SON XƏBƏRLƏR

Gürcüstanda yaşayan soydaşlarımızın ən böyük problemi işsizlikdir

2021.10.20, 07:36
Gürcüstanda yaşayan soydaşlarımızın ən böyük problemi işsizlikdir

Gunaz.tv
Gürcüstanda yaşayan soydaşlarımızın ən böyük problemi işsizlikdir Fazil Həsənov: "İqtisadi cəhətdən azərbaycanlılar çox böyük çətinliklərlə qarşılaşırlar" "Gənclər artıq rus dilini ünsiyyət vasitəsi kimi qəbul etmir" Gürcüstanda yaşayan azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyası məqsədilə bu ölkədə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzi gürcü dili kursları təşkil edib. Artıq min nəfərə yaxın azərbaycanlı gəncin cəlb olunduğu kurslara gündən-günə marağın artdığı bildirilir. Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov kurslara orta məktəbin yuxarı sinifində oxuyan gənclərlə yanaşı aşağı siniflərdə təhsil alan şagirdlərin də cəlb olunduğunu deyib. Fazil Həsənov əmin olduğunu bildirib ki, məhz bu yolla azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyasına nail olmaq və ziyalı azərbaycanlı zümrəsi yaratmaq mümkündür. Fazil Həsənov Mədəniyyət Mərkəzinin digər fəaliyyət istiqamətləri və qarşısına qoyduğu vəzifələrdən də danışıb. -Fazil müəllim, Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzi hansı zərurətdən yaradıldı və mərkəz qarşısına hansı vəzifələri qoyub? -Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzinin yaranması taleyi birbaşa Azərbaycanla bağlıdır. 2004-cü ilin iyununda Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri zamanı dövlət başçısının Marneuli rayonunda, soydaşlarımızın sıx şəkildə yaşadığı bir yerdə görüşü oldu. Gürcüstan və Azərbaycan prezidentlərinin iştirak etdiyi həmin görüş zamanı mən də əhali adından çıxış etməli oldum. Çıxışım zamanı xahiş etdim ki, azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyası üçün bizim bir qurumumuz yaranmalıdı. Eyni zamanda Azərbaycanlıların Mədəniyyət Mərkəzi kimi fəaliyyət göstərəcək quruma bina ayrılması və gənclərimizin məşğuliyyətinin təmin olunması üçün idman kompleksinin tikilməsi təşəbbüsü ilə çıxış etdim və Azərbaycan dövlətinin bütün bunlar üçün yardım göstərməsini arzuladım. Artıq həmin binanın inşasına başlanıb və yaxın gələcəkdə həm Mədəniyyət Mərkəzi, həm də idman kompleksinin binası istifadəyə hazır olacaq. Mədəniyyət Mərkəzində müəyyən şöbələr üzrə fəaliyyət davam etdirilir. Fəaliyyətimizin əsas məqsədi azərbaycanlıları Gürcüstan cəmiyyətinə inteqrasiya etmək və orada olan problemləri həll etməkdir. Ona görə də mütəmadi olaraq Azərbaycana gəlir və müəyyən dövlət strukturları və qurumlardan dəstək alıram. -Mərkəzin fəaliyyətinə Gürcüstanın rəsmi qurumlarından da dəstək verilir? -Gürcüstanın iqtisadi vəziyyəti hazırda o qədər də yaxşı deyil. Xüsusilə son zamanlarda baş verən Rusiya-Gürcüstan qarşıdurmasından sonra müəyyən çaşqınlıqlar var. Lakin bizim müraciətimizə əksər qurumlardan müsbət cavab alınıb. Bizim ən böyük problemlərimizdən biri odur ki, bu ölkədə yaşayan azərbaycanlılar gürcü dilini yaxşı bilmədikləri üçün Gürcüstanın ali məktəblərinə daxil olmaqda çətinlik çəkirlər. Keçən il bizim müraciətimizə prezident Mixail Saakaşvili dəstək verdi və 60-a yaxın Azərbaycan gənci dövlət hesabına bir il müddətində hazırlıq kurslarına cəlb olundu. Növbəti ildə həmin gənclərin əksəriyyəti ali məktəblərə qəbul olunmalıdır. Bu il isə test üsulu ilə ali məktəblərə qəbul olunan azərbaycanlıların sayı cəmi 42 nəfərdir. Əslində əvvəlki illərə nisbətən bu böyük bir göstəricidir. Çünki əvvəlki illərdə 10-15 nəfərdən artıq gənc ali məktəblərə daxil olmurdu. Bundan başqa Azərbaycanlıların Mədəniyyət Mərkəzinin tərkibində pulsuz gürcü dili kursları təşkil etmişik və iki ildən artıqdır ki, həmin kurslar fəaliyyət göstərir. Həmin kurslara ali təhsili başa vuran gəncləri, orta məktəb şagirdləri, hətta yaşlı insanları da cəlb edirik. Bu işdə Gürcüstanın Təhsil Nazirliyinin bizə böyük köməkliyi var. Çünki əlavə kitablar və dərsliklərlə bizi təmin etmək üçün Təhsil Nazirliyi istənilən dəstəyi verir. -Gürcüstanda yaşayan azərbaycanlıların başqa hansı problemləri var? -Gürcüstanda yaşayan azərbaycanlıların dil problemindən başqa ikinci ən böyük problemi işsizlikdir. Azərbaycanlılar əsasən Gürcüstanın 170 kəndində məskunlaşıb və onların əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Eyni zamanda rayon mərkəzlərində məskunlaşan soydaşlarımız da var. Əvvəllər Gürcüstanın Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrlə daha sıx əlaqələri olduğundan əhali istehsal etdiyi məhsulu Rusiya və digər MDB ölkələrinin bazarlarına çıxara bilirdi. Lakin son hadisələrdən sonra sərhədlərdə yaranan problemlər əhalinin istehsal etdiyi məhsulu xarici ölkə bazarlarına çıxarmasına əngəllər yaradıb. Ona görə də olduqca çətin vəziyyət yaranıb. İqtisadi cəhətdən hazırda Gürcüstanda yaşayan azərbaycanlılar çox böyük çətinliklər çəkirlər. Ona görə də gənclərimiz daha çox Türkiyə, Belarus, Ukrayna və xüsusilə də Azərbaycana üz tuturlar. Əslində bizim təşkil etdiyimiz hazırlıq kurslarının mahiyyəti ondan ibarətdir ki, gürcü dilini daha yaxşı bilən gəncləri həm dövlət, həm də özəl strukturlara cəlb edə bilək. Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstanda fəaliyyət göstərən ayrı-ayrı şirkətlərində yeni iş yerləri açılır ki, həmin iş yerlərinə də azərbaycanlılar cəlb olunurlar. Bu gün elə bir vəziyyət yaranıb ki, 1990-cı ildən sonra formalaşan istər gürcü, istərsə də Azərbaycan gəncləri artıq rus dilini ünsiyyət vasitəsi kimi qəbul etmir. Ona görə də yeni ünsiyyət vasitəsinə ehtiyac var. Ona görə də biz bunun üzərində çalışırıq. Əlavə bir sıra problemlər də var. Mədəniyyətimizlə bağlı olan problemi bu sıraya aid etmək olar. Bu istiqamətdə də fəaliyyət göstəririk. Artıq oğlan və qızlardan ibarət folklor rəqs qrupumuz hazırdır və yaxın zamanlarda onun təqdimatı olacaq. Bundan başqa Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzinin tərkibində Yazıçılar Birliyi fəaliyyət göstərir. Mərkəz olaraq bu ölkədə yaşayıb-yaradan azərbaycanlı yazıçıların 5-dən artıq kitabını nəşr etmişik. Bir müddət əvvəl "Borçalı antologiyası" adlı kitab işıq üzü gördü. Ümumiyyətlə bütün istiqamətlərdə çalışırıq ki, işlərimiz irəli getsin. Digər mövcud olan problemlərdən biri də Gürcüstandakı Azərbaycan məktəblərində ixtisaslı kadrların az olmasıdır. Azərbaycan məktəblərində müəllimlərin orta yaş həddi 55-57 arasındadır. Əvvəllər Azərbaycan məktəblərində çalışan müəllimlər Azərbaycana gələr, Müəllimlər İnstitutunda kurslar keçərdi. Biz istərdik ki, belə bir kurslar yenidən təşkil olunsun və Azərbaycan məktəbləri ixtisaslı kadrların yoxluğu problemi ilə üzləşməsin. Təəssüflər olsun ki, bu gün Gürcüstanda da bu gün bununla bağlı elə bir proqram yoxdur. Bu gün Gürcüstandakı Azərbaycan məktəblərində 3500 azrbaycanlı müəllim fəaliyyət göstərir. Ancaq ən azı 4500-5000 müəllim olmalıdır ki, bütün ixtisaslar üzrə təlabat ödənilsin. Hesab edirəm ki, bu boşluğu aradan qaldırmaq üçün də çalışmalıyıq. -Fazil müəllim, Gürcüstandakı bir sıra mədəni-tarixi abidələrimizin hələ də təmirə ehtiyacı var. Bu məqsədlə istər Gürcüstan, istərsə də Azərbaycanın dövlət strukturları ilə hər hansı birgə layihlər həyata keçirmək nəzərdə tutulub? -Biz istər Gürcüstan ziyalıları, istərsə də Azərbaycandan gələn ziyalılarla keçirdiyimiz görüşlər zamanı belə bir məsələni ortaya qoyuruq ki, ilk öncə həmin abidələrin tarixini araşdırmaq və ortaq məxrəcə gəlmək lazımdır ki, həmin abidələr nə zaman yaranıb, kimlərə məxsusdur. Həmin abidələrin taleyini bilmədən onların təmiri çox çətindir. Tarixi abidələrlə bağlı təklif edirik ki, müştərək komissiya yaransın və həmin komissiyanın tariximizlə bağlı baxışı olsun. Gələcəkdə isə istər dərsliklər, istərsə də mətbuatda bununla bağlı materiallar dərc edilsin. Ancaq kəndlərimizdə olan və vaxtı ilə uçulub-dağılmış məscidlərimiz var ki, onlar təmir edilib istifadəyə verilir. Eyni zamanda yeni məscidlər də inşa olunur. Bu prosesə həm dövlət, həm də orada yaşayan soydaşlarımız dəstək verir. -Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzi olaraq cari ilin sonuna qədər hansı tədbirlər keçirməyi nəzərdə tutmusunuz? -Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə artıq 50 məktəbdə gürcü dili kursları fəaliyyətə başlayıb. Azərbaycan dövlətinin maliyyə dəstəyi, xüsusilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həmin layihəni həyata keçiririk. Hazırda Gürcüstanda 124 azərbaycan məktəbi fəaliyyət göstərir. Mərkəz olaraq Aşağı Kartlidən tutmuş Kaxeti bölgəsinə qədər azərbaycanlıların məskunlaşdığı əsas iri kəndlərdə bu cür kursları təşkil etməyi nəzərdə tutmuşşuq. Əsasən yuxarı sinif şagirdləri üçün nəzərdə tutulan proqramın əsas məqsədi ondan ibarətdir ki, həmin gənclər gürcü dilini daha yaxşı mənimsəsin və ali məktəblərə qəbul imtahanı zamanı heç bir çətinliklə rastlaşmasınlar. Kursların açılışı zamanı yerli alimlərimizin kitabları, eləcə də qrammatika kitabları və Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin verdiyi əyani vəsaitləri ora təqdim etdik. Həmçinin Gürcüstan dövlətinə də bununla bağlı müraciət etmişik və onlardan əlavə metodik vəsitələr gözləyirik. Bununla bağlı Gürcüstanın Təhsil Nazirliyi ilə birbaşa danışığımız olub. Artıq mindən artıq şagirdi həmin proqrama cəlb etmişik. Gələn il azərbaycan məktəblərində buraxıılşı yoxdur. Yəqin ki, iki ildən sonra biz bunun nəticəsini görəcəyik. İnanırıq ki, bizim həyata keçirdiyimiz işlər yeni azərbaycanlı ziyalı zümrəsinin yaranmasına səbəb olacaq. Süleyman olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar