SON XƏBƏRLƏR

Qafqaz oyunu

2021.10.20, 07:36
Qafqaz oyunu

Gunaz.tv
Qafqaz oyunu Formal olaraq Rusiyanın baş naziri, əslində isə dövlət başçısı Vladimir Putin ABŞ prezidenti Corc Buşu fəna tutdu. Gürcüstana qoşun yeritmək, gürcü ordusunu darmadağın etmək, sonra da Cənubi Osetiya və Abxaziyanın "dövlət müstəqillikləri"ni tanımaqla Putin Qərbə, ən başlıcası isə Vaşinqtona elə zərbə vurub ki, qarşı tərəf hələ də özünə hələ bilmir. Boksda belə zərbəyə "huk" deyirlər. Hukdan sonra ən yaxşı halda nokdaun, ən pis halda isə nokaut olur. ABŞ prezidenti Corc Buş indi nokautdadır. Rusiyanı cəzalandırmaq, yerində oturtmaq istəyir - alınmır. Və çətin ki, alınsın: Vaşinqtonun Kremlə qarşı tətbiq edə biləcəyi ən ağır sanksiya Rusiyanın "Böyük Səkkizlik" sıralarından çıxarılmasıdır. Moskva bunun eyninə belə almır, çünki bütün dünya onsuz da həmin təşkilatı "Böyük Yeddilik" sayır. Qərb liderləri, xüsusilə də ABŞ prezidenti Corc Buş indi yaxşıca fikirləşməlidir. Onlar Qafqazın başına açdıqların oyunun nəticələrinə bir daha, bu dəfə diqqətlə baxsınlar. Gürcüstanın ərazi bütövlüyünün qorunmasında Tiflisə tam dəstək verilməsi barədə gurultulu, bəlağətli, sərt bəyanatların nəticəsi nə oldu? Tiflis Cənubi Osetiya və Abxaziyanı hələlik itirib. Belə getsə, Gürcüstan prezidenti Mixail Saakaşvili də postu ilə vaxtından əvvəl vidalaşmalı olacaq. Amma ən mühümü odur ki, Qərb liderləri əslində normal təşkilat olan NATO-nü rüsvay edərək onu zəif, yarıtmaz, güclü rəqibə qarşı yalnız əzələ nümayiş bacarıb Yuqoslaviya, Əfqanıstan və İraq təki zəifləri əzən təşkilat kimi göstərdilər. Amerikalılar yeni səhvin astanasındadır. Onlar Rusiyanı "Böyük Səkkizlik"dən çıxarmaq, bu ölkənin Ymumdünya Ticarət Təşkilatına üzv olmasına yol verməməyə çalışırlar. Lakin belə addımlar atılarsa, hər şeyi daha da korlanacaq. ABŞ neçə illərdir ki, Kuba ilə ticarətə embarqo qoyub: nədir, bu sanksiyalar Havanada rejimin dəyişməsinə və ya siyasətini dəyişdirməsinə səbəb oldumu? Azad ticarət avtoritar rejimlərini və diktaturaların hakimiyyətini içdən dağıdan amildir. Amma Rusiyanın dünya bazarında enerjidaşıyıcılarının bahalığından istifadə edərək əldə etdiyi fantastik gəlirlər Kremlə iqtisadi təzyiqin effektivliyini minimuma endirib. Rusiyanın indi böyük iqtisadiyatı var və Qərb bunu istəsə də, istəməsə də Kremlə laqeyd yanaşıb ona İran təki hədələr ünvanlaya bilməz. Bundan başqa, Rusiyaya qarşı istənilən iqtisadi təzyiq mütləq halda ABŞ-ın öz iqtisadiyyatına zərbə vurasıdır. Bundan başqa, Vladimir Putin əla bilir ki, söhbət təhlükəsizlik müstəvisində ciddi siyasətin yürüdülməsinə gələndə ancaq danışır - heç nə etmir. Buna görə də Rusiyaya qarşı heç zaman tətbiq edilməyəcək iqtisadi sanksiyalar barədə ABŞ nə qədər çox danışırsa, özünü bir o qədər gözdən salır. ABŞ prezidenti Corc Buş Rusiya rəhbərliyini Abxaziya və Cənubi Osetiyanın dövlət müstəqilliklərini rəsmən tanımamağa çağırmışdı. Amma Kreml Buşu vecinə də almadı. Belə bir şəraitdə Britaniyanın xarici işlər naziri Devid Milibendin "Rusiyaya qarşı koalisiya yaradaq" çağırışları çox axmaq və sadəlövh təsir bağışlayır. Bu ay Gürcüstanda baş verən hadisələr beynəlxalq münasibətlərdə dönüş nöqtəsi oldu. Amma "soyuq müharibə"in qayıdışından danışmağa belə, dəyməz. Çünki indiki gərginlik Qərblə Sovet İttifaqı arasında 40 il davam edən qarşıdurmanı şərtləyəçn ideoloji və qlobal ünsürlərdən məhrumdur. Aydındır ki, ABŞ-ın yeganə güc mərkəzi olduğu dövrlər artıq arxada qalıb. ABŞ prezidenti Corc Buşun Sovet İttifaqının son günlərini yaşadığı 1991-ci ildə bəyan etdiyi "yeni dünya düzəni" dağılıb. Bir dövlətin nəhəng div təki dünyanı əlinə alaraq bütün qitələrə öz istəyini diqtə etdiyi, yalnız milli müstəqillik uğrunda hərəkatlar və "üzdəniraq" elan edilmiş dövlətlər tərəfindən müqavimətə rast gəldiyi vaxtlar da arxada qalıb. Rusiyanın "faciəstroyka"ya qərq olduğu, Çinin isə iqtisadi qüdrətini artırmaqla məşğul olduğu, ABŞ-ın da misilsiz və nəzarətsiz qlobal təsir imkanlarına yiyələndiyi 20 illik dövr bitdi, cənablar. Məhz ABŞ və onun müttəfiqləri başqa ölkələr soxularaq onları işğal etmək, beynəlxalq hüquqa və təşkilatlar fikir verməmək hüququnu mənimsədikləri, özlərinin doymaq bilməyən hərbi alyanslarına yeni ölkələri çəkdiyi zamanlar çox geridədir. İndi vücudunu heroinlə doldurmuş narkoman təki büdcəsini neft dollarları ilə şişirtmiş revanşist, qəddar, yalançı və kinli Rusiya bu amansız ekspansiyanı saxlamaq, ABŞ-ın əmr və göstərişlərinin heç də hər yerdə işləmədiyini göstərməyə çalışır. Gürcüstanda ABŞ və Rusiya arasında qarşıdurma qlobal yox, regional miqyasda olsa da, o amerikalıların təsir imkanlarının yeni sərhədini göstərdi. Mərkəzi Asiyadan tutmuş, Latın Amerikasına qədər isə hər kəs bu hadisələrdən payını aldı. İndi çoxları Rusiyanın özünü dünya birliyindən təcrid etməsindən danışır. Əslində isə Rusiya könüllü şəkildə Avropa Birliyi və ABŞ-dan təcrid olunmağa çalışır. ABŞ və Avropa mediası indi "soyuq müharibə" rejimində işləsə də, dünyanın digər dövlətləri baş verənlərə fərqli rakursdan baxır, Qərbin Rusiyaya qarşı aqressiv davranışından sinirlər. Çünki məhz ABŞ və onuni ən yaxın müttəfiqləri BMT prinsipləri ilə beynəlxalq hüququ ayaqlayıb Yaxın Şərq, Əfqanıstan və Pakistana ölüm, qan və fəlakətlər aparıb. Söz yox, Rusiya regional dövlətdir və yaxın illərdə də dünyanın aparıcı ölkəsi statusunu qoruyacaq ABŞ-a meydan oxuya bilməyəcək. Amma istənilən halda çoxqütblü dünyada yaşamaq bir dövlətin istəklərini nəzərə almaq məcburiyyətinin olduğu şəraitdə ömür sürməkdən daha yaxşıdır. Deyilmi? Həsən AĞACAN [email protected]/* */ express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar