SON XƏBƏRLƏR

ÇİNDƏ AZƏRBAYCAN BİR YOX, İKİ QIZIL MEDAL QAZANIB_Güneyli soydaşımız Hadi Saeinin şərəfinə sabah Təbrizdə tədbir keçiriləcək

2021.10.20, 07:36
ÇİNDƏ AZƏRBAYCAN BİR YOX, İKİ QIZIL MEDAL QAZANIB_Güneyli soydaşımız Hadi Saeinin şərəfinə sabah Təbrizdə tədbir keçiriləcək

Gunaz.tv
ÇİNDƏ AZƏRBAYCAN BİR YOX, İKİ QIZIL MEDAL QAZANIB Güneyli soydaşımız Hadi Saeinin şərəfinə sabah Təbrizdə tədbir keçiriləcək S.SOLTAN 35556_1 İdmanın siyasətdən kənar olduğunu söyləsələr də, bir sıra birinciliklərdə, o cümlədən Olimpiada kimi mötəbər yarışlarda dövlətlərin bayrağının qaldırılması, qalibin şərəfinə himnin səsləndirilməsi məsələnin heç də belə olmadığını deməyə əsas verir. Millətin özünü tanıtmasında da idman zəfərləri və yarışlarının rol oynadığı inkaredilməzdir. İngilislərlə şotlandlar arasında futbol yarışında ikincilərin milli heysiyyətlərinin baş qaldırdığı haqda örnək mövcuddur. Heç kəsə sirr deyil ki, Tehran hakimiyyəti kimi mürtəce rejimlər idman yarışlarında dövlətin təmsil olunmasında daha çox maraqlıdır. Çünki idman həm də humanist bir hərəkatdır. Bununla onlar belə yarışlardan yararlanaraq, humanist və ya insansevər olduqlarını dünyaya çatırmağa çalışırlar. Bu azmış kimi, belə yarışlarda daha çox siyasət elementləri axtarırlar. 1998-ci ildə futbol üzrə dünya birinciliyində İran yığması ABŞ komandasını udmuşdu. Onda ölkənin ali rəhbəri ayətulla Xamneyi bunu "böyük şeytan üzərində qələbə" adlandırmışdı. İranın bayrağını həmişə Azərbaycan türklərinin ucaltmış olduqlarını bildirməklə yenilik etmirik. Ancaq bu xidmətlərin fonunda Tehranda bir-birini əvəzləyən hakimiyyətlərin azərbaycanlılara ögey münasibəti təəssüf hissi yaradır. İndi İran adlanan bu ölkənin şərəfini qoruyan türklər adi insan haqlarından, ana dilində təhsil almaqdan belə məhrumdurlar. Hələ Afina Olimpiadasında "Ayna"da yazmışdıq ki, azərbaycanlılar bu yarışmada 4 qızıl medal qazanıblar. Onlardan biri Quzeyin, üçü isə Güneyin payına düşmüşdü. Pekin Olimpiadasında isə Azərbaycan iki qızıl medal qazandı - birini Quzey, birini Güney. Bəli, Pekin Olimpiadasında İran yığması bir qızıl və bir bürünclə kifayətləndi. Qızılı qazanan Güney Azərbaycan türkü Hadi Saei Pekin Olimpiadasında İranın himnini səsləndirdi. O, taekvondo üzrə yarışda ölkəsinə yeganə qızılı bəxş etdi. "Azadlıq" radiosunun məlumatına görə, o, qazandığı bu medalı Azərbaycan xalqına hədiyyə etdiyini söyləyib: "Bu qızılı Azərbaycan xalqına, doğulduğum Bostanovaya həsr edirəm. Xalqın xeyir-duası ilə bu medalı ölkəmə gətirdiyim və İranın bayrağını qaldırdığım üçün çox sevinirəm. İsti və səmimi salamlarımı şanlı Azərbaycan xalqı və doğulduğum Bostanovaya, Qarakohulə çatdırıram. Ümid edirəm ki, bu qiymətsiz hədiyyəni məndən qəbul edərlər". Xatırladaq ki, o, yarışdığı sahə üzrə Olimpiada tarixinə düşmüş tək-tük adamlardandır. 2000-ci ildə Sidney Olimpiadasında bürünc, 2004-cü ildə Afina oyunlarında qızıl medal alıb. Ölkənin keçmiş prezidenti Məhəmməd Xatəmi, indiki hökumət başçısı Mahmud Əhmədinijat onu təbrik ediblər. Tehran bələdiyyəsinin sözçüsü Xosrov Danişçu paytaxt küçələrindən birinə Hadi Saeinin adının verilməsi barədə qərar qəbul edildiyini söyləyib. Onun bacısı Məhrvərz Saei də taekvandoçudur. O, 2006-cı ildə Qətərdə keçirilən Asiya oyunlarında bürünc medal qazanıb. Yada salaq ki, Pekin Olimpiadasında yarımfinalda Hadi Saei Quzeydən olan soydaşı Rəşad Əhmədov üzərində qələbə qazanmışdı. Güneyli soydaşımızın qələbəsinə Cənubi Azərbaycanın Biləsuvar rayonundan olan Məsud adlı azərbaycanlı belə münasibət bildirib: "İranda, başqa sahələrdəki kimi, idmanda da türklər hər zaman uğur qazanıblar. Afina Olimpiadasında da İranın aldığı 4 qızıl medaldan 3-nü azərbaycanlı əldə edib - Hüseyn Rzazadə, Yusif Kərəmi və Hadi Saei. Builkinə gəldikdə, mən onu Rəşad Əhmədovun aparmasını istəyirdim. Çünki bu zaman Azərbaycan Respublikasının qızılının sayı artardı. Təəssüflər olsun ki, Güney Azərbaycan türklərinin qazandığı bütün uğurlar İranın adına yazılır. Bu həmin İrandır ki, Azərbaycan türklərini bir millət olaraq tanımır. Hər halda Hadi Saeinin də qələbəsinə sevinirəm. Mənsub olduğu milləti unutmadığı üçün belə qeyrətli oğullarımızı alqışlayıram". Bu türk oğlunun qələbəsini İran hakimiyyətinin şovinist düşüncəli xəbər agentlikləri özlərinə sərf edən tərzdə yayıblar. Onlar bu medalın İrana iftixar gətirdiyini qeyd etməklə bərabər, Azərbaycana həsr edildiyindən də yazıblar. Müşahidəçilərin fikrincə, H.Saeinin Azərbaycanla bağlı dediklərini önləməkdən ötrü Tehran hakimiyyəti yeni oxşar olaylar törətməyə cəhd göstərəcək. Bir sıra hadisələrin baş verməsi bunu artıq təsdiqləyir. Belə ki, Tehran hakimiyyəti Azərbaycan Milli Hərəkatına zərbə vurmaqdan və türkün milli özünüdərkinin qarşısını almaqdan ötrü Güney Azərbaycanın tanınmış idmançılarından və şəxsiyyətlərindən yararlanır. Həmin şəxslər hakimiyyətin siyasi-ideoloji və türkə qarşı təbliğat yürütməsinə yardım göstərirlər. Bir neçə il öncə İranın futbol üzrə yığma komandasının fars etnik qrupundan olan o zamankı baş məşqçisi komandanın yarısını təşkil edən türkləri təhqir etmişdi. O illərdə yığmanın aparıcı oyunçularından biri - Kərimi futbol geyimini bu nadan baş məşqçinin başına çırparaq, etirazını bildirmişdi. Həmin illərdə futbol ictimaiyyətinin yaxşı tanıdığı Əli Dai də bu tərkibdə aparıcılardan və həmin hadisənin şahidlərindən idi. Bu günlərdə yayılmış videogörüntülər isə Əli Dainin də İslam Respublikası və fars şovinistələrinin çirkin oyununun iştirakçısı olduğunu təsdiqləyirdi. O, Azərbaycan türkünə qarşı çıxış edərək, "təbrizlilər"i azərbaycanlıya yaraşmayan sözlərlə təhqir edib. "Baybak"ın yaydığı xəbərə görə, Əli Dainin bu sayaq çıxışı ondan umulan davranışa qarşı sayılır. Xatırladaq ki, fars şovinistlər, eləcə də hakimiyyət təmsilçiləri ərdəbillilərlə təbrizlilərin arasını vurmaqdan ötrü çeşidli oyunlar qurur, şayiələr yayır, lətifələr qoşurlar. Bu zaman həmin yaramazlıqların hamısının təbrizlilərdən "qaynaqlandığı" haqda xəbəri ictimaiyyətə sızdırırlar. Bu isə hər iki şəhərin gerizəkalı insanları arasında müəyyən mənada qarşıdurmaya səbəb olur. Elə Ərdəbilin mərkəzi Təbriz olan Şərqi Azərbaycan əyalətindən ayrılmasında Tehran bu amildən istifadə etdi. O zaman ərdəbillilər, sadəcə olaraq, büdcənin artırılmasını tələb edirdi. Ancaq İran rəhbərliyi bunu təbrizli-ərdəbilli qarşıdurması kimi təqdim edərək, Azərbaycanı bir daha parçaladı. Azərbaycan Milli Hərəkatının tələbləri uğrunda mübarizədə Güney Azərbaycan türklərinin birgə mübarizə apardığı göz önündədir. Bu sayaq danışıqları isə yerli müşahidəçilər tanınmış həmin azərbaycanlıların pullanaraq, hakimiyyətdən daha çox asılı vəziyyət, düşmələri ilə əlaqələndirirlər. Əli Dainin də pullanması, yığmaya baş məşqçi təyin olunması, görünür, onu hakimiyyətin oyununu oynamağa vadar edib. Ümid edirik ki, ikiqat olimpiya qalibi bu sayaq oyunların oyuncağına çevrilməyəcək. 32 yaşlı H.Saei Təbriz yaxınlığındakı Bostanova bölgəsinin Qaraköhül kəndində dünyaya gəlib. İdmanla 7 yaşından məşğul olur. Yeganə qızılı qazanmış Azərbaycan türkünün şərəfinə Şərqi Azərbaycan əyalətində çeşidli mərasimlər keçirilir. Əyalət başçısı Məhəmməd Memarzadə Hadi Saei barəsində bunları bildirib: "Saei Azərbaycan övladıdır. O, beynəlxalq yarışlarda, o cümlədən Pekin Olimpiya Oyunlarında ölkəyə iftixar qazandırıb. Buna görə həftənin sonunda idmançının şərəfinə rəsmi tədbirin keçirilməsi haqda qərar qəbul olunub". Yeri gəlmişkən, İran parlamenti idman komitəsi sədrinin müavini Məhəmmədrza Tabəş ölkə idmançılarının Pekində keçirilən Yay Olimpiya Oyunlarındakı çıxışlarından narazı qaldıqlarını söyləyib. "Komitənin səlahiyyətləri çərçivəsində biz uğursuz çıxışların səbəblərini araşdıracağıq. Əlbəttə, idmançılarımızın uğursuz çıxışlarında suçlu olanlar ilk növbədə vicdanları qarşısında məsuliyyət daşımalı və bu səviyyəyə görə xalqdan üzr istəməlidir", - deyə ölkə televziyasına müsahibəsində bildirib. Bununla belə o, atletləri Olimpiadaya yaxşı hazırlaşdırmadıqlarına görə idman məmurlarını günahlandırıb. O, KİV təmsilçilərinə müraciət edərək demişdi ki, Olimpiada başa çatanadək idmançıları tənqid etməsinlər. Onu da qeyd edək ki, Pekində keçirilən yarışda iranlı üzgüçü Məhəmmədəli Rzayi 100 m məsafə üzməkdən imtina etmişdi. Çünki həmin yarışda İsrail vətəndaşı Tom Beyeri də üzürdü. Məsələ burasındadır ki, yarışda iştirakdan imtinanın səbəbi siyasi motivlə əlaqələndirilsə idi, o halda İran nümayəndələrini ciddi sanksiyalar gözləyirdi. Ancaq Rzai Beynəlxalq Olimpiya Komitəsinə qəflətən xəstələndiyini bildirməklə komandasını yasaqlardan qurtara bilib. Komitənin mətbuat katibi Gizel Devis bildirib: "İdmançı yarışdan xəstəliyi ilə əlaqədar uzaqlaşıb. Bu barədə o, izahatında da yazıb. Biz məsələyə dair İranın olimpiya komitəsi ilə söhbətləşmişik. Onlar bizi əmin etdilər ki, bu hal İsrail üzgüçüsünün iştirakı ilə bağlı deyil". Uğursuzluqlara baxmayaraq iranlı idmançılar da peşəkarların diqqətini özlərinə cəlb edə biliblər. Milli Basketbol Assosiasiyasının rəhbərliyi klubların baş menecerlərinə səlahiyyət verib ki, onlar İranın yığma komandasının mərkəz oyunçusu Həmid Ehdadi və müdafiəçi Məhəmmədsəməd Nik-Xanbəhrami ilə danışıqlar aparsınlar. Bundan başqa, ölkə yığmasının kapitanı Məhəmməd Nikxas Fransanın "Şole" komandası ilə müqavilə imzalayıb.ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar