SON XƏBƏRLƏR

Güney Azərbaycanda ana dilimizdə yazan gənc qələmlərin sayı artıb

2021.10.20, 07:36
Güney Azərbaycanda ana dilimizdə yazan gənc qələmlərin sayı artıb

Gunaz.tv
Güney Azərbaycanda ana dilimizdə yazan gənc qələmlərin sayı artıb Güntay Gəncalp: “Fars şovinist rejimi oyanan türk gəncliyinin mənəvi və yaradıcılıq enerjisini söndürmək üçün çoxlu əngəllər yaratmaqdadır” Güney Azərbaycanda son illər ədəbiyyat sahəsində bir canlanma hiss olunur. Belə ki, ana dilimizdə yazan gənc qələmlərin sayı artıb. Hazırda Finlandiyada mühacirətdə yaşayan güneyli yazar Güntay Gəncalp (Cavanşir) bildirib ki, artıq toplumun sosial psixologiyası bir çox səbəblərdən asılı olaraq dəyişib: “Bildiyiniz kimi, oyanış və aydınlanma hər şeydən öncə sənət əsərində öz keyfiyətini və ehtiyaclarını göstərər. Məsələn, Təbriz heykəltaraşlıq sənəti son on ildə Ruhi Tuna timsalında Türkiyəni fəth etdi. Ancaq konkret olaraq ədəbiyata gəldiyimizdə bunun da səbəbləri var. Bütün cəmiyətlərdə sözlü yaradıcılığa daha çox əhəmiyət verilir. Çünkü sözlü yaradıcılıqda dil öz imkanlarını sınamış və inkişaf etdirmiş olur. Türk kimliyinin yüksəlişi ən çox ədəbi yaradıcılıqda təzahür edir. İran mühiti tarix boyu yeniliyə qapalı olmuş, yeniliyin düşməni olmuşdur. Son yüz ildə minlərlə, bəlkə də on minlərlə beyin qaçışına şahid olmuşuq. Yenilik sözünü ədəbiyatda istifadə edən insan zindana atılmış, ya ictimai hüquqdan məhrum edilərək maddi ehtiyacın qoynunda can vermişlər, ya da ölkə xaricinə qaçmışlar. Bu gün xaricə qaçan və azad dünyada yaşama şansını əldə edən Güney Azərbaycanın gənc aydınları və yaradıcı insanlar milli dilin, milli kimliyin, modern yazının inkişafında çox yaxşı işlər görürlər”. Güntay Gəncalp qeyd edib ki, Güney Azərbaycanda yaradıcılıq məhsulunun inkişafına əngəl olacaq bir çox faktorlar var: “Bizim ulusumuzda ana dilində yazıb-oxuma alışqanlığı yoxdur. Çünki min ildir öz dilimizdə yazıb-oxumaqdan qaçmışıq. Bizim ana dilimizə sayqısız yanaşmağımızdan fars şovinizmi də son 100 ildə istifadə etmiş və dilimizə, kimliyimizə lazımi zərbələr vurmuşdur. Bundan başqa, tənqid olmayan yerdə yaradıcılıqda ciddi axsaqlıq ortaya çıxar. Bu da dərgi, qəzet, kitab yolu ilə ən çox gerçəkləşər. Bunların da heç birisi yoxdur. Olmamasının da iki səbəbi var ki, birincisi biz tarix boyu öz dilimizə lazımi sayqını göstərmədik, ana dilimizdə kitab, dərgi çıxarmaq kimi niyyətimiz ya olmadı, ya da çox az oldu. Oxucu kütləsinin olmaması da bu çox az olanları ümidsizliyə uğratdı. İkincisi fars şovinist rejimi oyanan Güney Azərbaycan türk gəncliyinin mənəvi və yaradıcılıq enerjisini söndürmək üçün çoxlu əngəllər yaratmaqdadır. Bu səbəbdən Güney Azərbaycan ədəbiyyatında inqilabi əhval-ruhiyyə var. Bu da sənət üçün lazım olan hadisədir. Sənət müxalifət deməkdir. Güney Azərbaycanda, hətta Quzeydə də devrilməsi gərəkən çox şeylər var. Qurtuluşumuzun kitabları və romanları hələ nə Bakıda, nə Təbrizdə yazılmamışdır”. Xatırladaq ki, Güntay Gəncalpın quzeyli aydın Rasim Qaraca ilə müsahibəsini ixtisarla təqdim etmişik.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar