SON XƏBƏRLƏR

AMERİKA SEÇKİLƏRİNDƏ RƏQABƏT QIZIŞIR

2021.10.20, 07:36
AMERİKA SEÇKİLƏRİNDƏ RƏQABƏT QIZIŞIR

Gunaz.tv
AMERİKA SEÇKİLƏRİNDƏ RƏQABƏT QIZIŞIR Makkeyn Obama ilə aralarındakı fərqi 3 faizə endirdi Amerikada prezident seçkilərinə cəmi 6 gün qalmış namizədlər arasında rəqabət getdikcə qızışır. Son məlumatlara görə, respublikaçı namizəd Con Makkeyn rəqibi, demokrat Barak Obama ilə aralarındakı fərqi azalda bilib. O, 21 ştatda liderlik edir, Obama isə 26 ştatda və Kolumbiya dairəsində liderdir. Rəy sorğularına görə, Makkeynlə Obama arasındakı bu günlərdə 10 faizi keçən fərq hazırda azalıb. Belə ki, “Gallup Media” şirkətinin apardığı rəy sorğularında Makkeyn Obamadan cəmi 3 faiz geri qalır. Bununla belə, Obama seçkilərin favoriti hesab olunur, ancaq bəzi ehtimallara görə, irq amili səsvermə günü onun üçün xoşagəlməz sürpriz ortaya çıxara bilər. Belə ki, ağdərili amerikalılar üzdə qaradərili namizədə səs verməyə hazır olduqlarını desələr də onların bir çoxu seçki günü Makkeynə səs verə bilərlər. Con Makkeyn CNN telekanalına bu məqamla bağlı deyib ki, Amerikada rasizm mövcuddur və bunu hamı bilir. Lakin səsvermə zamanı irqi ayrı-seçkilik amili olduqca az adamın mövqeyinə təsir edə bilər. Bunun isə seçkilərin nəticəsinə təsiri olmayacaq. Onun sözlərinə görə, seçicilər iqtisadi problemlərin həllinə münasibətə üstünlük verəcəklər: “İndi insanları evlərini, iş yerlərini saxlamaq narahat edir”. Makeynin fikrincə, əgər demokratlar Konqreslə yanaşı Ağ Evə də nəzarəti ələ alsalar, o zaman ABŞ-ın milli təhlükəsizliyi üçün narahatlıq yaranacaq. Çünki Obama hərbi xərcləri azaltmağa, Amerikanın dünyadakı rolunu zəiflətməyə hazırlaşır. Arizona ştatında tərəfdarları qarşısında çıxış edən Makkeyn deyib ki, onun rəqibi hakimiyyətə gələcəyi təqdirdə sosializm prinsipləri əsasında sərvətlərin yenidən bölüşdürülməsini həyata keçirəcək. Qeyd edək ki, Obama vergiləri az qala iki dəfə azaldacağını bəyan edir. Onun iqtisadi siyasətinin əsas prinsipinə görə, varlılar daha çox vergi ödəyəcək, kasıbların vergi yükü isə azaldılacaq. Obama Makkeynin bu tənqidinə cavab olaraq deyib ki, rəqibinin onu gizli kommunist adlandırmasından da ehtiyat etmir. “Mən bilmirəm o sabah nə deyəcək? Ola bilsin o məni gizli kommunist adlandırdı, çünki mən uşaq bağçasında oyuncaqlarımı və buterbrodumu digər uşaqlarla bölürdüm”, deyə Obama istehza ilə bildirib. Bu arada respublikaçıları dəstəkləyən FOX televiziyası Obamanın tərcümeyi halından sitatlar gətirərək onun gəncliyində marksist professorlarla görüşdüyünü xəbər verib. Demokratların seçki qərargahı isə bu ittihamı rədd edir. Seçkilərə bir neçə gün qalmış Barak Obama və sabiq prezident Bill Klinton ilk dəfə olaraq birlikdə kampaniyada iştirak ediblər. Bill Klinton deyib ki, Amerikanın növbəti prezidenti Barak Obama olmalıdır. Obama televiziya müsahibələrindən birində deyib ki, prezident seçiləcəyi təqdirdə respublikaçıların nümayəndələrinə administrasiyasında yüksək postlar verəcək. Onun fikrincə, bəzi məsələlərdə respublikaçıların yaxşı ideyaları var: “Mən istənilən mənbədən yaxşı ideyanı məmnunluqla götürməyə hazıram”. Bundan əvvəl Con Makkeyn də demokratların tanınmış nümayəndələrinə gələcək administrasiyasında mühüm postlar verə biləcəyini demişdi. F.MƏMMƏDOV 112 dəfə baxılıb

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar