SON XƏBƏRLƏR

Azərbaycan böyük yolun yolçusu kimi

2021.10.20, 07:36
Azərbaycan böyük yolun yolçusu kimi

Gunaz.tv
Azərbaycan böyük yolun yolçusu kimi Cəmiyyətin təhlükəsizlik müqavimətinin formalaşması Azərbaycan cəmiyyətinin təhlükəsizlik müqavimətinin artırılması günün tələbinə çevrilib. Dövlət bütün sahələr üzrə uğurlarını davam etdirir və paralel olaraq cəmiyyətin də müstəqilliyi qorumaq imkanlarının artırılması prosesi gedir. Cəmiyyətin təhlükəsizlik müqavimətinin formalaşması sadə proses deyil. Bunun üçün bir neçə vacib şərt lazımdır ki, onlar yerinə yetirilməsə, müsbət nəticədən danışmaq çox çətindir. Cəmiyyətin təhlükəsizlik müqavimətinin formalaşması sosial-iqtisadi şərtlərlə mənəvi-əxlaqi və kültür faktorlarının uyğunlaşdırılmasına bağlıdır. Bu proses özlüyündə mürəkkəbdir. Çünki sosial sistem olaraq cəmiyyətin bütün sahələri bir-birinə bağlıdır və onların konkret bir məqsədə görə uyğunlaşdırılması sistemli yanaşma tələb edir. İstənilən cəmiyyətdə bu problemin özünəməxsus həlli yolları vardır. Burada daha çox cəmiyyətin tarixi keçmişi ilə yeni dövrün özəlliklərinin harmoniyasına nail olmaq lazım gəlir. O mənada yüksək inkişaf mərhələsini yaşayan Azərbaycan cəmiyyətində təhlükəsizlik müqavimətinin formalaşması strateji əhəmiyyət daşıyır. İndiki mərhələ üçün bunun bir neçə istiqamətini ayırmaq olar. Hər şeydən öncə Azərbaycan cəmiyyətində dövlətçilik şüurunun dəyişməkdə olduğunu qeyd etmək gərəkdir. Dövlətçilik şüurunun bir tərəfi tarixi keçmişdə milli dövlətçilik ənənəsinin öyrənilməsinə bağlıdır. Son vaxtlar Azərbaycan ziyalıları bu istiqamətdə sanballı əsərlər yazırlar. Məsələn, Attila, Nadir Şah və başqa tarixi şəxsiyyətlərimizlə bağlı yazılan əsərlər, tarix elmi çərçivəsində aparılan araşdırmalar, irəli sürülən yeni versiyalar bunun təsdiqidir. Bu kimi işlər birbaşa cəmiyyətin təhlükəsizlik müqavimətinin yüksəlməsinə xidmət edir. Dövlətçilik şüuru vasitəsi ilə təsir edən faktorlar ümummilli təəssübkeşliyi yaradır və bu da mənəvi müqavimət sisteminin tərkib hissəsidir. Deyək ki, Nadir Şahın Azərbaycanda dövlətçilik xəttinin əxz edilməsi vətəndaşda yaşadığı ölkənin möhtəşəm ənənəsinə bağlılığını təmin edir. Bu təsəvvürlərə malik olan insan cəmiyyətin və dövlətin maraqlarını müdafiə etməyə hazır olur. Psixoloji səviyyədə bu kimi faktorların möhkəmlənməsi vətəndaşlıq məsuliyyətinin formalaşmasına təkan verir. Bu proses təbii ki, incəsənətin digər növləri ilə, məsələn kinofilmlər, teatrlar vasitəsi ilə möhkəmlənməlidir. Ona görədir ki, müasir mərhələdə Azərbaycanda milli məzmunlu yüksək peşəkarlığı ilə seçilən filmlərə ehtiyac böyükdür. Cəmiyyətin təhlükəsizlik müqavimətinin formalaşmasının başqa vacib komponenti hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi, onun daim tərbiyə edilməsidir. O baxımdan Azərbaycanda aparılan ordu quruculuğunun dövlətçilik kontekstində reallaşdırılması çox vacibdir. Hərbi vətənpərvərlik gəncin yalnız orduda aldığı tərbiyəyə bağlı deyil. Ailədən başlayaraq, cəmiyyətin bütün səviyyələrində bu proses getməlidir. Xüsusilə uşaq bağçalarında, orta və ali məktəblərdə hərbi-vətənpərvərlik duyğusu tərbiyə edilməlidir. Təbii ki, ordu bu zəncirvari prosesdə əsas mərhələdir. Buna görədir ki, dünyanın bütün ordularında əsgərin mənəvi durumu əsas faktor sayılır. Türk əsgəri vətənə, dövlətə və millətə bağlılıq keyfiyyətinə görə digər əsgərlərdən fərqlənir və onu dünyanın ən döyüşkən əsgəri hesab edirlər. Cəmiyyətin təhlükəsizlik müqavimətinin formalaşmasının mühüm faktorlarından biri də demokratikləşmədir. İdarəetmədə demokratik qaydaların gözlənməsi, qanunların aliliyinin təmin edilməsi və vətəndaşların hüquqlarının təmini burada əsas faktorlardır. Təsadüfi deyil ki, Azərbaycan prezidenti növbəti mərhələ üçün əsas vəzifələr sırasında demokratikləşmə prosesini sosial-iqtisadi inkişafın təminatçısı olaraq görür. Prezidentin bu yanaşması çox optimal və dövlətçiliyin gələcəyi üçün həlledici məqamdır. Cəmiyyətin demokratikləşməsi vətəndaşın dövlətə, vətənə və millətə bağlılığının daha da artması deməkdir. Cəmiyyətin təhlükəsizlik müqavimətinin sadaladığımız aspektlərinin Azərbaycan reallığı ilə müqayisəsi göstərir ki, bizim toplumda bu keyfiyyət sürətlə formalaşır. İstənilən xarici dağıdıcı qüvvəyə qarşı ictimaiyyətin müqavimət gücünü qoymaq olar. Bu faktoru şübhəsiz ki, dünyanın hər bir maraqlı ölkəsi nəzərə alır və Azərbaycana qarşı praqmatik siyasət yeritməyə məcbur olur. Bu siyasətin əsas məzmunu isə Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdən ibarətdir. Şahin Məhəmmədoğlu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar