SON XƏBƏRLƏR

Dini təriqətçilik məsələsinimi qızışdırırlar?

2021.10.20, 07:36
Dini təriqətçilik məsələsinimi qızışdırırlar?

Gunaz.tv
Dini təriqətçilik məsələsinimi qızışdırırlar? Məsciddəki partlayışın əks-sədası "Əbu Bəkr" məscidində törədilən partlayışın əsl səbəbkarları barədə KİV-də müxtəlif versiyalar irəli sürüldü. Azərbaycan jurnalistlərini narahat edən əsas məsələ bu kimi olayların xarici qüvvələrə bağlı olub-olmamasıdır. Bunu tam dəqiqliyi ilə hüquq-mühafizə orqanlarımız aydınlaşdıracaq. Bəzi məlumatların tutuşdurulması isə versiyalar üzərində düşünməyə əsas verir. Hüquq-mühafizə orqanlarının yaydığı ilkin məlumatlardan bir polis zabitinin işə qarışdığı anlaşılır. Bundan başqa, ölkəmizin bəzi bölgələrində vəhabi təriqətinə mənsub insanlarla bağlı profilaktik tədbirlər həyata keçirilib. Bəzi müsəlman Rusiya vətəndaşlarının yoxlanılması olub. Bütün bunlar məsciddə baş verən hadisənin qollarının uzaqlara gedə biləcəyini göstərir. Burada hər hansı konkret dövlətin adını çəkmək üçün əsas yoxdur. İndi əhəmiyyətli olanı heç bu məsələ də deyil. Bizi düşündürən beynəlxalq qüvvələrin və terror şəbəkələrinin Azərbaycanı hədəfə alıb-almamasıdır. Bu yaxınlarda Rusiya üçüncü ölkə vətəndaşlarının Azərbaycan ərazisindən istifadə edərək Rusiyaya keçidini qadağan edib. Ondan bir neçə gün öncə isə Rusiyanın baş naziri Vladimir Putin ölkəsinin böyük terror təhlükəsi ilə üz-üzə qaldığını bəyan etmişdi. Bu arada Əfqanıstandan maraqlı bir açıqlama yayıldı. Əfqanlar hesab edirlər ki, Amerika Pakistanla sərhəddəki "əl-Qaidə" bazalarının yerini çoxdan bilir, ancaq onları zərərsizləşdirmir. Bu terror təşkilatı isə Pakistan, İran, İraq, Rusiya, Türkiyədə terror törətməkdədir. Onun bir qolu da Dağıstanda güclüdür. Hələ bir neçə il öncə Qərb mətbuatı yazırdı ki, vəhabi təhlükəsi Azərbaycan üçün cənubdan çox, şimaldan (yəni Dağıstandan) vardır. Bu təşkilatın bir neçə üzvü məhz həmin istiqamətdən Azərbaycana keçmişdi. Bunlar təhlükənin istiqamətləri haqqında ümumi təsəvvür əldə etməyə imkan verir. Burada başqa bir məqam da var. Dini radikalizm pərdəsi altında həm də etnik ziddiyyət salmaq cəhdləri istisna deyil. Vəhabiliyin daha çox ölkəmizin şimal-qərb bölgələrində yayılması məhz buradakı kiçik xalqları ölkənin digər əhalisinə qarşı qoymaq siyasəti istisna etmir. Yəni öncə dini ayrı-seçkilik yaradılır, sonra onu etnik mənsubluğa aid edirlər. Nəticədə bir ölkənin vətəndaşları dini ilə millinin qarışığından doğan radikalizmlə üz-üzə qalır. Bunun misalını Pakistanda, İraqda və qismən Türkiyədə görməkdəyik. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıda belə bir ifadə işlədib ki, bölgədən kənarda olan ölkələrin sülh gətirmədiyini, sakitlik və barış yaratmadığını gördük. Bu işarə bölgədə baş verən müxtəlif silkələnmələrin arxasında uzaqlarda yerləşən ölkələrin əlinin olmasınadır. Yəni onlar öz maraqları naminə istənilən məkanda ciddi problemlər yarada bilərlər. O baxımdan Qafqazda gedən proseslərə məkanından asılı olmayaraq qlobal prizmada baxmaq zorundayıq. İlkin məlumatlardan anlaşılan odur ki, Azərbaycanda vəziyyəti qarışdırmaq üçün çalışan qüvvələr vardır və onların dəqiq haradan idarə olunduğunu müəyyənləşdirmək zamanın işidir. Məqsəd isə aydındır - ölkəmizi müstəqil siyasətindən çəkindirmək, kənarda olanlardan hansılarınınsa maraqlarına uyğun hərəkət etməyə zorlamaq, öz geosiyasi məqsədlərini təmin etmək. Bu zaman harada neçə nəfərin həyatını itirəcəyi və ölkənin hansı vəziyyətə düşəcəyi onlar üçün elə də maraqlı deyil. Bunlar çox təhlükəli amillərdir. Təbii ki, Azərbaycan cəmiyyətinin öz xüsusiyyətləri var. Burada cəmiyyəti qarışdırmaq elə də asan deyil. Azərbaycanlılar keçən əsrin 90-cı illərində çəkdiklərini unutmayıblar və onların bir daha təxribata getməsi ağlabatan deyil. Lakin vətəndaşların da ayıq olması və düşmən ssenarilərinə uymaması çox lazımdır. Azərbaycanın sürətli inkişaf mərhələsini yaşadığı bir dövrdə ona mane olmaq istəyənlərə azərbaycanlılar özləri fürsət verməməlidirlər. Dini radikalizmin İraqı və Pakistanı hansı günə qoyduğunu bilmək gərəkdir. Xarici qüvvələrin guya bizim təəssübümüzü və ya dinimizin dərdini çəkdiyinə inanmaq ən böyük günahlardan biridir. Bu yolda azərbaycanlıların bir-birinə olan inamından güclü vasitə yoxdur. Biz bir-birimizi duyub, qorumaqla düşmən hiylələrini puç edə bilərik. Bunun məhz belə olacağına inam böyükdür. Şahin Məhəmmədoğlu olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar