SON XƏBƏRLƏR

İranın Baş Prokuroru siyasi fəaliyyətləri ilə əlaqədar tələbələrə xəbərdarlıq etdi

2021.10.20, 07:36
İranın Baş Prokuroru siyasi fəaliyyətləri ilə əlaqədar tələbələrə xəbərdarlıq etdi

Gunaz.tv
Avqustun 19-da İranın Baş Prokuroru Qurbanəli Dorri Nəcəfabadi İRNA Xəbər Agentliyi ilə müsahibəsində bildirib ki, siyasi hərəkatlar yaradan tələbələr sakitləşməsələr, onlara qarşı çox ciddi tədbirlər görüləcək. Bu, İslam İnqilabından sonra tələbələrin əleyhinə səsləndirilən ən sərt mesaj kimi dəyərləndirilir. İran rəsmiləri əvvəllər tələbələrin siyasi fəaliyyətlərinə normal yanaşır və bu cür fəaliyyətləri tələbələrin hüqüqu hesab edirdilər. Hətta keçən il Elm və Təhsil Naziri Məhəmməd Mehdi Zahidi Mazəndəranda tələbələr həbs olduğu zaman bildirmişdi ki, heç kim tələbələri siyasi fəaliyyətlərinə görə həbs edə bilməz. Buna baxmayaraq indi Nəcəfabadi açıq şəkildə bildirir ki, müəyyən hadisələr törədən, xüsusilə də siyasi hadisələr törədən tələbələrlə məhkəmə yolu ilə mübarizə aparılacaqdır. O həmçinin dini müqəddəsləri və rəhbəri təhqir edən tələbələrin də sərt şəkildə cəzalandırılacağını bildirib. Dorri Nəcəfabadi Xatəminin prezidentliyi dövründə İnformasiya və təhlükəsizlik nazirinin müavini işləsə də silsilə qətillər zamanı çoxlu etirazlar nəticəsində öz vəzifəsindən istefa vermişdi. Əhmədinejad hakimiyyətə gəldikdən sonra isə o, baş prokuror fəzifəsinə təyin edildi. İranda tələbələr ölkənin fəal siyasi qismini təşkil etsələr də onlara qarşı təzyiqlər daim yüksək səviyyədə, ancaq daha qapalı formada mövcud olub. Onlar həmişə bir ciddi müxalif partiya qədər gücə malik olub və siyasi hadisələrdə öndə gediblər. Buna baxmayaraq yetkililər daim onlarla mülayim davranmağı tövsiyə edib. Görüntü xatirinə belə olsa indiyə qədər tələbələri açıq şəkildə hədələyən siyasi şəxsiyyət olmamışdı. İranda tələbə hərəkatı hələ inqilabdan əvvəl də güclü surətdə olub və keçmiş rejimin dayaqlarını sarsıdan amillərdən biri də tələbələrin inqilab qüvvələri tərəfində olmaları olmuşdu. İnqilabdan sonra tələbələr yenə müxalif xətti davam etdirirdilər ki, bunun nəticəsində inqilabın lideri Ayətullah Xomeyni bütün universitetlərin bağlanması əmrini vermişdi. Beləcə “mədəni inqilab” elan olunmuşdu. 3 il sonra universitetlər yenidən açılanda tələbə qəbuluna ciddi şərtlər qoyulmuşdu. Tələbə olmaq istəyənlər, bir neçə “süzgəcdən” keçdikdən sonra tələbə statusunu qazanıb universitetə daxil ola bilərdi. “Süzgəclərdən” keçə bilməyənlər isə İranın nə özəl , nə də heç bir dövlət universitetində təhsil ala bilməzdilər. Amma bu qədər qatı sistemin tətbiqinə baxmayaraq “süzgəcdən” keçmiş tələbələr də yenə iqtidarların siyasətlərinə etirazlarını bildirirdi. Son 10 il ərzində tələbələr daha güclənərək siyasi hərəkatların əsas hərəkətverici qüvvəsinə çevrilməkdədir. Bu qüvvə o qədər təsirli idi ki, hətta Xatəmini hakimiyyətə gətirməyə və narazı olduqda islahatçıları hakimiyyətdən uzaqlaşdırmağa qadir olmuşdu. Rejim bu cərəyanı tam məhv edə bilməyəcəyinə əmin olduğundan bir çox hallarda onlara açıq formada həddindən artıq təzyiq göstərmək istəmir. Buna baxmayaraq tələbələr İranda ən çox siyasi təziqlərə məruz qalan təbəqə hesab olunur. Bu da hərəkatın geniş vüssət almasından qaynaqlanır. Qısacası son açıqlamalar bir yandan İranda tələbələrin gücünü, digər yandan bu gücün artması qarşısında İran hakimiyyətinin mövqeyindəki çalxalanmanı göstərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar