SON XƏBƏRLƏR

Gənclik, sosial fəallıq və toplumun gələcəyi

2021.10.20, 07:36
Gənclik, sosial fəallıq və toplumun gələcəyi

Gunaz.tv
Gənclik, sosial fəallıq və toplumun gələcəyi Azərbaycan gəncliyinin tarixi vəzifələri haqqında Azərbaycan gəncliyi üçün daha əhəmiyyətli tarixi mərhələ başladığının fərqinə varılmalıdır. Situasiya keyfiyyətcə yeni çalarlar kəsb edir. Azərbaycan cəmiyyətinin daxili sosial-iqtisadi, siyasi və kültür parametrlərinin dəyişməsi ilə yanaşı, bölgədə cərəyan edən geosiyasi proseslərin diqtəsindən formalaşan regional mənzərə yeniləşir. Bu iki müstəvidə baş verən hadisələrin qarşılıqlı təsiri istər-istəməz toplumun gənc təbəqəsinin daha fəal olmasını tələb edir. Niyə məhz gənc təbəqə? Çünki indi müşahidə edilən dəyişikliklər əslində gələcəyin obrazını formalaşdırır. Gələcək isə sosial mənada gənclərin əsas sosial aktor olduğu məkan və zaman çərçivəsidir. Ona görədir ki, o situasiyalara məhz gənclər hazır olmalıdırlar. Bunun təməli isə bu günlər qoyulur. Gənclər zamanın nəbzini tutaraq hadisələrin qaynar hissəsində olmalı və dövlətçilik naminə fəallıqlarını artırmalıdırlar. Bir sözlə, cəmiyyətin mənəvi-əxlaqi, sosial, iqtisadi, kültürəl və siyasi özdəyərlərinin qorunması işində gənclərimizin qeyrət göstərməsinə ehtiyac çoxalıb. O cümlədən, ölkəmizdə sabitliyin saxlanmasında və seçkinin tam demokratik keçirilməsində gənclərin təşəbbüskar iştirakı vacibdir. Real vəziyyət necədirğ Gənclər təşkilatlarının əksəriyyətinin həm daxili, həm də regional aktual proseslərə münasibətini görmürük. Onların bir qismi fərdi problemləri ilə məşğul olurlar. Bu qismin sosiallaşması xeyli çətin olacaq. Çünki şəxsi maraqlar çərçivəsində fırlanan təşkilatın ümumtoplum səviyyəsində səmərəli olması mürəkkəb psixoloji məqamlardan yaxa qurtarmaqla baş verə bilər. Digər qism təşkilatlar fərqli siyasi qüvvələrin təsiri altına düşərək, yanlış işlərə baş vurmaqdadırlar. Onlar gənc kimi yetişib topluma və dövlətə səmərə vermək əvəzinə son məqsədi tam aydın olmayan siyasi dairələrin sifarişlərini yerinə yetirməyə cəhdlər edirlər. Bu işlərin sonu adətən gənclərin həyatının pozulması olur. Məsələn, vaxtsız olaraq həbslərə düşürlər. Digərləri isə Vətənə münasibətdə yanlış işlər görürlər və düşmən əlinə oynayırlar. Bu kimi gənclərimizin taleyinə yazıq. Bunlarla yanaşı, Azərbaycan gəncliyinin böyük əksəriyyətini birləşdirən təşkilatlar var ki, onlar ölkənin həyatında aktiv mövqe tutmaqdadırlar. Məhz həmin kəsim dövlətçiliyin inkişafında, toplumun demokratikləşməsində və gənclərin aktiv fəaliyyətdə bulunmasına ciddi yardımlar edirlər. Məsələn, "İrəli" gənclər təşkilatı bütün ölkə miqyasında gənclərin seçki fəallığının artırılması üçün işlər görür. Bu təşkilat seçkini təşviq edir, gənclərlə seminarlar keçirir və onlara sosial fəaliyyətin mahiyyətini anlatmağa çalışır. Bu kimi fəaliyyətlər gənclərin dövlətə, cəmiyyətə və siyasi proseslərə açıq gözlə baxmasına güclü dəstək verir. Burada gənclərin özünün nümunə olması faktı olduqca əhəmiyyətlidir. Deyək ki, Pekin Olimpiadasında uğur qazanan gənclərimizin davranışı bir nümunədir. Fəxri kürsüdə bayrağımıza baxıb, himnimizi eşidib gözləri yaşaran gənc Vətənə, millətə və dövlətə sıx bağlı insandır. Azərbaycan gənci himnin sədalarından təsirlənir, bayrağına sarılıb, həyəcanlanırsa, onun qəlbində dövlət və millət sevgisi böyükdür. Bunu görən gənclərimiz çox tərbiyəvi hisslər keçirirlər. Onlar əyani surətdə hər bir gəncin uğurunun əsl səbəbini - Vətən sevgisini daxilən bir anlığa yaşayırlar. Bu da dünyada ən səmərəli tərbiyə üsuludur. Ancaq Olimpiadalarda gənclərimizin uğur qazanmasına dayaq olan faktor - Azərbaycan rəhbərliyinin yeritdiyi gənclər siyasəti yaddan çıxmamalıdır. Ölkə prezidenti şəxsən gənc idmançını bağrına basırsa, bunun əhəmiyyəti əvəzedilməzdir. Məhz bu kimi məqamlarda vətəndaşla dövlət başçısının, toplumla müstəqil dövlətin birləşməsi özünü göstərir. Bütün bu məqamlar tarixidir. Azərbaycanda vətəndaşlarla dövlətin birliyinin nümayişidir. Sonucda onlar Azərbaycan gəncliyinin gələcəyə hazırlanmasını ifadə edir. Bu prosesdə gənclər təşkilatlarının üzərinə nə kimi məsuliyyətli vəzifələr düşdüyünü avtomatik təsəvvür etmək olar. Daha vətənpərvər, daha fəal, qlobal təfəkkürlü gənclərin yetişməsi dövlətin gələcəyinin işıqlı olmasının vacib şərtlərindən biridir. Şahin Məhəmmədoğlu olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar