SON XƏBƏRLƏR

Gürcüstan-Rusiya müharibəsi Və onun gözlənilən mümkün geosiyasi nəticələri

2021.10.20, 07:36
Gürcüstan-Rusiya müharibəsi Və onun gözlənilən mümkün geosiyasi nəticələri

Gunaz.tv
Gürcüstan-Rusiya müharibəsi Və onun gözlənilən mümkün geosiyasi nəticələri IV -sonuncu yazı Gözlənildiyi kimi, Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdı. RF prezidenti Dmitri Medvedev dünən Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınması barədə fərman imzaladı. Rusiyanın bu qurumların müstəqil olmasına çalışmaqda bir məqsədi də təbii ki, burada öz hərbi bazalarının yerləşməsini qanuniləşdirməkdir. Bir faktı qeyd etmək lazımdır ki, bu qurumlar Rusiyadan asılı olaraq faktiki Rusiyanın əyalətləri kimi bu dövlətin iqtisadi yardımları ilə yaşayacaqlar. Digər tərəfdən, aydın məsələdir ki, Cənubi Osetiya və Abxaziyanın müstəqilliyi ABŞ və Avropa tərəfindən tanınmayacaq. Xüsusulə ABŞ artıq bu siyasətin əleyhinə bəyanatlar səsləndirməyə başlayıb. Azərbaycan üçün müsbət nəticələr: Azərbaycan da münaqişədən əziyyət çəkən və öz ərazi bütünlüyünü bərpa etməyə çalışan dövlət kimi müharibədən sonrakı ümumi siyasi proseslərdən kənarda qalmayacaqdır. Düzdür, Azərbaycan həm Gürcüstan, həm də Rusiya ilə sıx qonşuluq siyasəti həyata keçirir və Rusiya-Gürcüstan müharibəsi Azərbaycanın bu siyasətinə ciddi təsir etməyəcək. Lakin Cənubi Qafqazda sabitliyin pozulması istər-istəməz regionun bütün dövlətlərinə müəyyən qədər təsir göstərir. Uzaq gələcəkdə Gürcüstanda ABŞ hərbi bazalarının yerləşdirilməsi ehtimalı regional layihələrin Gürcüstandan keçən hissəsinin təhlükəsizliyinin təmin edilməsini gücləndirə biləcəkdir ki, bu amil də Azərbaycanın siyasi mövqeyinə uyğundur. Həmçinin ABŞ hərbi bazasının Gürcüstanda yerləşməsi Rusiyanın Cənubi Qafqazda siyasi təsirlərinin tarazlaşdırılmasına gətirib çıxara bilər ki, bu amil də Azərbaycanın xeyrinədir. Bir məsələni də xüsusilə vurğulamaq lazımdır ki, Gürcüstanın ABŞ-a və Avropaya sürətli inteqrasiyasının ardınca Azərbaycanın da bu siyasi kursu tuta bilmə ehtimalından ehtiyatlanaraq Rusiya gələcəkdə Azərbaycanı öz tərəfinə çəkmək siyasəti yeridə bilər və Dağlıq Qarabağ münaqişəsindəki öz siyasətinə dəyişiklik edə bilər. Ermənistan üçün mənfi nəticələr: Rusiya ilə Gürcüstan arasında düşmənçilik münasibətləri gələcəkdə Rusiya-Ermənistan əlaqələrinə də mənfi təsirlərini göstərəcəkdir. Belə ki, Rusiya ilə Ermənistan arasındakı iqtisadi əlaqələr əsasən Gürcüstan üzərindən həyata keçirilir. Gürcüstan tranzit ölkə olaraq öz üzərindən həyata keçirilən iqtisadi əlaqələri məhdudlaşdıra bilər ki, nəticədə Ermənistanın regionda daha da təcrid olunmasına gətirib çıxara bilər. Həmçinin Rusiyanın Ermənistandakı hərbi bazalarının Rusiya ilə Gürcüstan üzərindən həyata keçirilən əlaqələri məhdudlaşdırıla bilər. Belə olan halda Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin yaxşılaşmasına çalışa bilər və Ermənistanı Dağlıq Qarabağa aid kəskin mövqeyindən çəkindirə bilər. Ermənistan üçün müsbət nəticələr: Gürcüstanı regionda tamamilə itirən Rusiya Ermənistana xüsusi diqqət yetirə, bu ölkənin xarici siyasətinə tamamilə nəzarəti öz əlinə ala bilər. Gələcəkdə ABŞ-ın əleyhinə olaraq Ermənistandakı hərbi bazalarını gücləndirə və bu dövlətin beynəlxalq aləmdə mövqeyini dəstəkləyə bilər. Ermənistana iqtisadi yardımın edilməsi üçün İranla strateji yaxınlaşma siyasətini gücləndirə bilər. Mərkəzi Asiya üçün nəticələr: Rusiya Gürcüstana hərbi qoşun yeritməklə Mərkəzi Asiya dövlətlərinə, xüsusilə Qazaxıstan və Türkmənistana sübut etmək istədi ki, bu dövlətlərin enerji resursları Avropaya yalnız Rusiya ərazisindən tranzit oluna bilər. Belə ki, Gürcüstanda qeyri-sabitlik yarana bilər və layihələr üçün təhlükə törənə bilər. Bununla yanaşı, bu dövlətlərə sübut etdi ki, gələcəkdə Qərblə hərbi əməkdaşlıq etmək siyasəti onlara fayda gətirməz. Türkiyə üçün nəticələr: Bir faktı qeyd etmək lazımdır ki, coğrafi amillər nəzərə alınaraq Rusiya Cənubi Qafqazda Türkiyə və İranın maraqlarını nəzərə alır. Lakin Qərbin, xüsusilə ABŞ-ın regionda iştirakını qəbul edə bilmir. Türkiyənin Ermənistana qarşı təcrid siyasəti əslində Rusiyanın region maraqlarına uyğundur və bu amil Ermənistanı Rusiyadan asılı edir. Türkiyə də öz növbəsində Rusiyanın Gürcüstanda strateji maraqlarının formalaşmasını qəbul edir və buna Rusiyanın tarixi regional maraqlarının tərkib hissəsi kimi baxır. Son zamanlarda hətta Türkiyə ilə Rusiya arasında iqtisadi yaxınlaşma da müşahidə olunur. Nəzərə almaq lazımdır ki, Türkiyə öz enerji ehtiyaclarını həm də Rusiyanın hesabına ödəməyə çalışır. Bu baxımdan da Trükiyə ilə Rusiya arasında münasibətlərin korlanması Türkiyəyə sərf etmir. Türkiyə regionda mühüm strateji maraqlara sahib olan dövlət kimi Gürcüstanda baş verən hadisələr bu dövlətin region maraqlarına ciddi zərbələr vurdu. Türkiyə çox düzgün olaraq hərbi əməliyyatlara qarışmadı və hərbi əməliyyatların əleyhinə çıxış etdi. Baş nazir Rəcəb Tayyib Ərdoğan vəziyyətdən çıxış yolu kimi "Qafqaz ittifaqı"nın yaradılması ideyasını irəli sürdü ki, bu ittifaqa ABŞ-ın da daxil olmasının vacibliyini bildirdi. Rusiyanın gələcəkdə Gürcüstana daha çox siyasi təzyiqlər imkanı əldə etməsi Türkiyənin region maraqlarına böyük zərbə ola bilər. Rusiyanın Gürcüstana qoşun yeritməsi ABŞ-ın Türkiyədə güclənməsinə gətirib çıxara bilər. Bununla yanaşı, Türkiyənin ABŞ üçün strateji əhəmiyyətini artracaqdır. Rusiyanı Cənubi Qafqazda tarazlaşdırmaq üçün ABŞ Türkiyənin hərbi və siyasi gücünün artmasına çalışacaqdır. Bundan əlavə, Türkiyə Gürcüstan ordusunun yenidən qurulmasında iştirak edə bilər. İran üçün nəticələr: Regionda baş verən hadisələr, Rusiyanın Qərbə hərbi güc nümayişi İranın beynəlxalq maraqlarına müvafiq idi. Regionda Rusiyanın hərbi üstünlüyü gələcəkdə regionun ABŞ tərəfindən bir platsdarm kimi istifadə edilməsi imkanlarını minimallaşdırır. Lakin ABŞ-ın gələcəkdə Gürcüstanda hərbi bazalar yerləşdirmək siyasəti İranın region maraqlarına və dövlətçiliyinə ən böyük təhlükədir. İran bu amili nəzərə alaraq Rusiya ilə sıx əməkdaşlıq etmək məcburiyyətində qalacaq və öz ordusunu silahlandırmaq üçün Rusiyadan daha çox silah alacaq. Hətta gələcəkdə Cənubi Qafqazda ABŞ-a qarşı İranla Rusiya arasında bir hərbi ittifaq da bağlana bilər. Bu həm Rusiyanın, həm də İranın maraqlarına uyğun olar. Ymumilikdə müharibə mənfi nəticələrlə yadda qalacaq. Artıq Rusiya ilə ABŞ arasında gərgin münasibətlər yaşanmağa başlayıb. Buna əməli misal kimi 2008-ci il avqustun 15-dən 23-dək Rusiya, Böyük Britaniya, Fransa və ABŞ-ın hərbi dəniz donanmasının Yapon dənizində nəzərdə tutulan "FRUKUS-2008" adlı hərbi təlimlərini göstərmək olar ki, ABŞ və Böyük Britaniya bu təlimlərdə iştirak etməkdən imtina etdilər. Təlimlər Fransa və Rusiya tərəfindən həyata keçirildi. Bəs hadisələr konkret olaraq necə cərəyan edə bilər? ABŞ dəfələrlə bəyan etdi ki, Cənubi Qafqazda Rusiyaya qarşı hərbi əməliyyatlar aparmaq niyyətində deyil. Lakin dünyada Rusiyanı iqtisadi və siyasi cəhətdən zəiflətmək üçün bir çox tədbirlərə əl atacaq. Bu tədbirləri aşağıdakılar hesab etmək olar: Rusiya ilə beynəlxalq əməkdaşlığı məhdudlaşdıracaqdır; Rusiyadakı xarici investorların fəaliyyətini məhdudlaşdırmağa çalışacaqdır; Rusiyanın bəzi şirkətlərinə qarşı iqtisadi sanksiyalar da tətbiq edə bilər; Dünya bazarında neftin qiymətini aşağı salmağa çalışacaqdır; Dünya maliyyə təşkilatlarının Rusiyadakı fəaliyyətlərini məhdudlaşdırmağa səy göstərəcək; Rusiyanın Avropanı enerji ilə təmin edə biləcək şimal və cənub istiqamətli layihələrinin həyata keçirilməsinin qabağını kəsməyə çalışacaqdır və hətta bu istiqamətdə Avropaya da təsir göstərəcək; Türkiyənin Avropa İttifaqına daxil olmasına kömək edəcəkdir; Şərqi Avropa ilə hərbi əməkdaşlığı gücləndirəcəkdir (artıq ABŞ-la Polşa arasında ABŞ-ın Polşada RƏM elementlərinin quraşdırılması haqqında müqavilə imzalandı); Gürcüstan və Ukrayna hesabına NATO-nun sıralarını genişləndirmək siyasəti həyata keçirəcək; Fransanın Rusiya siyasətini dəyişdirməyə çalışacaq. Rusiya isə bunun əvəzində maliyyə böhranı yaşamamaq üçün: silah ixracını artıracaq; yeni silah texnologiyalarına sahib olmaq uğrunda çalışacaq; Keçmiş SSRİ respublikaları ilə iqtisadi və siyasi əlaqələrini gücləndirməyə çalışacaq. Elşən Nəsibov politoloq (əvvəli ötən saylarımızda) express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar