SON XƏBƏRLƏR

Rusiyanın zədələnmiş imici

2021.10.20, 07:36
Rusiyanın zədələnmiş imici

Gunaz.tv
Rusiyanın zədələnmiş imici Və ya Medvedyev Əliyevlə Sərkisyanı Rusiyada görüşdürmək istəyir Rusiya yaxın günlərdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü keçirmək istəyir. Bu barədə İrəvanda səfərdə olan Rusiya prezidenti Dmitri Medvedyev ermənistanlı həmkarı Serj Sərkisyanla keçirdiyi görüşdən sonra keçirdiyi birgə brifinqdə bildirib. Onun sözlərinə görə, Moskva ATƏT-in minsa qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməkdə davam edəcək. "Qarabağ problemi var və o, həll edilməlidir" deyən Medvedyevin sözlərinə görə, danışıqlarda irəliləyişlər var:"Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqları Madrid təklifləri əsasında həll etməyə hazırdır". Rusiya lideri Sərkisyanla görüşündə Qarabağ problemini hərtərəfli müzakirə etdiyini bildirsə də, müzakirənin təfərrüatını açıqlamayıb. RF prezidentinin fikrincə, regionda avqustda baş verən hadisələr münaqişələrin hərb yolu ilə həllinin perspektivsiz olduğunu bir daha göstərib:"Gürcü-osetin münaqişəsi bir daha göstərdi ki, istənilən mürəkkəb məsələni beynəlxalq prinsiplərdən çıxış etməklə danışıqlar əsasında həll etmək lazımdır. Müsbət nəticəyə aparacaq digər yol yoxdur. Mən ümid edirəm ki, tərəflər danışıqlar prosesini irəli aparmağa hazırdır. Ymid edirəm ki, ən yaxın vaxtlarda Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin görüşü olacaq və bu görüş Rusiyada keçiriləcək"(Panarmenian). Serj Sərkisyan isə erməni tərəfinin danışıqların Dağlıq Qarabağın öz müqəddəratını təyin etməyə imkan verən "Madrid prinsipləri" əsasında davam etdirilməsinə hazır olduğunu bildirib: "Biz əminik ki, məsələ kompromis və danışıqlar əsasında həll oluna bilər". APA-ya açıqlamasında Prezidentin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib ki, "Rusiya prezidentinin təşəbbüsü, mənə elə gəlir ki, çox səmərəli ola bilər". N. Məmmədov hesab edir ki, Rusiya prezidenti İrəvanda Ermənistan prezidenti ilə danışıqlardan sonra belə fikrə gəlib: "Belə bir qərar olarsa, Rusiya prezidentindən rəsmi təklif gələcək, o zaman da biz konkret mövqe bildirəcəyik. Prinsip etibarı ilə indi gedən proseslər, xüsusilə avqust ayında baş vermiş hadisələrdən sonra münaqişələrin qalmasının, təhlükənin qalması demək olduğu regionda və dünyada hamıya birdəfəlik aydın oldu. Hamı artıq anlayır ki, təhlükələrin birdəfəlik sovuşması üçün münaqişələri həll etmək lazımdır. Bu nöqteyi-nəzərdən düşünürəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtı çatıb. Ermənistan tərəfi müdriklik və qətiyyət nümayiş etdirərək, münaqişənin həlli üçün konstruktiv mövqe tutmalıdır". Sərkisyanın "Erməni tərəfi danışıqların Dağlıq Qarabağın öz müqəddəratını həll etməyə imkan verən "Madrid prinsipləri" əsasında davam etdirilməsinə hazırdır" bəyanatına münasibət bildirən şöbə müdiri Ermənistan prezidentinin öz maraqları çərçivəsində bəyanat verdiyini qeyd edib: "O elə bəyanat verir ki, xalqı, seçiciləri, tərəfdaşları onu ittiham eləməsin. "Madrid prinsipləri" beynəlxalq hüququ formalaşdıran prinsiplər deyil. Məsələyə beynəlxalq hüquqdan çıxış edərək, Madrid danışıqları əsasında yanaşma ola bilər. Burada isə əgər beynəlxalq hüquqdan söhbət gedirsə, ölkələrin ərazi bütövlüyü birinci sıradadır. Madrid danışıqlarında da bu məsələ belə yer alıb. Amma Ermənistan prezidenti məsələyə başqa cür yanaşır, manevr edir, bunu özünün istədiyi kimi təqdim edir. Əlbəttə, biz bununla heç vaxt razılaşa bilmərik. Dağlıq Qarabağ münaqişəsi prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Dağlıq Qarabağda yaşayan ermənilərin öz müqəddəratını təyin etmə məsələsinə də məhz bu çərçivədə baxıla bilər. Bu gün bunu bütün dünya başa düşür. Azərbaycanın ərazi bütövlüyünü Rusiya Federasiyası, eləcə də dünyanın bütün ölkələri tanıyır. Bu məsələnin başqa həll variantı yoxdur". Medvedyevin İrəvana səfərindən əvvəl mətbuatda Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağdan çıxarılması və orada Rusiya qoşunlarının yerləşdirilməsi barədə yayılan məlumatlara münasibət bildirən PA rəsmisinin sözlərinə görə, bununla bağlı Azərbaycanla hər hansı müzakirə aparılmır: "Azərbaycanla heç bir müzakirə aparılmadan, rəsmi Bakının icazəsi olmadan Azərbaycan ərazisində hansısa qüvvələrin yerləşdirilməsindən söhbət gedə bilməz". Yeri gəlmişkən, "Azadlıq" radiosunun erməni xidmətinə müsahibə verən ABŞ Dövləlt Katibinin müavini Daniel Frid Qarabağ münaqişəsinin bu ilin sonuna qədər həll edilməsinin mümkün olduğunu bilidirib. Frid eyni zamanda fikirlərinə təminat verməkdən çəkinib: "Bu mümkündür. Amma bu o demək deyil ki, bu mütləq baş verəcək. Hər iki tərəfdən çox çətin qərarlar verilməlidir". Frid müsahibəsində münaqişənin yalnız sülh yolu ilə həll olunmasının vacib olduğunu bildirib. "Müharibə zarafat iş deyil. Bu çox, lap çox pis yoldur". O örnək kimi Gürcüstanda baş verən müharibəni göstərib. Politolq Zərdüşt Əlizadə Daniel Fridin fikirlərinə real saymır: "Münaqişənin həlli üçün obyektiv zəmin yoxdur. Münaqişənin dondurulmasında, indiki situasiyanın davam etməsində maraqlı olan qüvvələrin imkanları problemin həllini istəyənlərdən qat-qat çoxdur. İlk növbədə Rusiyanı nəzərdə tuturam. Rəsmi Moskva çalışacaq ki, Qarabağ münaqişəsini nəzarətində saxlayaraq Azərbaycan və Ermənistanı öz təsir dairəsində saxlasın". Politoloq Moskvanın münaqişənin həll edilməsində maraqlı olmadığını deyir: "Azərbaycan və Ermənistan Qarabağa görə Rusiyadan asılı vəziyyətdədir. Bu situasiyada Rusiya münaqişənnin həllini istəyərmi. Əlbəttə ki, xeyr". Əlizadə Amerikanın əsas vasitəçi funksiyasını öz üzərinə götürərək Rusiyanı bu məsələdən uzaqlaşdırmağa çalışdığını söyləyir. Azərbaycanın Qarabağ məsələsini öz xeyrinə həll etmək üçün resuslarının olmadığını deyən ekspertin fikrincə, Gürcüstan müharibəsindən sonra Rusiyanın "zədələnmiş imicini" düzəltmək üçün addım atacağına inanmır: "Rusiyanın öz imicini düzəltməyə ehtiyacı yoxdur. Onun imici neft-qazdır. Avropa da bundan asılıdır. Rusiyanın hərəkətlərinə sadəcə məzəmmətlə kifayətləndi. Bu, Avropanın ikili standartı və Rusiyadan enerji asılılığının göstəricisidir". Əlizadə Medvedyevin İrəvan səfərindən müsbət heç nə gözləmir: "Ruslarda belə məsəl var, xeyirdən xeyir axtarmazlar. Nikbin bəyanatlara gəlincə ötəri mənafe xarakteri daşıyır. Azərbaycanın xeyrinə həll üçün ciddi bir zəmin yoxdur". Bəkir Nərimanoğlu Azad Xəlil express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar