SON XƏBƏRLƏR

Saakaşvili: “Rus hərbçiləri insanları diri-diri basdırırdılar”

2021.10.20, 07:36
Saakaşvili: “Rus hərbçiləri insanları diri-diri basdırırdılar”

Gunaz.tv
Saakaşvili: “Rus hərbçiləri insanları diri-diri basdırırdılar” 19:07 27-08-2008 Gürcüstan prezidenti Mixail Saakaşvili Almaniyanın “Bild” tabloidinə maraqlı müsahibə verib. Lent.az-ın məlumatına görə, o, Cənubi Osetiyada hərbi əməliyyatların belə böyük miqyas alacağını gözləmədiyini və əsəbiləşdiyini etiraf edib: “Mən indiyə qədər də əsəbiyəm, amma qorxmuram”. Saakaşvili Sxinvalinin dağıdılmasının Rusiyanın işi olduğunu söyləyib: “Şəhərin 80 faizi rus hərbçiləri tərəfindən dağıdılıb. Biz yüksək dəqiqliyə malik İsrail artilleriya qurğularından hökumətin binasını və separatçıların bəzi mövqelərini atəşə tuturduq. Sonra isə gürcü qoşunları şəhərə girdi. Ardınca isə ruslar Sxinvalinin qanlı bombardmanına başladılar. Bizim əlimizdə belə dağıntılara səbəb olacaq silah yoxdur”. Gürcüstan prezidenti Rusiya hərbçilərini yalançılıqda və gürcülərə qarşı dəhşətli cinayətlərdə ittiham edib: “Osetin könüllüləri rusların müdafiəsi altında gürcü kəndlərinə hücum edərək qarətlə məşğul olurdular. Bizim əlimizdə işgəncələr və kütləvi zorlamalarla bağlı məlumatlar var. Deyirlər ki, onlar insanları diri-diri basdırırlarmış. Ruslar isə gürcülərin Cənubi Osetiyada hərbi cinayətlərini heç bir zaman sübut edə bilməyəcəklər. Belə faktlar yoxdur”. Prezident Rusiyadan qorxmadığını söyləyib: “Mən çox əsəbi idim. İndi də əsəbiyəm. Amma qorxmurdum. Bir dəfə hökumətimə dedim: “Ruslar Tiflisə gəlirlər. Əgər istəyirsinizsə, gedə bilərsiniz.” Amma heç kim getmədi. Hamı qaldı. Biz qorxmuruq”. Saakaşvili müharibənin başlaması və NATO ilə münasibətlər barədə də danışıb. O, hərbi əməliyyatların başlamasının əsas səbəbkarının məhz Rusiya olduğunu deyib: “Rusiya hücuma hazırlaşaraq bir neçə ay qoşunlarını sərhədə cəmləyirdi. Həmin gecə mövqelərimiz bir neçə saat artilleriya vasitəsilə atəşə tutuldu. Biz atəşkəsə əməl edirdik. Rus tankları Cənubi Osetiyaya girəndən sonra artilleriyadan istifadə etməyə başladıq. Biz artilleriyadan istifadə ilə bağlı NATO-ya məlumat verməmişdik. Çünki döyüşlərin belə bir miqyas alacağını gözləmirdik. NATO-nun hərbi müdaxiləsinə də ümid etmirdik. Çünki alyansın Rusiyaya bundan əvvəl təzyiq edəcəyini gözləyirdik”. Gürcüstan prezidenti bildirib ki, Rusiyanın Abxaziya və Cənubi Osetiyanı tanımasına müqavimət göstərmək üçün hərbi qüvvələri yoxdur. Bu səbəbdən də Avropanı köməyə çağıraraq onlara Moskvanın digər mübahisəli ərazilərlə bağlı eyni addım ata biləcəyi barədə xəbərdarlıq edir: “Kansler Anqela Merkelin reaksiyasından məmnunam. O, aydın danışaraq Rusiyanın ünvanına sərt sözlər tapdı. O, rusların kim olduqlarını bilir. Çünki özü onların arasında yaşayıb. Merkel bilir ki, yalan onlar üçün normal kommunikasiya vasitəsidir və çox qəddar ola bilərlər”. Saakaşvili gürcü-osetin münaqişəsi ilə bağlı sentyabrın 1-də Brüsseldə keçiriləcək AB sammitinə getməyəcəyini də açıqlayıb. Çünki ölkəni tərk etsə Rusiyanın hava məkanını bağlayaraq onun vətənə qayıtmasına imkan verməyəcəklərindən qorxur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar