SON XƏBƏRLƏR

Marneuli bombalana bilər

2021.10.20, 07:36
Marneuli bombalana bilər

Gunaz.tv
Marneuli bombalana bilər A.Duqin: "Bakı-Tiflis-Ceyhan artıq ölüb". Rusiya qoşunları Marneulidəki hərbi aerodromu hədəfə alıb. Həmin bölgədəki soydaşlarımız dərin narahatlıq içindədir "Gürcüstanda baş verən son hadisələrin Azərbaycan iqtisadiyyatına ciddi təsiri gözlənilmir. Qonşu ölkədə baş verənlər ixracda müəyyən problemlər yaratsa da, bütövlükdə Azərbaycana investisiya axınının qarşısını almayacaq. Ystəlik hər hansı məhsulun qıtlığından və ya qiymət artımından söhbət gedə bilməz". İqtisadi İnkişaf naziri Heydər Babayevin dediyinə görə, Gürcüstandakı proseslərin Azərbaycan iqtisadiyyatına mənfi təsirləri olsa da, onlar böyük deyil. Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər isə bildirib ki, Azərbaycan neftini dünya bazarına çıxaran Bakı-Tiflis-Ceyhan boru kəməri yaxın bir neçə gün ərzində fəaliyyətini bərpa edəcək. "Kəmərin Türkiyə ərazisindən keçən hissəsində baş vermiş partlayışın terror aktı olmasına dəlalət edən heç bir fakt yoxdur. Hazırda boru kəmərində təmir-bərpa işləri davam etdirilir", - H.Gülər söyləyib. Onun sözlərinə görə, Azərbaycan neftini dünya bazarına nəql edən marşrutlarla bağlı situasiya artıq normallaşır və yaxın günlərdə Gürcüstanın Poti limanının da işə başlayacağı gözlənilir. Hər iki nazirin bəyanatları nikbin olsa da, situasiya fərqlidir. Poti limanının marketinq və investisiyalar departamentinin rəhbəri Zviad Çxartişvilinin dediyinə görə, Poti limanı işləmir. ABŞ-ın Gürcüstana yolladığı humanitar yardımı gətircək gəmininin yan alacağı liman indi bütünlüklə rusiyalı hərbçilərin nəzarəti altındadır. "Rusiyalılar srağagün gecə limana iki tank və bir neçə zirehli avtomobil yeridərək bütün işçiləri qovublar. İş dayanıb, nə olacağını bilmirəm", - Z.Çxartişvili deyib. Poti limanının işçilərinin sözlərinə görə, son günlərdə burada tankerlərə Azərbaycan neftinin vurulmasından söhbət belə, gedə bilməz. "Limanın bütün 13 pirsində gəmilər durub. Onlar Rusiyanın daimi nəzarətindədir. Nə zaman işə başlaycağamızı bilmirik. Yç milyon ton neft vurmaq gücünə malik terminalda da rusiyalı hərbçilər gəzişirlər. Ora yaxın gedəni gülləcəyəklərini deyirlər", - Poti limanının dokeri Mənsim Fətəliyev "Ekspress"ə bildirdi. Rəsmi Bakı dünən xəbər yayıb ki, Gürcüstanın Kaspi rayonundakı dəmiryol körpüsü partladılandan sonra ölkənin qərb və şərq bölgələri arasında dəmiryol daşımalarının tamamən kəsilməsini nəzərə alaraq, alternativ körpünü hazırlayıb istifadəyə vermək qərara alınmışdı. Həmin körpü artıq hazırdır və Bakı nefti də Gürcüstanın qərbinə, Qara dəniz sahilindəki Supsa və Poti limanlarına daşına bilər. Lakin dünən "Ekspress"in əldə etdiyi məlumatlara görə, Gürcüstan Qara dəniz sahillərinə aparan yoldakı alternativ dəmiryol körpüsünün istifadəsindən imtina edib. Bu isə bəh-bəhlə təriflənən körpünün dayanıqsız olması ilə bağlıdır. "Bir neçə sutka gecə-gündüz çalışdıq və bizə Azərbaycan tərəfi də yardım etdi. Lakin körpünü sınayanda məlum oldu ki, oradan dəmiryol vaqonları və sisternlərin keçməsi mümkün deyil. Dayaqlar dözməyəcəkdi", - "Gürcüstan Dəmir Yolları" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən "Ekspress"ə bildirildi. Bu məlumat Azərbaycan Dövlət Dəmir Yolu tərəfindən də təsdiqləndi. Hazırda Kaspidəki partladılmış körpünün bərpası ilə bağlı işlər gedir. Təmir üçünsə bundan sonra ən azı 10 gün gərəkdir. Gürcüstandakı hadisələrin Azərbaycan iqtisadiyyatına ciddi iqtisadi təsir göstərməməsinə gəldikdə isə, bu açıqlama da situsiyanı olduğundan dəfələrlə yaxşı göstərmək cəhdidir. Belə ki, Rusiyanın Gürcüstana qoşun yeritməsindən əvvəl Bakı-Tiflis-Ceyhan (BTC) kəmərinin Türkiyədəki hissəsində baş verən partlayış baş vermişdi. Gürcüstandakı olaylar və partlayışdan əvvəl BTC ilə sutkada 850 min barrel neft nəql olunurdu. Sutkada 145 min barrelə yaxın neftin nəql olunduğu Bakı-Supsa kəmərinin fəaliyyəti də dayandırılıb. Və bütün bunlarla yanaşı, kəmərlərə alternativ rolunu oynayası dəmiryol daşımaları da Kaspidəki körpünün partladılması nəticəsində durub. Halbuki Bakıdan dəmiryolu vasitəsilə Gürcüstanın Qara dəniz sahillərindəki Poti, Batuii və Kulevi limanlarına müvafiq olaraq 9, 10 və 10 milyon ton neft məhsulları ilə xam neft daşınırdı. İndi naçar qalmış Azərbaycan neftini yalnız Rusiya ərazisindən keçən Bakı-Novorossiysk kəməri ilə nəql etmək məcburiyyətindədir. İllik buraxma gücü isə cəmi 5 milyon ton olan bu kəmər vastəsilə sutkada ən uzağı 90 min barrel neft vurulur. Bütün bunların nəticəsində "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda sutkalıq hasilat əvvəlki 850 min barrel səviyyəsindən 8 dəfə aşağı düşüb. Gürcüstandakı vəziyyət isə kritik olaraq qalır. Oradakı soydaşlarımızın da problemləri ciddidir. Azərbaycanlıların kompakt yaşadıqları Kvemo-Kartli bölgəsinin administrasiyasından verilən məlumatlara görə, Rusiya qoşunları artıq Msxeti şəhərinin həndəvərinə yaxınlaşıblar. "Rusiya qoşunlarını Gürcüstan ərazisindən çıxarmaqda olduğunu bəyan etsə də, bu, ağ yalandır. Onlar Gürcüstanın coğrafi mərkəzi olan Qoridən Tiflisə doğru 35 km irəliləyiblər. Bütün yollar rusiyalı hərbçilərin nəzarətindədir", - administrasiyanın əməkdaşı Giya Çelauri "Ekspress"ə bildirdi. Onun dediyinə görə, Rusiya tankları ölkənin müxtəlif istiqamətlərində hərəkətlərini davam etdirirlər. Dünən səhər Saçxere şəhəri yaxınlığındakı Perevi kəndinə giriblər. Onların məqsədi İmereti regionunda olan bu kəndin şimalında yerləşən hərbi təlim və hazırlıq bazasını məhv etməkdir. Rusiyalı hərbçilərin əhalisinin tam əksəriyyəti azərbaycanlılar olan Marneuli rayonuna doğru hərəkəti də qeydə alınıb. Rayon sakinlərinin dediklərinə görə, dünən səhərdən etibarən dörd hərbi vertolyot səmada aramsız uçub, rayonun girəcəyində isə içində rusiyalı hərbçilər olan minik avtomobilləri görünüb. "Marneuli Gürcüstanın qərb bölgəsidir və buraya Rusiyanın tank, zirehli tank yeritmələri ağlabatan deyil. Lakin onların vertolyotları durmadan uçuşur, hərbçiləri də rayonun yaxınlığında peyda olub. Düşünürük ki, uslar indiyədək Gürcüstan ordusunun Qori, Senaki və Poti şəhərlərindəki hərbi obyektlərini məhv etdiklərinə görə, indi onların hədəflərində Marneulidəki hərbi aerodromdur. Aerodromun ətrafları isə azərbaycanlıların kəndləri olduğundan, çox narahatıq. Rusiya təyyarələri bombardmanlarda "dəqiq"likləri ilə seçildiklərindən, bu kəndlərin zərər görməyəcəyinə kimsə təminat verə bilməz", - Marneuli sakini Yusif Qubadov əməkdaşımıza söylədi. Bu arada rusiyalı politoloq Aleksandr Duqin Türkiyənin "Cumhuriyet" qəzetinə verdiyi müsahibəsində bildirib ki, Bakı-Tiflis-Ceyhan kəmərinin bundan sonra normal fəaliyyət göstərə biləcəyindən danışmaq mənasızdır: "O kəmər artıq ölüdür və həmin marşrutla neft nəqlinin davam edəcəyinə inanmıram. Gürcüstan üzərində Rusiyanın protektoratı olmalı, Cənubi Osetiya və Abxaziyaya müstəqillik verilməli, Azərbaycan neftin dünya bazarlarına əsasən Rusiya ərazisi ilə çıxarılmalıdır". Müşahidəçilərin fikrincə, BTC-nin Gürcüstan ərazisindən keçən hissəsi NATO qüvvələrinin nəzarətinə alınmayınca, A.Duqinin ssenarisi real təsir bağışlaya bilər. Həsən AĞACAN express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar