SON XƏBƏRLƏR

Tiflisdən Bakıya xəbərdarlıq . Tanrı sizi Rusiyanın sülhməramlı missiyasından qorusun

2021.10.20, 07:36
Tiflisdən Bakıya xəbərdarlıq . Tanrı sizi Rusiyanın sülhməramlı missiyasından qorusun

Gunaz.tv
Tiflisdən Bakıya xəbərdarlıq "Tanrı sizi Rusiyanın sülhməramlı missiyasından qorusun" "Rusiya prezidenti Dmitri Medvedyevin Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə nizamlanması prosesində Ermənistan və Azərbaycanın dövlət başçıları arasında vasitəçilik missiyasını yerinə yetirmək cəhdi yalnız istehzalı gülüş doğura bilər. Medvedyev artıq yola çıxan qatara atılıb minmək istəyir". Gürcüstan XİN başçısının müavini Qriqol Vaşadzenin dediyinə görə, D.Medvedyev belə təşəbbüslə artıq gecikib - Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqlar Türkiyənin vasitəçiliyi ilə artıq gedir. "Azərbaycanlı və erməni dostlarımıza deyirik ki, Tanrı onları Rusiyanın sülhməramlı rolundan qorusun. Bakıdakı dostlarımıza Moskvanın belə diplomatik gedişlərinə aldanmamağı məsləhət görürük, çünki Gürcüstan Rusiyanın "sülhməramlı" missiyasının əsl mahiyyətini Abxaziya və Cənubi Osetiyada ən bariz şəkildə gördü", - Q.Vaşadze söyləyib. İrəvandakı Vətəndaş Cəmiyyəti və Regional İnkişaf İnstitutunun direktoru Aqavni Karaxanyan da D.Medvedyevin təşəbbüsünə inanmır. Onun dediyinə görə, Cənubi Osetiya və Abxaziyanın dövlət müstəqilliklərini tanıyandan sonra Qərbin olduqca sərt reaksiyası ilə qarşılaşan Moskva indi Dağlıq Qarabağın ətrafındakı 7 rayonu Azərbaycana qaytarılmasına nail olmaqla ABŞ və Avropa ilə münasibətləri normallaşdırmağa çalışır. Eyni zamanda, Kreml Türkiyə prezidenti Abdulla Gülün "Cənubi Qafqazda sülh və stabillik platforması" təşəbbüsünü dəstəklədiyini də bildirərək Ankaranı öz tərəfinə çəkməyə çalışır. "Rusiyanın Dağlıq Qarabağ məsələsində ABŞ ilə sövdələşməsi Moskvanın regionda siyasi və geosiyasi intiharı deməkdir. Abdulla Gülün platformasına gəldikdə isə, bu sadəcə, siyasi addımdır. Hər halda həmin platformanı kimsə indiyədək görməyib və oxumayıb. Mənə blə gəlir ki, həmin ideyanın özü belə konkret məzmundan məhrumdur. Türkiyə bölgədə dəyişən qüvvələr balansından yararlanaraq bu platforma təşəbbüsünü ortaya atmaqla özünü çox ciddi regional oyunçu kimi göstərməyə çalışır, həm də regiondakı digər oyunçuların mövqelərini müəyyənləşdirməyə çalışır. D.Medvedyev və A.Gülün təşəbbüslərinin reallaşacağına inanmıram", - A.Karaxanyan deyib. Onun sözlərinə görə, Cənubi Qafqazda Rusiya və ABŞ-ın maraqlarının toqquşması heç zaman səngiməyib. Lakin bu günədək Rusiya yalnız onun "sevimli döyənəyi"ni basanda səsini çıxarırdısa, indi isə həmin döyənəyi basmağa yönəlmiş bütün cəhdlərin qarşısını rüşeymindəcə almaq niyyətini göstərir. Politoloq Rasim Musabəyov isə hesab edir ki, Rusiya Ermənistana yeni reallıqları başa salmaq niyyətindədir. "Dmitri Medvedyevin səfəri göstərdi ki, Moskva İrəvana quyruğun iti yox, itin quyruğu yellədiyini anlatmaq fikrindədir. Yəni Ermənistan Cənubi Qafqazda Rusiyanın forpostu olduğunu unutmamalı, Qərbə doğru ağılsız hərəkətlər etməməlidir. İndi Ermənistan Rusiyaya artıq heç nə verə bilməz, çünki heç nəyi qalmayıb. Azərbaycana isə təzyiq etmək üçün Moskvanın rıçaq və vasitələri qalmayıb. Avropanın Rusiyadan təbii qaz təminatı sahəsində asılılığını azaldacaq NABUCCO layihəsində maraqlı olduğunu nəzərə alan Rusiya Azərabycanın təbii qazını ən baha qiymətlə almağı təklif edərək Bakını bu layihədən kənarlaşdırmaq və Azərbaycanın "mavi yanacaq"ını öz ərazisi ilə Avropaya çıxarmaq istəyir", - R.Musabəyov dedi.. Avropaya qaz nəqlinin Moskva üçün hansı əhəmiyyət kəsb etdiyi məlumdur. Bu səbəbdən də Qarabağ məsələsində Rusiyanın Ermənistana sərt təzyiqlər etməsi anlaşılandır: münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli olmadan Bakı Rusiyanın regiondakı enerji layihələrinə qoşulası deyil. Rusiyanın Azərbaycanın artan hərbi bazarı da cəlb edir. Azərbaycan hərbi xərclərini artırır, amma Rusiyadan silah almağa tələsmir. Məhz bu amillər də Rusiyanın indiki fəallığını şərtləndirən səbəblər arasındadır. Rusiya İrəvana təzyiq göstərərək Azərbaycanın işğal edilmiş ərazilərindən erməni birləşmələrini çıxarmaq istəyir, çünki bu, Bakının prinsipial tələbidir. Sonra azərbaycanlı məcburi köçkünlər evlərinə qayıdacaq, regiona beynəlxalq sülhməramlı kontingent yeridiləcək və Dağlıq Qarabağa aralıq status veriləcək. Bakıya Rusiya və Türkiyənin təzyiq imkanları az olduğundan, pressinq altına düşən Ermənistandır. Lakin istənilən halda Rusiyanın sülhməramlı missiyası Azərbaycan üçün risqli təşəbbüs sayıla bilər. Hüseyn BAKUVİ express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar