SON XƏBƏRLƏR

NATO: Rusiya, qərarını ləğv et!

2021.10.20, 07:36
NATO: Rusiya, qərarını ləğv et!

Gunaz.tv
NATO: Rusiya, qərarını ləğv et! Böyük Britaniya anti-Rusiya koalisiyası yaradır Gürcüstan Moskvadakı səfirliyində çalışan 30 diplomatdan 28-ni geri çağıraraq, Rusiya paytaxtında yalnız iki diplomat saxlayıb. "Rusiya ilə diplomatik münasibətlərimizi minimuma endirmişik. Bundan sonra Moskvada səfirimiz olmayacaq", -Gürcüstanın xarici işlər naziri Eka Tkeşelaşvili bildirib. Gürcüstanın Moskvadakı səfiri hələ iyulun 26-da - gürcü-osetin münaqişəsi zonasında Rusiya təyyarələrinin uçuşlarından sonra geri çağırılmışdı. Rusiya isə Tiflisdəki səfiri Vyaçeslav Kovalenkonu 2007-ci ilin sentyabrında geri çağırmış, yalnız 2008-ci ilin yanvarında Gürcüstana qaytarmışdı. Gürcüstan prezidenti Mixail Saakaşvili isə Rusiyanın Abxaziya və Cənubi Osetiyanın "müstəqillikləri"ni rəsmən tanıması ilə bağlı xalqa müraciət edib. Dövlət başçısı Moskvanın bu qərarını tarixi səhv adlandıraraq Avropada sərhədlərin dəyişdirilməsinə cəhd kimi qiymətləndirib. Dövlət başçısı deyib ki, Moskvanın separatçı respublikaların müstəqilliyini tanıması qanunsuzluqdur: "Son vaxtlar Rusiya strateji səhvlər buraxaraq dünyada nüfuzuna ciddi zərbə vurub. Bu Hitler və Stalin rejimindən sonra Avropada sərhədlərin dəyişdirilməsi istiqamətində ilk cəhddir. Bu misli görünməmiş qanunsuzluq və həyasızlıqdır. Rusiyanın addımı bütünlüklə qanunsuzdur və Gürcüstan eləcə də dünya ictimaiyyəti üçün heç bir hüquqi nəticəsi yoxdur. Rusiyanın bütün fəaliyyəti 1921-ci ildə olduğu kimi Gürcüstanın tək qalmasına yönəlmişdi. Lakin bu plan sonuna qədər uğursuzluqla nəticələndi. Avropa Rusiyanın sərhədləri dəyişmək cəhdlərinin qarşısını almalıdır. Çünki Rusiya bunu bir dəfə etsə, gələcəkdə mütləq dəfələrlə təkrarlamağa çalışacaq". Saakaşvili bildirib ki, ərazi bütövlüyünün bərpası, eləcə də ölkənin azadlığının müdafiəsi artıq Gürcüstan daxili işi, Gürcüstan və Rusiya arasında olan bir məsələ deyil:"Bu, artıq Rusiya və dünya sivilizasiyası arasında məsələdir. Gürcüstanın gələcəyi yalnız bu ölkənin deyil, bütün dünya sivilizasiyasının gələcəyidir". Saakaşvili Almaniyanın "Bildt" qəzetinə verdiyi müsahibəsində isə söyləyib ki, Gürcüstan sərhədlərindən kənara çıxmaq niyyətində deyil: "Rusiya Gürcüstanın səmasını bağlayaraq geri qayıtmağıma mane ola bilər. Buna görə də Avropa Birliyinin Brüsseldəki növbədənkənar sammitinə getməyəcəyəm. Rusiyalı hərbçilər işğal etdikləri ərazilərimizdə kütləvi vəhşiliklər ediblər. Onlar insanları kütləvi şəkildə zorlayıblar, insanları diri-diri basdırıblar". Onun dediyinə görə, savaş günlərində çox gərgin və əsəbi olub, amma qorxmayıb: "Təhlükə lap reallaşanda hökuməti yığıb nazirlərə dedim: "Ruslar Tiflisə gəlirlər. Kim istəyirsə, gedə bilər". Amma hamı qaldı. Biz qorxmuruq. Bizim Rusiyaya müqavimət göstərməyə hərbi gücümüz yoxdur və buna görə də Avropaya ümid edirik. Hərbi əməliyyatların belə miqyas alacağını gözləmirdim və düşünürdüm ki, NATO Rusiyaya təzyiq edər. Amma olmadı. Ruslar deyirlər ki, Cənubi Osetiyanı darmadağın etmişik. Biz Sxinvalidə separatçıların əsas obyektlərini yüksəkdəqiqlikli toplarla vurduq, o da rus tankları Cənubi Osetiyaya girəndən sonra. Sxinvalini ruslar viran edib". Dünya ictimaiyyəti isə Rusiyanın Gürcüstanın separatçı regionlarının müstəqilliyini tanımasını pisləməkdə davam edirlər. AŞPA sədri Luis Mariya de Puç Rusiyanın digər ölkələrin ərazi bütovlüyünə hörmət etməsinin vacib olduğunu söyləyib. Söhbət açıq aşkar beynəlxalq hüququn bilərəkdən pozulmasından gedir. Bu qərar həyatların xilas edilməsinə deyil, yalnız vəziyyətin pisləşməsinə və münaqişənin sülh yolu ilə həll edilməsinə əlavə manelər yaradacaq. Luis Mariya de Puç Avropa Şurasının Moskvanın bu qərarına 29 sentyabr-3 oktyabrda keçiriləcək növbəti sessiyası zamanı baxılacağını söyləyib. ABŞ Dövlət Departamenti də Rusiyanın qərarını kəskin tənqid edib. Departament rəsmisi Robert Vud Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımaq barədə qərarının BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olduğunu bildirib. Departament nümayəndəsi hazırda ABŞ-ın Rusiya prezidetinin bu qərarına hansı cavab tədbirinin görülməsi barədə fikirləşdiyini qeyd edib. NATO-ya üzv olan 26 ölkənin dünən Brüsseldə keçirilən görüşü isə xüsusi bəyanat qəbul edib. "NATO Rusiyanın Gürcüstanın Cənubi Osetiya və Abxaziya regionlarının müstəqilliyini tanımaq haqda qərarını pisləyir və Rusiyanı bu qərarı ləğv etməyə çağırır",- deyə sənəddə bildirilir. Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd Barak Obama isə bəyan edib ki, Vaşinqton Rusiyanın beynəlxalq təcridini genişləndirmək istiqamətində səyləri gücləndirməlidir:" Əgər Rusiya hökuməti beynəlxalq hüquq norma və prinsiplərini pozmaqda davam edərsə, biz və müttəfiqlərimiz bu ölkə ilə münasibətlərimizin bütün aspektlərinə yenidən qiymət verməliyik". Bu arada, Britaniyanın xarici işlər naziri Deyvid Millibəndin Ukraynaya rəsmi səfəri başlayıb. Səfərdə məqsəd onun təbirincə desək, Rusiyanın Gürcüstanı təcavüzünə qarşı koalisiya yaratmaqdır. Ukrayna prezidenti Viktor Yuşenko ölkəsini Rusiyanın başladığı müharibənin əsiri kimi təsvir edib. Yeri gəlmişkən, ABŞ HDQ-yə aid daha bir gəmi Batumi limanına yan alıb. Gürcüstana humanitar yardım gətirən "Dallas" sahil keşiyi gəmisi əvvəlcə Poti limanına yan almalı idi. Lakin həmin port rusların nəzarətində olduğundan gəmi istiqamətini Batumiyə dəyişib. Rusiya Amerikanı Gürcüstana humanitar yardımı hərbi gəmilərdə gətirdiyinə görə tənqid edir. Hərbi mənbələrin verdiyi xəbərə görə hazırda Gürcüstanda yüzədək Amerika hərbçisi var. Gürcüstandakı hərbçilər Amerika Silahlı Qüvvələri Avropa bölümündə kontr-admiral Nənsi Heritinin komandanlığı altındadırlar. Pentaqon bildirir ki, hərbçilər onların təcrübəsinə ehtiyac olduğu qədər Gürcüstanda qalacaqlar. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar