SON XƏBƏRLƏR

İRANda İNSANLAR ÖZ İNANCLARINI MÖVCUD HAKİMİYYƏTDƏN QORUYURLAR

2021.10.20, 07:36
İRANda İNSANLAR ÖZ İNANCLARINI MÖVCUD HAKİMİYYƏTDƏN QORUYURLAR

Gunaz.tv
İNSANLAR ÖZ İNANCLARINI MÖVCUD HAKİMİYYƏTDƏN QORUYURLAR İran rəhbərliyinin keçirdiyi dini mərasimlərə etinasızlıq göstərmək yolu ilə S.SOLTAN İrandakı mövcud hakimiyyət islamla pərdələnir və bu dinin adına yaraşmayan çeşidli əməllər törədir. Ölkədə milli haqlarını, o cümlədən ən adi haqqını - ana dilində təhsil almaq hüququnu tələb edən höccətülislam Əzimi Qədim həbs olunur, ona dini xadimlərin özəl formasını geymək yasaqlanır. Təbii və qanuni haqqını tələb edən bir din xadimini İslam Respublikasının rəhbərliyi din və dövlət təhlükəsizliyi adı altında "cəzalandırır"... Təəssüflər olsun ki, islam adı altında oyunlardan çıxan, çeşidli naqis əməllər törədən Tehran hakimiyyəti bu işlərinə görə nə müsəlmanlar, nə də başqaları tərəfindən cəzalandırılır. "Baybak"ın məlumatına görə, 15 avqust şiələr, o cümlədən Azərbaycan müsəlmanlarından ötrü önəmli bayram sayılır. Həmin gün şiələrin 12-ci imamı Mehdinin anadan olan gündür. Bu bayramı heç bir rejimdən asılı olmayaraq, azərbaycanlılar hər zaman çox şərafətli bir tarix kimi qeyd edirlər. Tehran hakimiyyəti isə həmin gündən öz məqsədi üçün yararlanmağa çalışır. Belə ki, mömin azərbaycanlılar çeşidli şəhərlərdə, o cümlədən Təbrizdə həyət və məhəllələrdə bu günü özlərinə məxsus bayarm kimi keçiriblər. Həmin tədbirdə iştirak edənlərin sayı hakimiyyətin həmin günlə bağlı gerçəkləşdirmək istədiyi mərasimə toplaşanların sayından qat-qat çox olur. Bu dəfə də belə olub. Yerli müşahidəçilərin fikrincə, İslam Respublikası rəhbərliyinin tədbirinə əhalinin etinasızlığı, əslində, hakimiyyətin islam adı altında fəaliyyətinə passiv etirazdan irəli gəlir. Başqa sözlə, əhali dininə mövcud hakimiyyətsiz belə sadiq qaldığını, habelə bu inancın ayin və törənlərinə kiminsə təkidi ilə əməl etmədiklərini nümayiş etdirib. Ən təəccüblüsü isə hakimiyyətin insanların könüllü şəkildə keçirdikləri mərasimləri öz adına çıxmasıdır. Xatırladaq ki, bir müddət əvvəl Təbrizdə Tehran hakimiyyəti oxşar mahiyyətli saxtakarlığa əl atmışdı. "Ayna"nın ötən saylarından birində bildirmişdik ki, Milli Hərəkatın öz yolu ilə durmadan getdiyini görən İslam Respublikasının rəhbərliyi ölkə içində və onun dışında olan panfarsist və paniranist qüvvələr, o cümlədən şahçılarla birləşməkdən belə vaz keçə bilmir. İran daxilində və xaricindəki farsdilli informasiya mənbələrinin bir neçə ay öncə yaydığı xəbərdə deyilirdi ki, guya 200 min azərbaycanlı Təbriz şəhərinin küçələrinə çıxaraq, "Fars körfəzi"nin "Ərəb körfəzi" adlandırılmasına etiraz aksiyası keçiriblər. Güney Azərbaycandan yayılan məlumatlar bunun kökündən yanlış olduğunu isbatlamışdı. Mənbə gerçək olay haqda bunları bildirmişdi: "Şərqi Azərbaycan əyalətinin idman idarəsi mayın 2-də təbrizliləri müəyyən zaman ərzində sağlamlıq yürüşü etməyə dəvət edib. İdarə dəvətlilərə onu da vəd edibmiş ki, bu qaçış marafonunda xüsusi fərqlənənlərə mükafat veriləcək. O biri yandan isə xaricdə yaşayan bir neçə şahçı azərbaycanlı bu qaçış marafonunu "İranın bütövlüyü və demokratikləşməsi uğrunda Azərbaycan hərəkatı"nın aksiyası kimi qələmə vermişdi. Təbrizdə idman idarəsinin bildirişi yayıldıqdan sonra həmin qruplar məlumat yayaraq yerli əhalidən "Fars körfəzi" adının "təhrifinə" etiraz olaraq yürüş keçirmələrini istəmişdi. Həmin yürüşdən çəkilən fotoşəkillərdə heç bir siyasi və ya başqa yönlü şüarın olmadığı aydın görünürdü. Şahçılar və İranın Milli Təhlükəsizlik Nazirliyi kimi dövlət qurumlarının məmurları bu idman yürüşünə siyasi don geyindirmək məqsədi ilə tədbir iştirakçılarından kənarda bir neçə nəfərin əlinə plakat verərək, şəklini çəkib və istəyini həyata keçirməyə çalışıb". Mənbənin bildirdiyinə görə, təəssüf ki, bu xəbəri ABŞ Konqresi tərəfindən maliyyələşən, gecə-gündüz farsca yayımlanan "Fərda" radiosu da Tehran hakimiyyətinin istəyinə uyğun yayımlamışdı... Əslində Tehran hakimiyyətinin islam adı altında yürütdüyü siyasət ölkədə bir çox din xadimləri tərəfindən kəskin tənqid edilir. Bir müddət öncə prezident M.Əhmədinijat özünü şiələrin 12-ci imamı Həzrəti-Mehdinin davamçısı kimi təqdim edərək, insanları onun zühur edəcəyi günün yaxında olduğuna inandırmağa çalışıb. Din xadimləri, ayətullalar hökumət başçısının bu sayaq çıxışlarından narahat olduqlarını söyləyərək, ona ölkənin gerçək problemləri ilə məşğul olmağı məsləhət görmüşdülər. İlahiyyatçı tələbələr qarşısında çıxışı zamanı prezident demişdi: "İmam Mehdi İranın gündəlik siyasətində mühüm rol oynayır". Onun sözlərinə görə, ölkədəki hadisələrə 12-ci imamın təsiri günü-gündən daha aydın görünməkdədir. M.Əhmədinijatın dediklərinə aparıcı din xadimlərindən biri, Mübariz Ruhanilər Birliyinin sözçüsü ayətulla Qulamrza Mesbani-Müqəddəm və İran parlamentindəki "Hizbullah" fraksiyasının üzvü Əli Əsgəri münasibət bildirmişlər. Q. Müqəddəm deyib: "Prezident Əhmədinijat daha gerçək problemlərdən, məsələn, inflyasiyanın 20 faizə çatması kimi məsələlərdən danışsaydı, yerinə düşərdi". Yəni gündəlik iqtisadi və sosial çətinliklər barədə daha çox düşünməlidir. Keçmiş deputat ayətulla Bədaşti Mahmud Əhmədinijatın parlamentdə izahat verməsini tələb etmişdi: "İmam Mehdinin adını gündəlik siyasi məsələlərə qatmaq, özünü onun himayəsində göstərmək və bu fikri siyasi məqsədlər üçün insanlara aşılamaq bizim şiə və islamçı məntiqimizə qarşı çıxmaqdır. Bütün bunların qarşısını almaqdan ötrü prezident parlamentə çağırılmalı və ondan izahat tələb olunmalıdır". ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar