SON XƏBƏRLƏR

Polisin "cümə namazı". Vəhhabilər məscidlərə yaxın buraxılmadı

2021.10.20, 07:36
Polisin "cümə namazı". Vəhhabilər məscidlərə yaxın buraxılmadı

Gunaz.tv
Polisin "cümə namazı" Vəhhabilər məscidlərə yaxın buraxılmadı "Əbu-Bəkr" məscidində partlayış olandan sonra dindarlar ayrı-ayrı məscidlərdə namaz qılmaq məcburiyyətində qalıblar. Əsasən Şəhidlər Xiyabanının yaxınlığındakı məscidə üz tutan dindarların dünən bu və digər məscidlərdə namaz qılmalarının qarşısı alınıb. Şəhidlər Xiyabanının yaxınlığındakı məscidə cümə namazı üçün gələnlərin qarşısını alan polislər dindarlara yalnız məscidin daxilində namaz qıla biləcəklərini deyiblər. Onların sözlərinə görə, məscidin həyətində və ətrafında isə namaz qılmaq qadağandır. Bu səbəbdən də polislər əhalini məscidin ətrafından uzaqlaşdırıblar. Qeyd edək ki, bu vaxtadək məscidin binası namaz qılmaq üçün gələnlərə yetmədiyindən dindarların çoxu məscidin həyətindəki yaşıllıqda namaz qılırdı. Cümə namazına gələnlər isə onlara əvvəlcədən xəbərlarlıq edilmədiyini bildiriblər ("ANS PRESS"). Daha sonra "Əbu-Bəkr" məscidinin dindarları "İçərişəhər"dəki "Aşurbəy" məscidinə yığışmaq istəyiblər. Amma Səbail rayon Polis İdarəsinin əməkdaşları buna imkan verməyib. "Azadlıq" radiosu xəbər verir ki, polisin mövqeyini öyrənmək mümkün olmayıb. "Turan"ın məlumatına görə isə, paytaxtın polis əməkdaşları İçərişəhərdə "Ləzgi məscidi" kimi tanınan məsciddə sələfi (vəhhabi) cərəyanına məxsus inanclı insanların cümə namazı qılmasına imkan verməyib. Məlumata görə, beş-beş, on-on gələn inanclı insanlar İçərişəhərə buraxılmayıblar. İçərişəhərə, eləcə də adıçəkilən məscidə çıxışı olan bütün küçə və tinlər belə polis tərəfindən bağlanıb. Hətta məscidin yanında, eləcə də İçərişəhərə girişi olan küçələrdə post-patrul maşınları dayanıb. Dindarların "Ləzgi məscidi"nə buraxılmamasını məcdiddə yer olmaması ilə əlaqələndiriblər. Həm polislər, həm də ərazidə olan Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin əməkdaşları onlara Göy Məscid və ya Bibi Heybət Məscidinə getməyi məsləhət görüblər. Vəhhabilər isə dəfələrlə məscidə girməyə cəhd etsələr də, polislər buna imkan verməyiblər. Namaz bitdikdən sonra isə ərazidə sakitlik yaranıb. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin təmsilçisi Gündüz İsmayılov APA-ya bildirib ki, dindarların məscidə buraxılmamaları onların vəhhabi təriqətə mənsub olmaları ilə əlaqədar deyil: ""Əbu-Bəkr" məscidində baş verən hadisədən sonra məscidlərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Yalnız məscidlərin içərisində namaz qılmağa icazə verilir". "Ləzgi məscidi"nin ətrafında və yolda da namaz qılındığını xatırladan G.İsmayılov bildirib ki, bu, ən az təhlükəsizlik baxımından düzgün deyil. Onun sözlərinə görə, paytaxtda digər məscidlər var və bu insanlar istədikləri məsciddə namaz qıla bilərlər. "Biz bu tədbirləri yalnız təhlükəsizlik məqsədi ilə həyata keçiririk". G.İsmayılov polisi ərazidə komitə tərəfindən çağırılmadığını da qeyd edib: "Onlar, sadəcə, öz vəzifələrini yerinə yetirib təhlükəsizlik tədbirləri görürlər". Qənirə MƏMMƏDLİ express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar