SON XƏBƏRLƏR

Tailandda narıncı rəng dəbdədir

2021.10.20, 07:36
Tailandda narıncı rəng dəbdədir

Gunaz.tv
Tailandda narıncı rəng dəbdədir Müxalifət administrativ binaları tutaraq baş naziri istefaya səsləyir Tailandda müxalifətdə olan Demokratiya Uğrunda Xalq Alyansının on minlərlə üzvü baş nazir Samaka Suntaravetanın iqamətgahını mühasirəyə alaraq onun istefasını tələb edirlər. Aksiya iştirakçılarının bir qismi baş nazirin iqamətgahına və digər hökumət binalarına daxil olublar. "Reuters" agentliyinin verdiyi məlumata görə, nümayişçilər Maliyyə Nazirliyinin və digər hökumət idarələrinin binalarını da tutublar. Bununla da dövlət qurumlarının işi iflic vəziyyətinə düşüb. Bundan əvvəl onlarla silahlı şəxs Tailand Milli Teleradio Yayım Xidmətinin binasını zorla ələ keçirməyə cəhd göstərib. Silahlılar televiziya studiyalarını bir müddət öz nəzarətlərində saxlasalar da, polislər onları tərksilah etməyə müvəffəq olub. Saxlanan şəxslərin Demokratiya Uğrunda Xalq Alyansının üzvləri olduğu bildirilir. Alyans özündə monarxist qruplaşmalarını və ordu ilə əlaqəli biznesmenlərin birliklərini bir araya gətirir. Onlar küçələrə yüz minlərlə insan çıxarmağa və hökumətin istefasına nail olmağa söz veriblər. Müxalifət, həmçinin bu gün Banqkok küçələrinə 100 mindən çox adam çıxararaq "xalq inqilabı" vəd edir. Polis isə nəzərdə tutulan nümayişdə 35 min adamın iştirakının gözlənildiyini irəli sürüb. Müxalifət 2007-ci ildən hökuməti idarə edən Samaka Suntaravetanın oyuncaq bir kabinet olduğunu və ölkəni əslində, 2006-cı ildə devrilən Taksin Çinavatın idarə etdiyini iddia edir. Keçmiş baş nazir hazırda Böyük Britaniyada yaşayır. Olimpiya oyunları ərəfəsində onun barəsində cinayət işi qaldırılsa da, Çinavat ölkəni tərk edərək Londona gedib. Tailand ordusunun komandanlığı bəyan edib ki, onlar bu dəfə siyasətə qarışmaq niyyətində deyil. Onlar, həmçinin müxalifəti sabitliyə əməl etməyə çağırıblar. Hökumət başçısı isə istefaya getmək barədə çağırışlara qulaq asmayacağını bəyan edib. Son məlumatlara görə, nümayişçilər hökumət binası ətrafındakı maneələri aşaraq binanın yaxınlığında məskən qurublar. Lakin içəri daxil olmaq istəməyiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar