SON XƏBƏRLƏR

Erməni xislətini ifşa edən "Ölüm tanqosu"_İ. HEYDƏROĞLU

2021.10.20, 07:36
Erməni xislətini ifşa edən "Ölüm tanqosu"_İ. HEYDƏROĞLU

Gunaz.tv
Erməni xislətini ifşa edən "Ölüm tanqosu" İ. HEYDƏROĞLU Aqillərdən birinin dediyi kimi, ideoloji mübarizə milyonların zehni və qəlbi uğrunda aparılan mübarizədir. "Qarabağ problemi" ilə əlaqədar reallıqlar, istərsə də ermənilərin heç bir dəlil-sübuta əsaslanmayan saxta tarixlərini ifşa edən, həm də elmi tutumuna görə, necə deyərlər, "Biləcəridən o yana keçə bilən" ədəbiyyatın yaranması və yayılması hazırkı zamanda olduqca vacibdir. Bu baxımdan Azərbaycan MEA-nın İnsan Hüquqları İnstitutunun direktoru Rövşən Mustafayevin tanınmış Avstriya professoru Erik Fayqlın resenziyası, İsrail alimi Lev Spivakin rəhbəri olduğu Sosioloji İnstitutun məsləhətçiliyilə Moskvada rusca nəşr olunan "Ölüm tanqosu" ("Tanqo smerti") kitabı xüsusilə diqqəti cəlb edir. Məlumdur ki, hər hansı düşmənlə mübarizədə müvəffəqiyyət qazanmaq üçün ən mühüm şərtlərdən biri onun güclü və zəif cəhətlərini yaxşı-yaxşı öyrənməkdir. Bu baxımdan müəllifin erməniliyin "siyasi mətbəxinə" xeyli yaxından bələd olması, ayrı-ayrı ideoloqların fikirlərini yüksək səviyyədə professionallıqla araşdırması, onların arasındakı müxtəlif ziddiyyətləri zərgər dəqiqliyi ilə təhlil etməsi kitabın əhəmiyyətini qat-qat artırır. Belə ki, müəllif təkcə ermənilərin nə istədiyini yox, ümumiyyətlə erməniliyi tədqiq və ifşa edir. Hələ kitabın əvvəlində müəllif erməniliyin ideoloqlarından olan erməni uşaq yazıçısı S.Vardanyanın belə bir fikrini verir ki, bəs, Ermənistanın 12 "paytaxtı" var. Sonra isə bu fikir bir az da dərinləşdirilərək bildirilir ki, guya Ermənistanın 22 paytaxtı olub. Özü də hansı şəhərlər? - Tbilisi, Diyarbəkir, Bakı, Odessa, Kiyev, Yerusəlim, Soçi və başqa şəhərlər. Hesab edirəm ki, Rövşən müəllimin ermənilərin öz dillərindən onların "paytaxtları" sırasında Ukraynanın, Gürcüstanın, İsrailin, Rusiyanın şəhərlərinin adlarını verməsi nəticə etibarilə həm də adları çəkilən ölkələrə ermənilərin "iç üzünü" daha dərindən açır. Elə oradaca müəllif ermənilərin belə cəfəngiyyatlarla özlərini çıxılmaz vəziyyətə saldıqlarını bildirir. Yenə də erməni ideoloqlarının öz dilindən deyir: "Biz özümüzü də, xalqımızı da aldatmalıyıq və məğlubiyyətimizi qəbul etməməliyik" (Q.Matevosyan); "Vətən Allahdan daha önəmlidir, vətəndən önəmli - kilsədir, kilsədən önəmli - böyük Tiqrandır, Tiqrandan önəmli - Böyük Ermənistandır" (S.Kaputikyan) və s. Müəllif erməniliyin "erməni əlifbasının" meydana gəlməsinin 1600 illik yubileyi ilə əlaqədar keçirilmiş tədbirlərdə tam iflasa uğramasını da elə radikal ideoloqlardan sayılan O.Kaçarnuninin dili ilə verir. O.Kaçarnuni burada bildirir ki, əvvəlki illüziyalar erməni xalqının işini artıq çıxılmaz vəziyyətə salmışdır. Belə ki, Livandakı erməni icması öz dini rəhbərlərinin dili ilə ABŞ-ı özünə düşmən sayan "Hizbullah"ı müdafiə etdi. Halbuki ABŞ-da erməni əsilli olan bir çox transmilli korporasiyaların rəhbərliyində təmsil olunanlar belə mövqe ilə barışa bilməzlər. Həm də Dağlıq Qarabağa az-çox yatırım qoyan da onlardır. Yuxarıda qeyd edilənlərdən başqa bir vaxtlar erməniləşdirilmiş hind xristian kilsəsinin ardıcılları olan qaraçılar getdikcə daha qətiyyətlə özlərinin qeyri-erməniliklərini iddia edirlər. Bundan başqa Londonda Levon Yepiskoposyan amşen ermənilərinin "dayanıqlıq dərəcələrini" molekulyar səviyyədə öyrənmək istərkən qeyri-adi bir vəziyyət yaranmışdı. Habelə digər "ermənilər" - erməni-alavilərə də onları ata xətti versiyası ilə diaqnostika etmək cəhdi xoş gəlməmişdi. Bir sözlə bu gün vaxtilə erməniliyin öz etnokorporasiyalarına qatdığı bütün qeyri-müsəlman icmalar özlərinin identifikasiya məsələlərini qaldırmışlar. Doğrusu yuxarıda göstərilənləri nəzərdən keçirdikcə müəllifin erməniliyin lap alt qatlarına necə dərindən nüfuz etməsi adamda heyrət doğurur. Rövşən müəllim kitabda erməniçiliyi, erməni milli ideologiyasının daşıyıcısı olan Daşnak partiyasının iç üzünü açarkən onların bir vaxtlar sosializm ideologiyasına xəyanət edərək faşistlər tərəfinə keçmələrini, hətta Gestaponun şefi Q.Müllerin və işğal olunmuş şərq torpaqlarının idarəsi üzrə nazir A.Rozenberqin birgə səylərilə Hitler tərəfindən ermənilərin ari mənşəli olmalarını qəbul edərək onları özünə müttəffiq saymasını da elə ermənilərin öz dəlillərilə diqqətə çatdırır. E.A.Abramyanın "İz istorii armyanskoqo legiona", V.Ovsepyanın "Qareqin Njde i KQB. Vospominaniya razvedçika" habelə, K.Torosyanın "Vzqlyad s devyatoqo etaja" və s. kimi əsərlərlə bu həqiqətləri ortaya qoyur. Buradaca göstərilir ki, II Dünya müharibəsinin başlanması ərəfəsində alman reyxinin tərkibində 27000-ə yaxın erməni olmuşdur ki, onlardan 3000-i SS və alman kəşfiyyatının "Abver" qurupundaymış. Maraqlıdır ki, almanlar tərəfinə keçən erməni zabitləri arasında vaxtı ilə dinc Azərbaycan qız-gəlinlərinə qoca və uşaqlarına divan tutmuş "sərkərdələr" Dro və Njde də olmuşlar. Onlardan başqa vermaxtın erməni zabitləri arasında erməniliyin nümayəndələri - SS ştandartenfüreri Vardan Sarkisyan, qruppenfürer Razmiq Nazaryan, erməni diaspor qrupunun komandiri, kapitan Misk Torlekyan, "Gebbel" həftəliyinin redaktoru Viqen Şant (Levan Şantın oğlu), almanların antisemit nəşriyyatı "Paykar" və Reyxin alman nəşri "Osank"ın başçısı Suren Bekzaryan və başqaları olublar. Onlar da alman ordusunda ən yüksək rütbəli zabitlərdən sayılırdılar. Kitabda ermənilərin iç üzlərinin belə dəlillərlə açılması, həm də bunun əsasən erməni müəlliflərinin əsərləri əsasında edilməsi əsərin rolunu xüsusilə artırır. Bundan sonra isə kitabda yalnız ermənilərdən ibarət batalyonun yaradılması, onların içində isə 809 saylı cəza batalyonunun xüsusi qəddarlığı, 17645 yəhudini, 2504 qəraimi, 824 qaraçını və 212 partizanı güllələməsi verilir. Elə oradaca bu cəza dəstəsinin əksər üzvlərinin "qəhrəmanlıq" və Hitlerə sədaqətə görə dəmir xaç və "Şərq medalı"nın müxtəlif dərəcələri ilə təltif olunmaları erməni müəlliflərinin öz faktları ilə verilir. Rövşən Mustafayev kitabında onu da qeyd edir ki, erməniçilik ideoloqlarından biri, o vaxtlar faşist rejimi tərəfinə keçmiş Berlin Universitetinin professoru Artaşes Abeqyan nasistlərin rəsmi qəzeti Der Volkischer Beobachterdəki məqaləsində "ermənilərin hind-avropa mənşəli" olduqlarını və semitlərə qarşı barışmaz olmağı təlqin edir. 45-dən çox çox mötəbər ədəbiyyata (həm də rus, ingilis, ivrit dillərində) istinad edilməklə yazılan və erməniləri sözün həqiqi mənasında ifşa edən bu əsər, mən deyərdim ki, bütöv bir ordunun gördüyü iş qədər əhəmiyyətə malik bir kitabdır. Kitabın rus dilində Moskvada nəşr olunması isə erməniçiliyi ifşa etmək üçün xüsusilə əhəmiyyətlidir. Bir oxucu kimi kitabla iki təklif irəli sürmək istərdim. Birincisi, kitabın tirajının xeyli artırılması məqsədəuyğun olardı. Məncə, hazırkı tiraj (cəmi 1000 nüsxə) qətiyyən qənaətbəxş sayıla bilməz. İkincisi isə, çox arzu edərdim ki, bu kitab tezliklə Azərbaycan dilində də işıq üzü görsün. İlqar HEYDƏROĞLU, Salyan şəhər Aşıq Pənah adına 1 saylı humanitar təmayülllü məktəb-liseyin müəllimi 525

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar