SON XƏBƏRLƏR

Dağlıq Qarabağın “müstəqilliyi” tanınacaqmı?

2021.10.20, 07:36
Dağlıq Qarabağın “müstəqilliyi” tanınacaqmı?

Gunaz.tv
Dağlıq Qarabağın “müstəqilliyi” tanınacaqmı? Rusiya separatçı Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini rəsmi şəkildə tanıdıqdan sonra Cənubi Qafqazda yeni geosiyasi vəziyyət yaranıb. Moskvanın bu son addımı Azərbaycanda da ciddi narahatlıqla qarşılanıb. Bunun da səbəbi aydındır: Çünki Abxaziya və Cənubi Osetiyanın “müstəqil”liklərinin tanınması Dağlıq Qarabağa münasibətdə də analoji addımların atılmasına gətirib çıxara bilər. Belə bir təhlükənin ortada olmasını sübut edən faktlar da var. Belə ki, münaqişənin nizamlanması üçün ATƏT Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə son 15-16 ildə aparılan danışıqlarda heç bir irəliləyiş əldə edilməyib. Üstəlik, quruma həmsədr ölkələr təcavüzkar Ermənistana pərdə arxasından dəstək verərək, hər vasitə ilə Azərbaycanı təslimçi sülh anlaşmasını imzalamağa məcbur etmək istəyirlər. Buraya həmsədrlər tərəfindən Dağlıq Qarabağ münaqişəsinin MDB məkanındakı digər münaqişələrdən fərqli olduğunu açıq şəkildə bəyan etməsini əlavə edəndə Dağlıq Qarabağdakı separatçı rejimin tanınması təhlükəsinin böyük olduğu nəzərə çarpır. Bu isə Dağlıq Qarabağın itirilməməsi üçün istər Rusiyaya, istər Qərbə, istərsə də bölgədə baş verən hadisələrə münasibətdə olduqca incə və düşünülmüş siyasət yeritmənin vacibliyini ortaya qoyur. Hadisələrin gedişi isə göstərir ki, bölgədə yaranmış yeni geosiyasi vəzyyətdə, yəni Rusiya ilə Qərb arasında ziddiyyətlərin get-gedə dərinləşdiyi bir vaxtda Azərbaycanın adıçəkilən ölkələrə münasibətdə bu günə kimi yeritdiyi tarazlaşdırıcı siyasəti davam etdirməsi heç də asan olmayacaq. Hələlik isə Rusiyanın son hərəkətlərindən ruhlanan Ermənistanın qondarma qrumun “müstəqilliyini” tanıya biləcəyi istisna edilmir. Bunu Ermənistan parlamentinin Dağlıq Qarabağ üzrə səlahiyyətli nümayəndəsi Baqram Atanesyanın son açıqlaması da sübut edir. Atanesyanın sözlərinə görə, hazırda Dağlıq Qarabağın “müstəqilliyinin” beynəlxalq aləm tərəfindən tanınması üçün əlverişli imkanlar yaranıb və bundan hökmən istifadə edilməlidir. Azərbaycanda isə bu məsələyə münasibətdə politoloqlar arasında fərqli yanaşmalar mövcuddur. Məsələn, politoloq Rasim Musabəyovun fikrincə, Dağlıq Qarabağın müstəqilliyinin Rusiya və onu beynəlxalq aləmdə dəstəkləyən dövlətlər tərəfindən tanınıb-tanınmaması iki amildən asılıdır: bu, ölkəmizin Moskva və Qərbə münasibətdə özünü necə aparmasından, bir də başda ABŞ olmaqla və NATO üzvü olan ölkələrin Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasına görə Rusiyaya münasibətdə atacaqları addımlardan. Rasim Musabəyovun fikrincə, Ermənistan ancaq Rusiya Dağlıq Qarabağın da “müstəqilliyini” tanıyacağı şərti ilə Abxaziya və Cənubi Osetiyaya münasibətdə analoji addım ata bilər. Politoloq Rasim Ağayev isə indiki vəziyyətdə Yerevanın adıçəkilən məsələdə Rusiyanı dərhal dəstəkləyəcəyinin inandırıcı olmadığını vurğulayıb. Onun fikrincə, Ermənistan hələ bir müddət bölgədə baş verən hadisələrə münasibətdə gözləmə mövqeyi nümayiş etdirəcək və yalnız bundan sonra Dağlıq Qarabağın “tanınıb- tanınmaması” ilə bağlı hansısa addım atacaq. Təbii ki, bunları zaman göstərəcək. zaman

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar