SON XƏBƏRLƏR

ƏSƏDİN RUSİYA SƏFƏRİ KARTLARI QARIŞDIRDI

2021.10.20, 07:36
ƏSƏDİN RUSİYA SƏFƏRİ KARTLARI QARIŞDIRDI

Gunaz.tv
ƏSƏDİN RUSİYA SƏFƏRİ KARTLARI QARIŞDIRDI 35397_1 Lakin bununla belə Moskva Suriyaya "həssas" silahlar verməyə tələsmir İ.UMUDLU Suriya prezidenti Bəşər Əsədin Rusiya səfəri və bu iki ölkə arasında danışıqların yenidən fəallaşması Yaxın Şərq məsələsində kartları qarışdırmışdır. İsrail mətbuatına istinadən, bu gəlişmə, bu ərəb ölkəsi ilə Rusiya arasında hərbi əməkdaşlığa yenidən ton verilməsi, hətta Suriyada Rusiya hərbi-dəniz bazasının yaradılacağı barədə mülahizələr İsrail siyasi çevrələrində ciddi narahatlıq yaratmışdır. Hətta bərk qorxmağa başlayıblar ki, İsrail ABŞ və Rusiya arasında mübarizə meydanına çevrilə bilər. Bəlli olduğu kimi, Bəşər Əsədi prezident Dmitri Medvedyev Soçidə avqustun 21-də qəbul etmişdi və Rusiya mətbuatının yazdığına görə, dövlət başçıları "ümumi dil tapmışdılar". Suriya Yaxın Şərqdə Moskva üçün açar-tərəfdaş ölkədir. "Soyuq savaş" illərində onlar müttəfiq idilər, lakin 90-cı illərin əvvəllərində münasibətlər zəiflədi. Son illər yenidən yaxınlaşma hiss olunur. Xüsusən də Qərb Suriyanı İraqın timsalında ciddi şəkildə hədələməyə başladıqda bu münasibətlər daha da istiləşdi. Belə bir ehtimal da var ki, Rusiya keçmiş sovet bloku ölkələrini yenidən öz qanadı altına yığmaq fikrinə düşmüşdür. Hazırda Rusiyanın nəhəng şirkətlərinin Suriyada iri biznesi mövcuddur və arada sıx təmaslar saxlanılır. Təsadüfi deyil ki, bu, Suriya liderinin iş başına keçdikdən sonra Rusiyaya artıq üçüncü səfəri idi. Verilən bilgilərə görə, Bəşər Əsəd Suriyanın Türkiyə vasitəsilə İsraillə birbaşa olmayan təmaslarına Rusiyanın təsir göstərməsini istəyib ki, tənzimlənmə prosesində bir irəliləyiş olsun. Medvedyev buna dair konkret bir cavab verməyib. Siyasi, iqtisadi və sair sferalarda əməkdaşlıq məsələləri ilə yanaşı (iki ölkə arasında mal dövriyyəsi 1 mlrd. dollara yaxındır), Suriyaya Rusiya silahı verilməsi, hərbi əlaqələri genişləndirmək barədə müzakirələr getmişdi və son iki gündə bu aspekt dünya mətbuatının gündəmində aktual mövzulardan biri olaraq qalır. Söhbət Rusiya raket komplekslərinin Suriya ərazisində yerləşdirilməsindən və Suriyanın Aralıq dənizi sahilindəki limanlardan birində Rusiya hərbi dəniz donanmasına aid baza yaradılmasından gedir. Təbii ki, bu, İsrail üçün arzuedilməz gəlişmədir və nəzəri olaraq Suriya İsrailin işğalı altındakı Colan təpələrini azad etməyə başlasa, İsrail Suriya ilə istədiyi kimi rəftar edə, başqa sözlə, onun təyyarələri Suriya səmasında sağa-sola uça, istədiyi obyektləri bombalaya bilməyəcək. Bütün bunlarda incə bir nüans var - bu mövzunu mətbuata sızdırmaqla Rusiya İsrailə anlatmaq istəmişdi ki, Gürcüstana silah göndərişini dayandırsın. Əks təqdirdə, o da Suriyanı "həssas" silahlarla təchiz etməyə başlayacaq. Odur ki, Bəşər Əsəd Soçiyə enməzdən əvvəl Yehud Olmert Dmitri Medvedyevə zəng vurub Gürcüstana silah göndərməyəcəklərini söyləmişdi. Ruslar nöqtəyə vurmuşdular. Həmin telefon zəngində Medvedyev İsrailin Moskvada keçirilməsi planlaşdırılan Yaxın Şərq konfransında iştirakını vacib sanmışdı. Əgər İsrail bu konfransa gəlməyə razılıq versə, Moskva Suriya ilə müdafiə sahəsində əməkdaşlığına yenidən baxa bilər. Suriya prezidenti Soçidə siyasi gediş edərək Rusiyanın Gürcüstana qarşı davranışını təqdir edən açıqlamalar verdi. Bəşər Əsəd Rusiyadan "İsgəndər" tipli zenit-raket kompleksi və S-300 hava hücumundan müdafiə sistemləri almağa çalışır. Bunlar "həssas" silahlar sırasına aiddir, Rusiya tərəfi bunları verməyə "hə" deməyə hələlik tələsmir. Bəlli olduğu kimi, hazırda Suriya ruslardan yalnız MiQ-29 təyyarələri alır və Moskva mətbuatı yazır ki, Su-30 cəbhə qırıcısı, bir az aşağı effektli "Pantsir-S1" və "Buk-M1-2" zenit-raket kompleksləri alver mövzusu ola bilər. Sözügedən "İsgəndər"in ixrac modelini vurmaq mürəkkəb işdir, onun uçuş məsafəsi 200 km təşkil edir və onlar Suriyanın əlində olarsa, onun konvensional döyüş başlıqları İsrailin istənilən nöqtəsini vura biləcək. The Yerusalem Post qəzetinin yazdığına görə, Rusiyanın İsraildəki səfiri Anatoli Yurkov bəyanat verərək Rusiyanın Suriyada "İsgəndər" müasir raket sistemi yerləşdirmək niyyətində olmadığını demişdir. O məmnunluğunu bildirib ki, İsrail Gürcüstana silah göndərişini dayandırıb. Lakin hazırkı dünya siyasi konyunkturasında ABŞ-ın raketdən müdafiə obyektlərini Çexiya və Polşada yerləşdirməsinə cavab olaraq Suriyanın öz ərazilərini Rusiya raketlərinə açıq elan etməsi "başsız cəsarət" sayaq bir iş olardı. Və təsadüfi deyil ki, dünən Suriyanın rəsmi şəxsləri Dəməşqdə bu məlumatları təkzib edən açıqlama ilə çıxış ediblər, guya, Bəşər Əsəd belə bir təkliflə çıxış etməyib. Bir sözlə, Bəşər Əsəd Soçidən bu dəfə heç də çamadanı dolu qayıtmayıb. Lakin İsraili qorxudaraq qayıdıb. Rusiya öz məqsədinə nail olub: hər halda, İsraildən Gürcüstana silah göndərişinin dayandırıldığı barədə söz alıb. Bizcə, söhbət məhz bundan gedir və dünya yəhudi kapitalını öz üzərinə qaldırmaq heç də Rusiyanın faydasına olmazdı. Amma İsrail vədini pozarsa, Rusiyanın Suriyaya onun istədiyi silahları ötürməsi çətin bir iş olmaz. Bütün bunların fonunda İsrailin "ikinci Gürcüstan"a - ABŞ və Rusiyanın mübarizəsi üçün arenaya çevrilmək qorxusunun heç də əsassız olmadığı üzə çıxır. "The Times" nəşrinin yazdığına görə, İsrailin bir başqa qorxusu ondan ibarətdir ki, Qafqazda xaos yaranarsa, Xəzər bölgəsindən neft və qazın Türkiyə vasitəsilə Qərbə axınında fasilə başlayar, nəticədə Qərb üçün İranın - neft və qazla zəngin olan başqa bir ölkənin (onun qəddar düşməninin) önəmi artar və İran bundan faydalanaraq öz nüvə proqramını uğurla yerinə yetirər. İsrailin "The Yerusalem Post" qəzetinin yazdığına görə, Rusiya XİN başçısı Sergey Lavrov deyib ki, onun ölkəsi Suriyanın silah barədə sorğusunu gözdən keçirməkdədir, "yer-hava" sistemli müasir "Strelets" raketləri söhbət mövzusudur. Lakin S.Lavrov deyib ki, Suriyaya verilən bütün silahlar istisnasız olaraq müdafiə xarakteri daşıyacaq və bölgədə strateji balansın dəyişilməsinə gətirib çıxarmayacaq. Yaranmış vəziyyətə İsrailin xarici işlər naziri Sipi Livni də münasibət bildirib. Livni jurnalistlərə deyib ki, onun fikrincə, Rusiyanın yanaşması ölçülü-biçili olacaq. Rusiyanın bölgədə öz maraqları var və heç kəs bu bölgədə sabitliyin məcrasından çıxmasında maraqlı deyil. Gürcüstana verdikləri silahlara gəlincə, Livni deyib ki, hər növbəti silah satışı sövdəsi diqqətlə öyrənilmiş və İsrailin Rusiya ilə münasibətləri nəzərə alınmışdır. Livni deyib ki, Rusiya - NATO münasibətlərinin pisləşməsi İranın nüvə proqramına müsbət təsir göstərməyəcək. Çünki Rusiya da daxil olmaqla dünya liderləri arasında yekdil anlayış mövcuddur ki, nüvə silahına malik olan İrana dözmək olmaz, problem İranın bu silahı əldə etməsinə hansı yolla mane olmaqdadır.ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar