SON XƏBƏRLƏR

RUSİYADAN AZƏRBAYCANA DAİR TƏHLÜKƏLİ PROQNOZLAR

2021.10.20, 07:36
RUSİYADAN AZƏRBAYCANA DAİR TƏHLÜKƏLİ PROQNOZLAR

Gunaz.tv
RUSİYADAN AZƏRBAYCANA DAİR TƏHLÜKƏLİ PROQNOZLAR 35405_1 Kreml postsovet məkanını hərbi-siyasi ssenarilər çərçivəsində idarə etməyə başlayır: əvvəlcə proqnozlar səsləndirilir və sonra onlar yerinə yetirilir C.SÜMƏRİNLİ Rusiyanın "Voyenno-promışlennıy kuryer" ("VPK") qəzetinin 2008-ci ilin yanvar ayında dərc olunmuş saylarından birində cari ildə MDB üçün hərbi-siyasi ssenaridə lokal müharibələr və münaqişələrin baş verəcəyi ilə bağlı proqnozlar əksini tapmışdı. O zaman bu məqalədə əksini tapan proqnozlar çoxları üçün qeyri-ciddi görünürdü. Amma MDB məkanında, xüsusilə də Cənubi Qafqazda baş verən son proseslər bu proqnozların göründüyü qədər də adi olmadığını ortaya çıxardı. Nəzərə almalıyıq ki, "VPK" rus hərbi elitasına çox yaxın bir qəzetdir və orada Rusiya Müdafiə Nazirliyinin generalları daim öz ismarıclarını lazım olan ünvanlara çatdırırlar. GERÇƏKLƏŞMİŞ PROQNOZLAR ABŞ-ın hərbi-siyasi dairələri tərəfindən hazırlanmış müharibə ssenarilərinin müxtəlif mənbələr vasitəsilə Amerikanın məşhur qəzetlərinə ötürülməsi faktları ictimaiyyətə çoxdan bəllidir. İraqda əməliyyatlara hazırlıq ərəfəsində də belə olmuşdu. Pentaqon indi də bu taktikadan həvəslə istifadə edir: hədəfdə İran, Rusiya və Çindir. Bu gün, göründüyü kimi, Kreml ABŞ-ın müharibə taktikasından istifadə etməyə meyilli görünür. 2006-cı ildən etibarən Rusiyanın hərbi-siyasi elitası planlaşdırılan hərbi əməliyyatlar barədə KİV-ə məlumatlar ötürür və sonradan hər hansı hərbi addımlar üçün zəmin hazırlayır. 8 ay əvvəl "VPK"-da dərc olunmuş məqalədə əksini tapan proqnozları indi diqqətdən keçirmək maraqlı görünür. Bu həm də Kremlin postsovet məkanı ilə bağlı ssenari şəklinə saldığı prosesləri anlamaq baxımından da diqqətçəkəndir. 1. 2008-ci ildə postsovet məkanında hərbi-siyasi vəziyyət qeyri-sabitliklə, qabaqcadan deyilməsi mümkün olmayan hadisələrlə müşayiət olunacaq. Buraya Cənubi Qafqaz regionunda, xüsusilə Dağlıq Qarabağın ətrafında, eləcə də Abxaziya və Cənubi Osetiya ilə sərhədlərdə döyüş əməliyyatlarının bərpa olunması daxildir. Həqiqətən də, cari ildə Cənubi Qafqazda baş verən hadisələri "qabaqcadan demək" mümkün deyildi. 2008-ci ildə bu bölgənin hər yerində döyüş əməliyyatları bərpa olundu. 2. Saakaşvili Cənubi Osetiya və Abxaziya ilə münaqişələri qoşunların köməyi ilə həll etmək istəyəcək. Bunun üçün ən mümkün vaxt - 2008-ci ilin yaz-yay ayları olacaq. Bu zaman dağlarda qar olmayacaq, aşırımlar açılacaq. Cənubi Osetiyada müharibə çox böyük ehtimalla Roks tunelinin blokadaya alınması səylərindən sonra başlayacaq. Eyni zamanda, Tbilisi Suxumiyə 3 tərəfdən müdaxilə edə bilər: Abxaziyanın mühacirətdə olan müvəqqəti hökumətinin yerləşdiyi Yuxarı Kodor istiqamətində, dənizdən desant atılması yolu ilə və İnquri çayı tərəfdən. "VPK" yazırdı ki, Tbilisi tərəfdən döyüş əməliyyatlarının başlanması bütün Cənubi və Şimali Qafqazı partlada bilər. Nəticədə Gürcüstanda yeni siyasi böhran və lider dəyişikliyi mümkündür. Növbəti liderin rusiyayönlü olacağı istisna deyil. Saakaşvilinin Cənubi Osetiya ilə bağlı hərbi planları ilk baxışdan Rusiyaya "ayı xidməti" göstərməsi kimi də qəbul oluna bilər. Amma əsas odur ki, Gürcüstanın gənc prezidenti Rusiyanın hərbi elitasının hazırladığı ssenarinin gerçəkləşdirilməsinə yardım etdi. Amma indi bu ssenari Saakaşvilinin özünün hakimiyyətinə təhlükə törədib. Gürcüstan parlamentinin keçmiş spikeri Nino Burcanadze siyasətə qayıtdığını, "Rusiya ilə normal münasibətlərin qurulması" tərəfdarı olduğunu bəyan edir. "Növbəti lider rusiyayönlü olacaq" ifadəsi təsadüfən Burcanadzeyə aid deyil ki? Sualın bir cavabı var: siyasətdə heç vaxt, heç nə təsadüfi olmur. 3. "VPK" yazırdı ki, 2008-ci ildə Bakı və Yerevan arasında hərbi münaqişə az ehtimal olunandır. Amma lokal toqquşmalar, Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi tam mümkündür. Həqiqətən də, cari ilin martında Qarabağda cəbhə xəttində Azərbaycan və Ermənistan silahlı qüvvələri üz-üzə gəldi və hər iki tərəfdən xeyli sayda itki oldu. O zaman bəzi mənbələr bu toqquşmanın Kremlin təhriki ilə baş tutduğunu deməkdən belə çəkinmirdi. 4. Moldova və Dnestryanı ərazi arasında qarşıdurma münasibətlərinin mövcud olacağı istisna deyil. Dnestryanı ərazidə tərəflər arasında münasibətlər münaqişə xarakteri ala bilər. Amma Rusiyanın 2008-ci ildə Dnestryanı ərazini müstəqil statusda tanıması az inandırıcıdır. "VPK"-nın bu proqnozu hələlik gerçəkləşməyib. Amma ilin sonuna 4 aydan artıq vaxt var. Ona görə də gözləmək lazımdır. 5. Krımda tatarlarla yerli hakimiyyət arasında münaqişənin inkişafı davam edəcək. Son vaxtlar Ukrayna ilə Rusiya arasında siyasi münasibətlər bir qədər gərginləşib. Rusiyanın bir sıra siyasi və hərbi dairələri Krımın Ukraynaya məxsusluğunu şübhə altına salan bəyanatlar səsləndirməkdən belə çəkinmir. 6. Şimali Qafqazda məlum qeyri-sabitlik saxlanılacaq. 7. Rusiya və ABŞ əvvəlki tək qeyri-dost münasibətlərdə qalacaq. Pentaqon Avropanın şərqində raketəleyhinə müdafiə sistemində yeni obyektlərini qurmaqda davam edəcək. Bu günlərdə Vaşinqtonla Varşava arasında ABŞ-ın Polşada RƏM sistemləri qurması ilə bağlı saziş imzalandı. 8. Kosovonun müstəqilliyinin Avropa ölkələri tərəfindən tanınması və postsovet məkanının tanınmamış ərazilərinin oxşar status əldə etməsinə səylər güclənəcək. İlin əvvəlində Avropa ölkələri Kosovonun müstəqilliyini tanıdı. Doğrudan da, bu hadisədən sonra postsovet məkanının tanınmamış qurumları oxşar status əldə etmək uğrunda separat fəaliyyətlərə başladı. 9. Enerji böhranı davam edəcək, neft və qaz qiymətləri artacaq. Bu, Avropa ölkələrinin və ABŞ-ın Rusiyanın hərbi cəhətdən zəiflədilməsinə səy göstərməsinə səbəb olacaq. Bu, ölkənin cənubundakı idarəolunan münaqişələrin dəstəklənməsi yolu ilə baş verə bilər. Eyni zamanda, bu, Rusiya və onun KTST və ŞƏT üzrə müttəfiqləri arasında münasibətlərin mürəkkəbləşdirilməsi yolu ilə gerçəkləşə bilər. 10. Avropada Adi Silahlı Qüvvələrə dair Cinah Sazişi yerinə yetirilməyəcək. Bu, Rusiyanın Avropa hissəsinin hərbiləşdirilməsinə səbəb ola bilər. Eyni zamanda, hərbiləşdirilmə Rusiyanın Baltikyanı dövlətlərlə, Qara dəniz hövzəsi və Cənubi və Mərkəzi Avropa ölkələri ilə sərhədlərini əhatə edə bilər. 11. ABŞ və NATO tərəfindən Əfqanıstanda və İraqda müharibə davam edəcək. Eyni zamanda, Türkiyənin kürdlərlə mübarizəsi davam edəcək. Bu, Orta Asiya və Cənubi Qafqaz ölkələrində əlavə qeyri-sabitliyə səbəb olacaq. Göründüyü kimi, məqalədə əksini tapmış əksər proqnozlar gerçəkləşib. Sadəcə, onlar arasında gerçəkləşməyənlər Ukrayna və Moldova ilə bağlıdır ki, hazırda bu iki ölkə Rusiya ilə konfrontasiya vəziyyətinə girməmək üçün cidd-cəhdlə çalışır. NÖVBƏTİ "QARA PROQNOZLAR" Rusiyanın hərbi-siyasi elitası ilə sıx əlaqələrə malik Modest Kolerov isə bu günlərdə "Reqnum.ru" saytında növbəti proqnozları irəli sürüb. Onun sözlərinə görə, Cənubi Osetiya münaqişəsi nəticəsində aşağıdakı məsələlər siyasi baxımdan daha olmayacaq: 1. Müstəqil Dövlətlər Birliyi. 2. GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova). 3. Baltikyanı ərazidən Xəzərə qədər "Baltik - Qara dəniz qurşağı". 4. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və ona oxşar qurumlar. 5. Özünə Abxaziya və Cənubi Osetiyanı daxil edən Gürcüstan. 6. Azərbaycanın Dağlıq Qarabağa qəfil hücumu. 7. Özünə Dağlıq Qarabağı daxil edən Azərbaycan. 8. Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Xəzər dənizindən Qara dənizə və Aralıq dənizinə tranzit-kommunikasiya dəhlizləri. 9. Azərbaycan, Türkmənistan və Qazaxıstanın Qərbə enerji daşıyıcılarının çatdırılmasında alternativ rolu. 10. Bolqarıstan, Rumıniya, Ukrayna, Moldovanın Qafqaz problemlərində iştirakı. 11. Krımda rus separatizmi. 12. Rusiyanın Adıgey və Krasnodar diyarlarının birləşməsi layihəsi. M.Kolerovun fikrincə, yaxın gələcəkdə aşağıdakı yeni siyasi hadisələr baş verə bilər: 1. Rusiya tərəfindən Cənubi Osetiya və Abxaziyanın tanınması. 2. Ermənistan tərəfindən Dağlıq Qarabağın tanınması (Rusiyanın Gürcüstanın ərazi bütövlüyünə qarşı yönəlik hərbi əməliyyatlarından ruhlanmış ermənilər artıq çərçivədən kənar bəyanatlar verməkdən belə çəkinmirlər. Elə dünən "Reqnum" agentliyi bildirib ki, avqustun 25-də rəsmi Yerevan Dağlıq Qarabağın "müstəqillik"ini tanıya bilər. Bu barədə agentliyə Avropadakı diplomatik dairələrdən məlumat verilib. "Yerevan Dağlıq Qarabağı Moskvanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdığı vaxtda tanıya bilər", - deyə "Reqnum" bildirib - red.). 3. Azərbaycan tərəfindən Şimali Kipr Türk Cümhuriyyətinin tanınması. 4. Gürcüstanın federallaşdırılması (Cənubi Osetiya və Abxaziyasız). Acarıstandan başqa, Kvemo-Kartli (Borçalı) muxtariyyətinin yaradılması (Göründüyü kimi, Rusiya Gürcüstanla bağlı məkrli planlarına Azərbaycanı, daha doğrusu, Gürcüstan azərbaycanlılarını da cəlb etməkdə maraqlıdır - red.). 5. Cənubi Osetiyanın Rusiya ilə (Şimali Osetiya) assosiativ münasibətləri. 6. Rusiya, Türkiyə və İran tərəfindən yaradılmış regional təhlükəsizlik sistemi. 7. Xəzər dənizi ölkələrinin regional təhlükəsizlik sistemi. 8. Rusiya, Türkiyə, İran, Ermənistanın NATO-nun bərabərhüquqlu üzvləri - Azərbaycan və Gürcüstanla regional təhlükəsizlik sistemi (bu proqnozda Azərbaycan və Gürcüstan artıq NATO üzvləri kimi qəbul olunur). 9. Rusiya, Türkiyə və İranın Azərbaycan, Ermənistan və Gürcüstan daxil olmaqla regional təhlükəsizlik sistemi. 10. Rusiya, Türkiyə, İran, Azərbaycan, Gürcüstan, Ermənistanın Abxaziya və Cənubi Osetiya (və Dağlıq Qarabağla? - Kolerov sual verir) ilə regional təhlükəsizlik sistemi. 11. Ermənistan və Rusiyanın Belarus və Rusiya İttifaqına oxşar birliyi. 12. ABŞ tərəfindən İraq Kürdüstanının müstəqilliyinin tanınması. 13. Ukraynanın federallaşdırılması. 14. Moldova və Dnestryanı ərazinin konfederasiyası. M.Kolerov bəzi suallara hələ də cavab tapılmadığını bəyan edir: 1. Azərbaycan və Türkiyənin Gürcüstana münasibətdə vahid cəbhəsi bərpa olunacaqmı? 2. Türkiyə və İranın xüsusilə Kürdüstana qarşı alyansı nə dərəcədə sabit və perspektiv olacaq? 3. Gürcüstan və Azərbaycan NATO-ya nə vaxt daxil olacaq? 4. Ermənistan NATO-ya daxil olacaqmı? 5. Qarabağ nizamlanmasında "torpaq uğrunda sülh" aralıq planı nə vaxt gerçəkləşəcək? 6. Krımda krım-tatar separatizmi nə vaxt siyasi baxımdan gerçəkləşəcək? 7. Türkiyə Rusiyadan sonra Abxaziyanın müstəqilliyinin təminatçısı olacaqmı? 8. Radikal islam qrupları Şimali Qafqazda və eləcə də Abxaziyada hansı məqsədləri müəyyən edəcək? Azərbaycanlı ekspertlər hesab edirlər ki, Rusiyanın siyasi-hərbi elitası ilə sıx əlaqədə olan şəxslərin proqnozlarını qulaqardına vurmaq düzgün deyil. Bu proqnozlar diqqətlə öyrənilməli və Azərbaycanın Rusiya ilə gələcək münasibətləri zamanı nəzərə alınmalıdır. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar