SON XƏBƏRLƏR

REGİONDA BAŞ VERƏNLƏR ABŞ-la İRANI YAXINLAŞDIRA BİLƏRMİ?_Politoloq bunu inandırıcı saymır

2021.10.20, 07:36
REGİONDA BAŞ VERƏNLƏR ABŞ-la İRANI YAXINLAŞDIRA BİLƏRMİ?_Politoloq bunu inandırıcı saymır

Gunaz.tv
REGİONDA BAŞ VERƏNLƏR ABŞ-la İRANI YAXINLAŞDIRA BİLƏRMİ? Politoloq bunu inandırıcı saymır Regionda vəziyyət getdikcə mürəkkəbləşir. Kremlin Gürcüstana hücumla başlayan Cənubi Qafqazı yenidən öz nəzarəti altına almaq planından geri çəkilmək istəməməsi göz önündədir. Rusiya qoşunlarını Gürcüstan ərazisindən çıxarmağa tələsmir, Bakı-Tiflis-Ceyhan (BTC) neft kəmərinin fəaliyyətini iflic etməyə çalışır. Qərb isə Rusiya ilə ehtiyatlı davranır. Düzdür, son vaxtlar Kremlin ünvanına sərt bəyanatlar verilir, Rusiya quldur adlandırılır, amma bütün bunlar hələ mövcud situasiyanın dəyişməsinə səbəb olmur. Artıq elə bir böhranlı vəziyyət yaranıb ki, Azərbaycan öz neftini dünya bazarına çıxarmaq üçün İrana müraciət etmək zorunda qalıb. BTC Türkiyə ərazisində partladıldıqdan az sonra Rusiya Gürcüstana hücum etdi. Bundan sonra Bakı-Supsa kəməri də fəaliyyətini dayandırdı. Həmçinin Tiflis yaxınlığında körpünün partladılması da Azərbaycan neftinin dəmir yolu ilə ixracını əngəllədi. Faktiki olaraq, Azərbaycan neftini bu gün dünya bazarına çıxarmaq müşkülə çevrilib. Görünür, yaxın vaxtlarda ənənəvi marşrutlarla neft nəqlinin bərpa ediləcəyi ehtimalı az olduğundan Azərbaycan hakimiyyəti İrana üz tutmalı olub. Bu məlumatın yayılmasının bp şirkətinin vitse-prezidenti Endi İnqlis Bakıya səfər etdikdən sonraya təsadüf etməsi onu deməyə əsas verir ki, neftin İran tankerləri vasitəsilə daşınması Azərbaycan hakimiyyətinin istəyi deyil. Görünür, bu barədə Qərb dairələrində müəyyən müzakirələr gedib və ümumi razılıq əsasında Azərbaycan İrana neft nəqli üçün müraciət edib. Azərbaycanın bu addımı özbaşına atması mümkün deyil. Çünki Azərbaycan neftini hasil edən Qərb şirkətləridir, onların razılığı olmadan bu məsələ ilə bağlı hər hansı addım atıla bilməz. Deməli, Cənubi Qafqazda baş verən hadisələr İranın çəkisini artırıb. Bu baxımdan düşünmək olar ki, enerji məsələlərində maraqlarını təmin etmək üçün Qərb İranla münasibətləri yaxşılaşdıra bilər. Ekspert bunu mümkün sayırmı? Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz politoloq Vəfa Quluzadə neftin daşınması üçün İrana müraciət edilməsi haqda informasiyaları o qədər də ciddi hesab etmir: “Bu məlumatları şayiə hesab edirəm. Və inanmıram da ki, neftin nəqli üçün İrana müraciət edilsin. Çünki buna ehtiyac yoxdur. Azərbaycan nefti dünya bazarına Bakı-Tiflis-Ceyhan, Bakı-Supsa kəmərləri vasitəsi ilə çıxır və çıxacaq. İranın burada yeri yoxdur. İran getsin Ermənistana neft, qaz kəməri çəksin. Məndə olan məlumatlar bundan ibarətdir ki, BTC artıq işə düşür və fəaliyyətini bərpa edir. Ona görə də başqa marşrutlar axtarılması haqda informasiyalar inandırıcı deyil. Bu səbəbdən də demək olmaz ki, ABŞ-İran yaxınlaşması realdır”. Orxan QARAÇAYLI musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar