SON XƏBƏRLƏR

Rusiyanın qonşusu ya düşmən olmalıdır, ya da vassal

2021.10.20, 07:36
Rusiyanın qonşusu ya düşmən olmalıdır, ya da vassal

Gunaz.tv
"Rusiyanın qonşusu ya düşmən olmalıdır, ya da vassal" “Bu salamat yol deyil”. Amerikada dərc olunan “Newsweek International” məcmuəsinin son sayında dərc olunmuş məqalə Bakı-Tbilisi-Ceyhan marşrutunu belə səciyyələndirir. Məcmuə yazır ki, “bir vaxtlar Gürcüstandan Avropaya qaz və neft nəql edən kəmərlər Avropanı Rusiyadan azad etməli idi, lakin bu, artıq belə deyil”. Məqalənin müəllifi Adam Kuşner yazır ki, Rusiyanın Gürcüstana müdaxiləsindən sonra Xəzər hövzəsindən Avropaya yanacaq nəql edən enerji dəhlizi təhlükədədir. “Bu dəhlizlə, - yazır müəllif gündə 1 milyon barrel neft daşınır ki, buda Avropanın neftə olan ehtiyacının 26 faizi deməkdir”. Məcmuə iddia edir ki, Gürcüstan-Rusiya münaqişəsinin ən qızğın vaxtında bu kəmər 50 dəfə havadan hədəflənib. Mərmilərdən biri hətta kəmərin 100 metrliyinə düşüb. Məqalədə deyilir ki, cəmi üç il bundan əvvəl istismara verilmiş bu kəmərin başlıca məqsədi Avropanı Rusiyanın asılılğından azad etmək idi. Lakin indi Avropa fikrə gedib: “Gürcüstan onun müstəqilliyinin düzgün marşrutudurmu?” Keçmiş Sovet İttifaqından hazırkı Avrasiya Analitik Mərkəzinin nümayəndəsi Tanya Kostello bunu belə izah edir: “Rusiya hərbiyyəsi Gürcüstanın bir transit kimi daşıdığı risk elementinə yenidən baxılmasına nail olub”. Məcmuədə deyilir ki, hazırda risk Atlantika məkanının yalnız şərq hissəsi üçündür. Gürcüstandan keçən kəmərlər Avropanı qidalandırır və analitiklər düşünmürlər ki, son hadisələr Amerikanın neft bazarını təsirləndirə bilsin. Rusiyanın Gürcüstana müdaxiləsinin kökündə enerji məsələsinin durduğuna heç kim inanmasa da, bu məsələnin Rusiyanın regional düşüncələrinin bir hissəsi olduğu bəllidir. Tanya Kostello deyir ki, “Bakı-Tbilisi-Ceyhan tikiləndə Rusiya zəif idi. O bu marşrutun əleyhinə olsa da, enerji dialoquna daha xoş baxırdı. İndi Moskva işlərə təzədən baxmaq istəyir. Ayılmış Rusiya Gürcüstandan keçən kəmərlərin genişlənməsinə qarşıdır”. PFC Enerji Analitik Mərkəzindən Culiya Nanay isə bildirir ki, bu, enerji təchizatı xəritəsinin yenidən cizgilənməsinə səbəb ola bilər. “BTC Qərbin Rusiyadan yan keçərək Avropaya gedən kəmər layihələrindən yalnız biridir. Qərb hazırda Xəzərdən Türkiyəyə gedən qaz kəmərini Avstriyaya qədər uzatmaq niyyətindədir”. Bu kəmər Bolqarıstan, Rumıniya və macarıstandan keçməlidir. Analitik bildirir ki, Nabukko adlı bu layihəni canlandırmaq indi daha çətin olacaq. İndi investorlar bu marşrutun təhlükəsizliyinə şübhə edirlər. Rusiyanın Gürcüstana müdaxiləsi Transxəzər qaz kəməri layihəsini də çətinə salıb. “Newsweek International” yazır ki, hətta Gürcüstan dəhlizinin hesabına yaxşıca investisyalanmış Azərbaycan da üzünü Rusiyaya tuta bilər. Azərbaycanın Dövlət Neft Şirkəti bildirib ki, ölkənin bütün qaz ehtiyatının Rusiyaya satılması barədə Moskvanın təklifini ciddi şəkildə öyrənir. Əgər Bakı buna getsə, Avropanın başqa marşrutla əldə etməyə can atdığı qaz əldən çıxacaq. Kembric Enerji Araşdırmaları Assosiasiyasından Kətrin Hardin deyir ki, Rusiya bütün keçmiş Sovet İttifaqı ərazisindən bütün qaz ixracı üzərində inhisra malik olmaq istəyir. “Bu yaxınlarda Rusiya Mərkəzi Asiya qazını baha qiymətə alıb, onun bahasını Ukraynadan çıxardı. Rusiya Qazaxıstana qoşun yeritməkdənsə, daha sərfəli qaz qiyməti təklif elədi”. “Avropa ölkələri isə, - yazır məcmuə, - arxayın olmaq üçün Rusiya ilə əla münasibətlər saxlamağa can atırdılar. Almaniya Rusiya qazını əldə etmək üçün Baltik Dənizinin dibi ilə boru kəməri çəkir. Tezliklə İtaliya da Moskva ilə belə bir sövdələşməyə gedə bilər”. Bütün bunlar isə o deməkdir ki, Avropanın öz enerji təchizatı şəbəkəsini şaxələndirmək arzuları iflasa uğrayır. Hazırda Avropaya qazın 40 faizini verən Rusiya gələckdə daha böyük paya malik ola bilər. Müəllif məqaləsini məşhur Soyuq Müharibə politoloqu Corc Kennanın bir kəlamı ilə başa çatdırır: “Enerji məsələsinə gələndə Rusiyanın qonşuları onun ya düşməni, ya da vassalı ola bilərlər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar