SON XƏBƏRLƏR

DƏLİNİ QICIQLANDIRMAĞA EHTİYAC YOXDUR_Ekspertlər Gürcüstan məsələsində Azərbaycanın tutduğu xətti düzgün sayır

2021.10.20, 07:36
DƏLİNİ QICIQLANDIRMAĞA EHTİYAC YOXDUR_Ekspertlər Gürcüstan məsələsində Azərbaycanın tutduğu xətti düzgün sayır

Gunaz.tv
“DƏLİNİ QICIQLANDIRMAĞA EHTİYAC YOXDUR” Ekspertlər Gürcüstan məsələsində Azərbaycanın tutduğu xətti düzgün sayır Gürcüstana təcavüz etdikdən sonra ölkənin sərhədləri daxilində olan Abxaziya və Cənubi Osetiyadakı separatçı qurumları müstəqil dövlət kimi tanıyan Rusiyanın addımlarına rəsmi Bakının soyuq münasibət bildirməsi müxtəlif reaksiyalar doğurub. Ölkənin bəzi ekspertləri və siyasət adamları hakimyyətin bu davranışının normal olmadığını, belə siyasətin Azərbaycanı Rusiyanın vassalına çevirə biləcəyini zənn edirlər. Bir sıra müşahidəçilərə görə isə rəsmi Bakının son bir aydakı ehtiyatlı mövqeyi haqlı olsa da, bundan sonra artıq qəti yol seçilməli, təhlükəsizlik tədbirlərinə əl atılmalı, bunun üçün də NATO-ya istiqamətlənmiş aydın kurs yürüdülməlidir. Politoloq Hikmət Hacızadə hesab edir ki, hakimiyyət düzgün siyasət yürüdüb: “Unutmaq olmaz ki, vəziyyət olduqca gərgindir. Rusiya özü bir psixoz yaradıb və idarəlunmaz ölkəyə çevrilib. Bu vəziyyətdə dəlini qıcıqlandırmağa ehtiyac yoxdur. Nəzərə almaq lazımdır ki, analoji vəziyyət Azərbaycanda yaransa, Qərb bizə kömək etməyəcək və heç kömək etmək iqtidarında da deyil. Gürcüstandakı olaylarla bağlı indiyədək bir sanksiya tətbiq etməyib. Ona görə də olduqca ehtiyatlı davranmalıyıq”. H.Hacızadə ehtiyatlı şəkildə NATO-ya inteqrasiya etməyimizi zəruri sayanlarla razılaşdığını bildirsə də, bir qeydini də elədi: “Bizə NATO-dan da əvvəl demokratik islahatlar lazımdır. Hansısa kəskin bəyanatlar vermək, yaxud addımlar atmaq bizim üçün olduqca ziyanlı ola bilər. Əgər ölkəmizi güclü etmək istəyiriksə, özümüzlə məşğul olmalıyıq. Ordunun gücləndirilməsinin də mənası yoxdur. Çünki Ermənistanın arxasında Rusiya dayanıb. Güclənməyimizin yeganə yolu demokratik islahatlardır. Ölkənin “vid-fason”unu düzəltmək, milli birlik yaratmaq lazımdır. Ümumiyyətlə, özümüzü dünyaya ədalətli, insan simalı cəmiyyət kimi göstərməliyik. O zaman hər hansı çətinliklə üzləşsək, demokratik ictimaiyyət heç olmasa qışqır-bağır salacaq”. Politoloq şimaldan gələn təhlükənin sovuşmadığı qənaətindədir: “Hazırda çox böyük təhlükə var. Rusiya birinci addımı atıb Qərbin nə cavab verəcəyini gözləyirdi. İndi görür ki, heç bir cavab yoxdur”. Ekspert Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi barədə Rusiyanın mövqeyinə arxayın olmamağı da məsləhət görür: “Moskvanın Azərbaycan və ya Qarabağla bağlı planları olsa, Azərbaycanın mülayim, ya kəskin mövqedə durmasının onunçün fərqi olmayacaq. İndi deyirlər qoy Gürcüstanın məsələsini həll edək, Azərbaycan hələlik qalsın, sonra onun da məsələsini çözəcək”. Politoloq Rasim Musabəyov “Mediaforum” saytına deyib ki, Azərbaycan hakimiyyətinin Gürcüstanda baş verənlərlə bağlı mövqeyini yanlış hesab edənlər əsaslandırılmış arqumentlər səsləndirmir: “Mən hesab edirəm ki, hakimiyyət özünü situasiyaya adekvat aparır. Çünki Azərbaycanın bugünkü durumu Varşavaya, Vilnüsə, yaxud Ukraynaya qoşulub Rusiyaya qarşı sərt bəyanatlar səsləndirməsinə imkan vermir. Azərbaycan Gürcüstana dəstək verir, onun ərazi bütövlüyünü tanıyır. Ola bilsin ki, Bakının Gürcüstana konkret yardımı bəyanat verən dövlətlərin yardımından daha önəmlidir. Ancaq Azərbaycanın hazırkı coğrafiyası fonunda Rusiya ilə süni şəkildə baş-başa gəlmək imkan yoxdur”. Hakimiyyətin indiki mövqeyinin Azərbaycanın Rusiyanın tam nəzarətinə keçmək ehtimalı yaratdığı haqda deyilənləri də politoloq yanlış sayır. R.Musabəyov mövqesizliyin Qarabağ münaqişəsinin nizamlanması üçün böyük təhlükə yaratması ilə bağlı iddiaların əleyhinədir: “Ortalıqda konkret vəziyyət və ona reaksiya var. Bu vəziyyət olmayan vaxtlarda Qarabağ probleminin həllində hər hansı irəliləyiş vardımı? Qərb ölkələrindən kimsə gəlib bizə ərazi bütövlüyümüzü bərpa etməyə gömək göstərdiyini deyirmi? Bu məsələdə bizim güvəndiyimiz bir Türkiyədir, o da gəlib deyir ki, özünüzü sakit aparın. Kimə güvənərək tullanıb-düşmək fikrindədirlər?” Politoloq Zəfər Quliyev isə iqtidarın mövqeyini neytral hesab etmir: “Hazırkı vəziyyətdə neytral mövqe saxlamaq əslində mümkün də deyil. Faktiki olaraq həm Azərbaycan, həm də başqa postsovet ölkələri üçün manevr imkanları məhdudlaşıb. İndi balanslaşdırılmış siyasət aparmaq, superdövlətlər arasında manevr etmək imkanları sıfıra yaxındır. Lakin Azərbaycan ehtiyatlı siyasət aparmağa bəlkə də məhkumdur. Bunun alternativi yoxdur. Azərbaycan rəhbərliyi ehtiyatlı siyasət aparmalıdır”. Z.Quliyev bununla belə, ehtiyatlı siyasəti mövqesizliklə qarışdırmağın düzgün olmadığını deyir: “Azərbaycan seçim qarşısındadır. Həm Moskva, həm Qərb ölkələri, eyni zamanda situasiya özü də Azərbaycandan və bütün postsovet ölkələrindən seçim tələb edir. Rusiya ilə Qərb arasında güclənən indiki konfrontasiya şəraitində ortada qalmaq yox, seçim etmək lazımdır. Şəxsən mənim mövqeyimə görə, Azərbaycan Qərbyönlü siyasətini davam etdirməlidir. Bunun üçünsə bəyanatlar verməyə, radikal addımlar atmağa ehtiyac yoxdur. İlk növbədə dövlətin təhlükəsizliyi məsələsi haqda ciddi düşünmək lazımdır. Bunu isə nə Azərbaycan, nə də postsovet respublikaları təkbaşına edə bilər. Ona görə dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların yardımlarına ehtiyac var”. Cavid TURAN musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar