SON XƏBƏRLƏR

BERLİNDƏ “AZƏRBAYCAN – ODLAR YURDU QAFQAZDA TARİX VƏ MƏDƏNİYYƏT” SƏRGİSİNİN AÇILIŞI OLMUŞDUR

2021.10.20, 07:36
BERLİNDƏ “AZƏRBAYCAN – ODLAR YURDU QAFQAZDA TARİX VƏ MƏDƏNİYYƏT” SƏRGİSİNİN AÇILIŞI OLMUŞDUR

Gunaz.tv
BERLİNDƏ “AZƏRBAYCAN – ODLAR YURDU QAFQAZDA TARİX VƏ MƏDƏNİYYƏT” SƏRGİSİNİN AÇILIŞI OLMUŞDUR 2008-ci il Almaniyada Azərbaycan İli – mədəniyyət proqramı çərçivəsində ölkəmizin təqdimatı ilə bağlı tədbirlər davam edir. Azərbaycanın Almaniyadakı səfirliyindən AzərTAc-ın xüsusi müxbirinə bildirmişlər ki, avqustun 26-da Avropanın tanınmış muzeylərindən olan Berlin Etnologiya Muzeyində (BEM) “Azərbaycan – Odlar Yurdu. Qafqazda tarix və mədəniyyət” adlı sərginin açılışı olmuşdur. Açılışdan öncə Almaniya KİV-ləri üçün mətbuat konfransı keçirilmişdir. Mətbuat konfransında BEM-in direktoru xanım professor Viola Köniq, muzeyin Şərq departamentinin rəhbəri və Azərbaycan sərgisinin kuratoru İnqrid Şindelbek, muzeyin əməkdaşı Melani Krebs və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi muzeylərlə iş sektorunun rəhbəri Azadə Hüseynova iştirakçılara sərgi haqqında məlumat vermişlər. Bildirilmişdir ki, muzeydə Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti, xalçaçılıq sənəti, milli geyim, bəzək əşyaları, musiqi alətləri və digər sahələrə dair 300-dən artıq eksponat nümayiş etdirilir. Bu eksponatların böyük əksəriyyəti ilk dəfə olaraq Azərbaycan muzeylərindən kənara çıxarılır. Dövlət incəsənət muzeyindən, AMEA Əlyazmalar İnstitutundan, Milli tarix muzeyindən, Zaqatala və Mingəçevir tarix-diyarşünaslıq muzeylərindən gətirilən eksponatlar qədim tunc dövründən müasir dövrümüzə qədər keçirilmiş inkişaf haqqında tamaşaçılarda təsəvvür yaradır. Eramızdan əvvələ aid edilən bəzi qab və tunc əşyaların 5 min ildən artıq tarixi vardır. Sərgidə, eyni zamanda, Berlin qədim və ən qədim dövr muzeyindən, Berlin Dövlət kitabxanasının arxivindən, eləcə də Drezden Dövlət İncəsənət Kolleksiyaları İdarəsindən Azərbaycana aid eksponatlar nümayiş etdirilir. Həmin eksponatlar arasında xalqımızın ilk yazılı ədəbi nümunələrindən olan və Drezden kitabxanasından gətirilən “Kitabi Dədə Qorqud” və riyaziyyat və fizika bölməsindən gətirilən qlobus sərginin ən qiymətli eksponatlarından hesab olunur. Avqustun 26-da axşam BEM-in akt salonunda sərginin rəsmi açılış mərasimi olmuşdur. 500 nəfərin qatıldığı mərasimdə çıxış edən xanım V.Köniq Azərbaycan hökumətinin muzeyə göstərdiyi etibarı yüksək qiymətləndirərək postsovet dövlətləri arasında ilk dəfə olaraq Azərbaycanın fərdi qaydada muzeydə təqdim edildiyini bildirmişdir. Azadə Hüseynova Azərbaycan tərəfinin Avropada, o cümlədən Almaniyada belə təqdimata xüsusi önəm verdiyini bildirmiş, təşkilatçılara “qeyri-adi sərgini qısa müddətdə təşkil etdiklərinə görə təşəkkür etmişdir. Sərgidə nümayiş olunan eksponatlara həsr edilmiş xüsusi kataloq-kitab da nəşr edilmişdir. 292 səhifədən və 170 şəkildən ibarət məcmuədə mədəniyyət və turizm naziri Ə.Qarayevin ön sözü, region üzrə ixtisaslaşmış və Almaniyanın Halle-Vittenberq, Hamburq, Berlin və Bonn universitetlərində çalışan alman alimlərin Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı elmi məqalələri dərc edilmişdir. Sərginin tərtibatı Avropa miqyasında tanınan memar Krüqerin layihəsi əsasında yüksək peşəkarlıq və bədii zövqlə həyata keçirilmiş və digər mütəxəssislər tərəfindən də yüksək qiymətləndirilmişdir. Sərgi cari ilin noyabrına qədər Berlində, noyabrdan 2009-cu ilin martınadək Drezdendə nümayiş etdiriləcəkdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar