərili 3 dəfə dalbadal Los-Anceles şəhərinin meri seçilib və çox gözəl işləyib. Amma Kaliforniya ştatının qubernatoru vəzifəsinə namizədliyini verərkən seçkidə uduzub. Əslində bütün seçkilər onun udacağını göstərirdi. Ola bilsin, bir çox ağdərili amerikalılar Obamanı dəstəkləyəcəklərini bildiriblər. Lakin onlar seçki qutusu qarşısında təkbaşına duranda, ağdəriliyə, yoxsa qaradəriliyə səs vermək dilemması qarşısında qalanda irqi meyllər üstünlük təşkil edəcək. Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə: - Proqnoz vermək mənim üçün çətindir. Amma nəticə Azərbaycanın xeyrinə olacaq. Çünki Azərbaycanla ABŞ-ın ortaq maraqları var. Ona görə də, hansı namizəd seçilsə Azərbaycanla strateji müttəfiqlik kursuna sadiq qalacaq və bu kursu daha da inkişaf etdirəcək. Keçmiş səfir, politoloq Hikmət Hacızadə: - Proqnoz vermək belədir ki, gərək keçirilmiş rəy sorğularına əsaslanasan. Rəy sorğularının hamısı Barak Obamanın xeyrinədir. Amma yenə də kiçik bir şans var ki, seçki günü ABŞ-ın ağdərili seçiciləri Obamaya qarşı çıxsınlar. Desinlər ki, zəngini istəmirik və s. Bizim üçün Makkeyn daha məqbuldur. Amma ümumi götürdükdə, Obama daha şanslıdır. KXCP Ali Məclisinin sədri Zəlimxan Məmmədli: - Gəldiyim son qənaət budur ki, Con Makkeyn qalib gələcək. Obama isə az səs fərqi ilə uduzacaq. Müsavat başqanının müavini, politoloq Qabil Hüseynli: - Məncə, əhali yenidən respublikaçıların namizədinə səs verəcək. Hazırda ABŞ-ın dünyada həyata keçirməli olduğu bir sıra missiyaları var. Bu varisliyi isə Con Makkeyn daşıya bilər. Rəy sorğularında Obama irəlidə gedirdi. O da cəlbedicidir və çox səmərəli bir seçki kampaniyası apardı. Lakin, ağdərililərin ona səs verməsi bir qədər qaranlıqdır. Bir də ABŞ-da əvvəldən öz rəyini gizlədən, tərəddüd edən 10-15 faiz təbəqə var. Onlar öz mövqelərini sorğularda deyil, seçki günü ortaya qoyurlar. Və seçkinin taleyini həll edirlər. AXCP sədrinin müavini Nurəddin Məmmədli: - ABŞ-ın seçki sistemi elədir ki, birmənalı fikir söyləmək çətindir. Bununla belə güman edirəm ki, Obamanın seçilmək şansı daha çoxdur. Aqil CAMAL express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar