SON XƏBƏRLƏR

Gürcüstan-Rusiya müharibəsi Və onun gözlənilən mümkün geosiyasi nəticələri. III yazı

2021.10.20, 07:36
Gürcüstan-Rusiya müharibəsi Və onun gözlənilən mümkün geosiyasi nəticələri. III yazı

Gunaz.tv
Gürcüstan-Rusiya müharibəsi Və onun gözlənilən mümkün geosiyasi nəticələri III yazı Qlobal təsirlərə malik istənilən müharibə həm regional, həm də beynəlxalq siyasi təsirlər yaradır. Bu baxımından da Gürcü-Rus müharibəsi də gələcəkdə regiona öz siyasi təsirlərini göstərəcəkdir və köklü dəyişikliklər gətirəcəkdir. Belə ki, etiraf etmək lazımdır ki, hərbi əməliyyatalar tamamilə dayandırıldıqdan sonra regionda gərgin siyasi situasiya yaranacaqdır. Siyasi gərginlik əsasən ABŞ və Rusiya arasında davam edəcəkdir və hər iki dövlətin ümumilikdə qarşılıqlı münasibətlərinə mənfi təsirlərini göstərəcəkdir. Artıq tərəflər arasında qarşılıqlı ittihamlar başlayıb. Rusiya İraqda xidmət edən Gürcüstan hərbçilərinin təyyarə ilə Tbilisiyə gətirilməsində ABŞ-ı ittiham edir. Öz müdaxiləsinə isə haqq qazandırır və Gürcüstan tərəfini soyqırımda və etnik təmizləmədə günahlandıraraq beynəlxalq məhkəməyə verilməsi tələbi ilə çıxış edir. Rusiyanın demək olar ki, bütün ictimaiyyəti Cənubi Osetiyaya yardım etmək siyasətinə cəlb olunub. Rusiyanın Hərbi Prokurorluğu faktla əlaqədar cinayət işi də qaldırıb. Cənubi Qafqazda, eləcə də Gürcüstanda ABŞ, Avropa dövlətləri, Türkiyə və İranın strateji maraqlarının formalaşması nöqteyi-nəzərindən onu qeyd etmək lazımdır ki, müharibənin nəticələri bu dövlətlərin strateji maraqlarına təsir göstərəcək və öz müsbət və mənfi nəticələrini verəcək. Rusiya üçün müsbət nəticələr: ABŞ və Avropanın tələblərinə baxmayaraq, Rusiya öz qoşunlarını strateji əhəmiyyət kəsb edən Cənubi Osetiya və Abxaziyadan çıxarmayacaq. Rusiyanın həmin ərazilərdə hərbi və siyasi cəhətdən güclənmək istəyi bu dövlətin siyasi strategiyasına aid olan məsələ idi. Rusiyanın strategiyası regional olmaqla yanaşı, həm də Şərqi Avropada öz siyasi nüfuzunu itirərək, NATO qarşısında zəifləmiş bu dövlətin qlobal strategiyasının tərkib hissəsi idi. Bir daha qeyd edilməlidir ki, Rusiya Cənubi Osetiya və Abxaziyaya qoşun yeridərək Gürcüstana hərbi zərbələr endirməklə əslində, Qərbə, xüsusilə ABŞ-a öz hərbi və siyasi gücünü göstərmiş oldu və Cənubi Qafqazın onun siyasi maraq dairəsində olduğunu nümayiş etdirdi. Həmçinin Qərbə göstərdi ki, Rusiyadan yan keçməklə Mərkəzi Asiyanın enrjisinin Qərbə inteqrasiyasında layihələrin qarşısını almaq üçün tranzit rolunu oynayan Gürcüstana hər zaman təzyiq göstərə bilər və sabitliyi pozmaq gücündədir. Müharibə ümumilikdə Rusiyanın Gürcüstanda gələcək siyasi təsirlərini artırdı. Gürcüstan tərəfi isə Rusiyaya qarşı qoşunlarını çıxarması tələbi ilə çıxış etsə də, Rusiya bu addımı atmayacaq. Birincisi, Rusiya Cənubi Osetiya və Abxaziyadakı vətəndaşlarının təhlükəsizliyini təmin etdiyini vurğulayacaq. İkincisi, isə müharibə nəticəsində dağıdılmış Sxinvali şəhərinin bərpasına, əhaliyə maliyyə yardımı ayırıb. Bununla yanaşı, maddi, tibbi və digər humanitar yardım göstərilib. Nəzərə almaq lazımdır ki, Rusiya hökuməti Cənubi Osetiyaya 10 milyard rubl məbləğində maliyyə yardımı ayıracağını bildirdi. Rusiyanın bu ərazilərdə quruculuq bərpa işlərini həyata keçirməsi də Rusiyanın siyasi təsirlərini artıracaq. Gələcəkdə tədricən Rusiya Cənubi Osetiya və Abxaziyanı öz ərazilərinə qatmasını qanuniləşdimək siyasəti aparacaqdır. Ymumiyyətlə isə yaxın gələcəkdə qoşunların çıxarılması üçün Qərbin və Gürcüstanın heç bir şərtini qəbul etməyəcək. Bir müddətdən sonra Gürcüstan qarşısında ağır şərtlər qoyduqdan sonra qoşunlarını çıxarmaq ehtimalı yarana bilər. Belə ağır şərtlər içərisində Gürcüstanın NATO-ya inteqrasiyasının qadağan olunması və Mərkəzi Asiyadan keçəcək enerji layihələrinin onun ərazisindən keçməsinə icazə verməməsi və s. göstərilə bilər. Ymumiyyətlə, hərbi əməliyyatlardan sonra Rusiya NATO-nun onu hədəfə götürəcəyini nəzərə alaraq bütün dövlətin ərazisi üzrə güclü silahlanmağa məcbur olacaqdır. Rusiya Şimali Qafqazda öz raket texnologiyasının gücünü artıracaqdır. Bununla yanaşı Şərqi Avropadakı hərbi gücünün də artırılmasına çalışacaqdır. Rusiyanın bu hərəkətləri özünün və digər silah ixrac edən ölkələrin silah satışının həcmini artıracaqdır və dövlətlərin külli miqdarda qazanc əldə etmələrinə səbəb olacaqdır. Rusiya üçün mənfi nəticələr: Rusiya bu addımı atmaqla Gürcüstanın ABŞ və Avropaya inteqrasiyası məsələsini tezləşdirəcək və onun bu siyasətin qabağını kəsmək üçün əlində əsası olmayacaqdır. Bununla yanaşı, müharibənin nəticələri gürcü və rus xalqları arasında düşmənçiliyə gətirib çıxara bilər. Bu amil də Gürcüstanın tamamilə Qərblə yaxınlaşmasına təkan olar. Rusiyanın Gürcüstanda hərbi əməliyyatları Ukraynanın gələcəkdə NATO-ya üzvlük məsələsini sürətləndirə bilər. Bununla yanaşı, Rusiya hərbi birləşmələri bir çox hallarda Gürcüstanın hərbi qruplaşmaları tərəfindən hücumlara məruz qala və müəyyən itkilər verə bilərlər. Hətta Rusiya ərazisində yaşayan gürcülər də müəyyən terror hadisələri törədə bilərlər. Bir faktı xüsusilə qeyd etmək lazımdır ki, Rus-Gürcü müharibəsi dünyanın güc mərkəzləri arasında yeni qlobal silahlanma dövrünə qədəm qoymağa gətirib çıxaracaq. Bu hadisə hətta keçmiş Sovet respublikalarına da bir xəbərdarlıq kimi qəbul oluna bilər. Müharibə bir tərəfdən ABŞ-ın və Avropanın, xüsusilə Şərqi Avropanın, Asiyanın güclü dövlətlərinin, digər tərəfdən Rusiyanın özünün və Rusiya siyasətini qəbul etməyən başqa keçmiş Sovet respublikalarının hərbi cəhətdən güclənmə və sürətlə silahlanma siyasəti həyata keçirmələrinə gətirib çıxaracaq. Xüsusilə, Pribaltika respublikaları, Moldova, Ukrayna, Polşa, Rumıniya, Çexiya və Slovakiya Qərbin köməyi ilə öz hərbi güclərini artırmağa çalışacaqlar. Gözləmək olar ki, Rus-Gürcü müharibəsindən sonra Rusiya keçmiş SSRİ respublikalarının onun ərazisində yaşayan və işləyən vətəndaşlarına qarşı daha mülayim münasibət göstərməyə çalışacaq ki, MDB-yə üzv dövlətləri özündən kənarlaşdırmasın. Eyni zamanda, MDB-nin dağılmaması üçün üzv olan dövlətlərin özləri ilə də münasibətlərin daha da yaxşılaşmasına çalışacaqdır. ABŞ və Avropa dövlətləri üçün mənfi nəticələr: bir faktı xüsusilə qeyd etmək lazımdır ki, ABŞ-la Rusiya arasında münasibətlər gərginləşən zaman Avropa dövlətləri, xüsusilə Fransa vasitəçilik missiyasını öz üzərinə götürür. Bu dəfə də məhz Gürcüstan məsələsinə görə ABŞ-la Rusiya arasında münasibətlərin gərginləşməməsi üçün Fransa vasitəçiliyi öz üzərinə götürdü. Ymumiyyətlə, nəzərə almaq lazımdır ki, ABŞ və Rusiya arasındakı münasibətlərin gərginləşməməsi üçün son zamanlarda Fransa və Almaniya tarazlaşdırma siyasəti həyata keçirirlər. ABŞ isə öz tərəfində güclü dövlətlər içərisində əsasən Böyük Britaniya, Kanada və Avstraliyanı görür. Cənubi Osetiyada baş verənlər Rusiyanın hərbi hissələrinin Gürcüstanda təkrar yerləşməsinə gətirib çıxardı ki, bu hadisə də NATO-nun, ilk növbədə ABŞ-ın region maraqlarına tamamilə zidd idi. Rusiyanın qoşun yeritməsi ABŞ-ın regionda hərbi gücünün zəif olmasını sübut etdi. Hal-hazırda ABŞ Rusiyadan öz qoşunlarını Gürcüstan ərazisindən çıxarmağı tələb edir. Rusiya isə Gürcüstanın hərbi müdaxiləsinin arxasında ABŞ-ın durduğunu iddia edir. Gürcüstana görə hər iki dövlət arasında soyuq münasibətlər yaşanmağa başlayıbdır. ABŞ prezidentliyinə respublikaçı namizəd Con Makkeyn hesab edir ki, Rusiyanı "böyük səkkizlər"dən çıxarmaq lazımdır. ABŞ Gürcüstanı gələcəkdə NATO-ya qəbul etməyi və burada Rusiyanın təsirlərinin qabağını kəsməyi, ümumilikdə Cənubi Qafqazı Rusiyadan yan keçməklə Qərbə inteqrasiya etdirməyi qarşısına məqsəd qoyub. Rusiyanın hərbi müdaxiləsi isə ABŞ-ın bu siyasətininin müddətini bir qədər uzatmış oldu. Belə ki, ABŞ birbaşa Rusiyaya qarşı hərbi əməliyyatlardan çəkinir. Düzdür, ABŞ prezidenti Corc Buş Rusiyanın hərbi müdaxiləsinə öz kəskin etirazını bidirdi və bu hadisəyə Rusiya tərəfindən Gürcüstanın işğal olunması kimi qiymət verdi. Lakin Buşun mövqeyi ABŞ-ın hərbi iştirakına əsas verə bilmir. Buna görə də nəzərə almaq lazımdır ki, Gürcüstanda ABŞ Rusiyanın hərbi gücü ilə barışmaq məcburiyyətində qalacaqdır. Bu baxımından da Rusiyanın ABŞ-ın regiona aid iqtisadi siyasətinə təzyiq imkanlarının əldə etməsini ABŞ və Avropa üçün mənfi nəticə kimi qələmə vermək lazımdır. ABŞ və Avropa dövlətləri üçün müsbət nəticələr: Rusiyanın Cənubi Osetiyaya hərbi müdaxiləsi ABŞ-ın Gürcüstana diqqətini daha da artırdı. Artıq ABŞ təyyarə və gəmi ilə Gürcüstana humanitar yardımını göstərdi. Nəzərə almaq lazımdır ki, hərbi əməliyyatlar Rusiyanın Abxaziya və Cənubi Osetiyada hərbi gücünü artırdığına görə bu amil gələcəkdə regional layihələrə təhlükə törədə bilər. ABŞ isə bu layihələrin təhlükəsizliyinin təminatı üçün yeganə qüvvəni NATO hesab edə bilər. ABŞ Mərkəzi Asiyanın gələcəkdə enerji resurslarının Rusiyadan yan keçməklə Cənubi Qafqazdan tranziti üçün əsas qüvvəni NATO hesab edəcəkdir və Avropanı inandırmağa çalışacaqdır ki, NATO-nun gəlişi ilə bu layihələrin təhlükəsizliyinin təmin edilməsi mümkün olacaqdır. Bu nöqteyi-nəzərdən Gürcüstanın ərazi bütövlüyü bərpa olunmamağına baxmayaraq gələcəkdə bu dövlətin ABŞ tərəfindən təkrar olaraq NATO-ya üzvlüyü məsələsi gündəliyə gətiriləcəkdir. Avropa bu məsələ ilə razılaşmasa, ABŞ öz hərbi bazalarını yaxın gələcəkdə Rusiya ilə kəskin qarşıdurma yaratmamaq üçün Gürcüstana gətirməkdə tərəddüd edə bilər. Lakin bir müddətdən sonra bunu etməyə çalışacaq. Bu siyasətə Böyük Britaniya, Kanada və Avstraliyanı da cəlb edə bilər. Rusiyanın hərbi müdaxiləsi ABŞ tərəfindən bu addımın uzaq gələcəkdə atılmasını zəruri edə bilər və ABŞ-ın əlində əsas olar. ABŞ öz hərbi bazalarını yerləşdirənə qədər Gürcüstan ordusunun silahlandırılmasına ciddi köməklik göstərəcək. Bununla yanaşı, müharibənin nəticələri dünyaya silah ixrac edən ABŞ və Qərbi Avropa dövlətlərinin beynəlxalq bazarlarda silah satışının həcminin artırılmasına gətirib çıxaracaq. Rus-Gürcü müharibəsi regional baxımdan Cənubi Qafqazın gələcək siyasi mühitində həlledici dəyişikliklər yaradacaq. Böyük dövlətlərin regional maraqlarının miqyasında da müəyyən dəyişikliklər əmələ gələcək. Gələcəkdə Cənubi Qafqaz siyasi cəhətdən iki cəbhəyə bölünə bilər və dünyanın siyasi cəhətdən ən gərgin regionlarından birinə çevrilmə ehtimalı yüksəkdir. Burada ABŞ və Rusiya arasında gələcəkdə meydana gələcək kəskin qarşıdurma öz ciddiliyinə görə dünyanın digər bir regionunda yaşanmayacaqdır. Gürcüstan üçün mənfi və müsbət nəticələr: Gürcüstan öz ərazi bütövlüyünü bərpa etmək üçün hərbi əməliyyatlar həyata keçirsə də, Rusiyanın hərbi gücü ilə rastlaşaraq geri dönmək məcburiyyətində qaldı. Bu müharibə Gürcüstana çox böyük mənfi təsirlərini göstərdi. Nəzərə almaq lazımdır ki, Rusiya qoşunlarının Cənubi Osetiya və Abxaziyada yerləşdirilməsi Gürcüstanda sabitliyə olduqca mənfi təsir göstərəcəkdir. Gürcüstan Abxaziya və Cənubi Osetiyanı tamamilə itirmək təhlükəsi ilə üzləşdi və yaxın gələcəkdə bu qondarma qurumlarda Gürcüstan hakimiyyətinin bərpa olunması ümidlərini heçə endirdi. Hərbi əməliyyatlarda Gürcüstan öz Qərb müttəfiqlərindən hərbi dəstək ala bilmədi. Prezident Mixail Saakaşvili hərbi dəstək vermədiklərinə görə Qərb müttəfiqlərini kəskin tənqid etdi. Qərbin hərbi dəstək verməsi də gözlənilən deyildi və bu Rusiya ilə qlobal müharibələrə gətirib çıxara bilərdi. Gürcüstan ümumilikdə müharibədən öz gələcək ərazi bütövlüyü üçün heç bir müsbət nəticə əldə edə bilmədi. Lakin buna baxmayaraq, Gürcüstanın indiki hakimiyyəti ərazi bütövlüyünün təmin olunması uğrunda siyasi mübarizədən əl çəkməyəcəkdir. Bu səbəbdən Rusiya hər zaman gələcəkdə Saakaşvilinin hakimiyyətdən getməsinə və Rusiyayönümlü şəxsin hakimiyyətə gətirilməsinə çalışacaq. ABŞ isə Gürcüstanı tamamilə itirməmək üçün Saakaşvili hakimiyyətini dəstəkləyəcək. (əvvəli ötən saylarımızda) Elşən Nəsibov politoloq express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar