SON XƏBƏRLƏR

Kreml dünyanı silkələdi_Qafqazın taleyi necə olacaq?

2021.10.20, 07:36
Kreml dünyanı silkələdi_Qafqazın taleyi necə olacaq?

Gunaz.tv
Kreml dünyanı silkələdi Qafqazın taleyi necə olacaq? Rusiya prezidenti Abxaziya və Güney Osetiyanın tanınması ilə bağlı ona təqdim edilən sənədi, özünün dediyi kimi, "böyük ruh yüksəkliyi" ilə imzaladıqdan sonra dünya bir-birinə dəydi. Qərbdən sərt şəkildə "belə olmaz" təpkisi gəldi. Ancaq ekspertlər heç kəsin Rusiyanın qarşısını kəsə bilməyəcəyi kimi qorxunc proqnozlar verirlər. Üstəlik, qərblilər arxayınlıqla bu hadisələrin neft və qaz daşınmasına əngəl olmayacağı haqqında fikir söyləyirlər. Yəni Gürcüstanın ərazi bütövlüyünün pozulması deyəsən, onları elə də narahat etmir. Əslində Qərbdən bu cür reaksiyanın səbəbi Kosovo insidentini onların özlərinin yaratmasıdır. Buna görədir ki, əksər təhlilçilər dünya üzrə separatizmin tüğyan edəcəyindən ehtiyat edirlər. Separatçılar isə Rusiya prezidentinin bu qərarını atəşfəşanlıqla qarşılayıblar. Rusiyanın Abxaziya və Güney Osetiyanı tanıması hansı geosiyasi nəticələr verə bilərğ Şübhə yoxdur ki, bu, uzun müddət Gürcüstanın ərazi bütövlüyünü təmin edə bilməyəcəyi anlamına gəlir. Amerika heç vaxt Rusiya ilə Gürcüstan üstündə savaşa girməyəcək. Onun Qara dənizə hərbi qüvvə yığmasını isə daha çox İranla bağlayırlar. Yəni Qara dənizdən İrana gəmilərdən raket atəşləri açıla bilər. "Tomaqavq"lar oranı vura bilərlər. Heç belə olmasa da, Qara dənizdə NATO gəmiləri ilə Rusiya gəmilərinin savaşa girməsi ehtimalını ekspertlər çox az dəyərləndirirlər. Qərb əsasən Gürcüstana mənəvi dəstək verib, Rusiyanın enerji marşrutlarına yaxınlaşmasını əngəlləməyə çalışacaq. Faktiki olaraq Gürcüstanın qərbi və şimalı Rusiyanın təsiri altında qalacaq. Bu da uzun müddətə Güney Qafqazın hər an silkələnmə şəraitində yaşaması deməkdir. Abxaziya və Güney Osetiya insidenti, nə qədər inkar etsələr də, Dağlıq Qarabağ məsələsinə də sirayət edəcək. Ermənilərin daha aqressiv, saymazyana və eyni zamanda təxribatçı olacağına şübhə yoxdur. Onlar Azərbaycanı hərbi təxribata çəkib, sonra Rusiyaya vurdurmağa çalışa bilərlər. Eyni zamanda, danışıqlarda öz şərtlərini qoymaqla ATƏT-in problemi həll etmə formatının effektivliyini şübhə altına qoyaraq, birtərəfli qaydada müstəqilliyi tanıyarlar. Rusiyanın bu şəraitdə necə davranacağı maraq doğurur. Hər bir halda mümkün deyil ki, Abxaziya və Güney Osetiya insidentindən sonra Ermənistan Dağlıq Qarabağ məsələsində şıltaqlıq etməsin. Qərbin Kosovonu tanıması və Rusiyanın Abxaziya və Güney Osetiyanı tanıması Ermənistanın qarşısına bir variant da çıxardı. Çox güman ki, dünyanın bir çox ölkəsində separatçıların aktivləşməsi müşahidə edilsin. Onların fonunda erməni separatizmi qabara bilər. Onu da deyək ki, başı bəlalı Gürcüstan üçün Cavaxetiya məsələsi yeni məzmun kəsb etməyə başlayacaq. Cavaxetiyada ermənilər muxtariyyat məsələsini kəskin qoyub, silahlı yolla oranı nəzarətdən çıxarmağa çalışacaqlar. Rusiyanın buna gizlicə yaşıl işıq yandıracağı ehtimalı çoxdur. Bununla ruslar Xəzər hövzəsindən çıxan neftin Qərbə daşınması ilə yanaşı dəmiryolu nəqliyyatına ciddi zərbə vuracaq. Rusiya hərbçilərinin Gürcüstanda davranışı göstərir ki, şimal qonşumuz bunu etməyə tam meyllidir. Hətta əsas məqsədi budur. Dmitriy Medvedyevin Soçidən faktiki olaraq bütün postsovet məkanındakı ölkələri hədələməsi bunu aydın sübut edir. Abxaziya və Güney Osetiyanın tanınması məsələsinin praktiki müstəviyə keçməsi dünyanın qlobal geosiyasi durumunda keyfiyyətcə fərqli mənzərənin yaranması deməkdir. O baxımdan Rusiyanın özünün parçalanmasının başlanğıcı ola bilər. Şübhə yoxdur ki, Rusiyanın daxilində olan muxtar qurumlar müstəqillik mücadiləsinə başlasınlar. Çünki abxaz və osetinlərin onlardan hansı keyfiyyətlərinə görə artıq olmasını heç kəs sübut edə bilməz. Bu gün olmasa da, zaman-zaman bu duyğu Rusiyanın muxtar qurumlarında baş qaldıracaq. Rusiyada separatçı hərəkat vüsət alsa, sonucu necə ola bilər? Bunu heç kəs dəqiq bilmir. Ancaq böyük bir məkanda qarışıqlığın ola bilmə ehtimalı çoxdur. Bütün hallarda Abxaziya və Güney Osetiya məsələsinin yeni mərhələyə qalxması ilə bütün dünyanın separatizm bəlasına düçar olması ehtimalının artdığını proqnozlaşdırmaq olar. Böyük dövlətlər özlərinin qurduğu tora düşürlər. Ancaq təəssüf ki, özləri ilə başqalarını da oraya sürükləyirlər. Orxan Güneyli olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar