SON XƏBƏRLƏR

Gürcüstan üzərində böyük güclərin amansız oyunu

2021.10.20, 07:36
Gürcüstan üzərində böyük güclərin amansız oyunu

Gunaz.tv
Gürcüstan üzərində böyük güclərin amansız oyunu Vəziyyət hələ heç də aydın deyil Rusiya qoşunlarının Gürcüstandan çəkilməsi məsələsi çətin gedir. Rəsmi Moskvanın verdiyi vədlərə baxmayaraq əsgərlər və hərbi texnika manevrlər edərək, çəkilmək əvəzinə ərazinin bir yerindən digərinə keçirlər. Son olaraq da Gürcüstan polisinə məxsus avtomobilləri əzərək rus tankları Gürcüstanın içərilərinə doğru daha da irəliləyiblər. Bundan Qərb ciddi narahat olur. NATO-nun Gürcüstanla bağlı təcili toplantısında məsələ ilə əlaqəli qərarların alınması təsadüfi deyil. Rəsmi Vaşinqton isə bir-birinin ardınca hədələyici bəyanatlar verir. Prezident Buş və dövlət katibi Kondaliza Raysdan sonra keçmiş hərbçilər də fikirlərini bildirirlər. Əsas məqam ona gəlir ki, Rusiya sovet dönəmindəki xarici siyasətinə qayıtmaqdadır. Yəni onun imperiya ambisiyaları çoxalıb. Ona görə də rəsmi Moskvaya qarşı "soyuq müharibə"nin qanunlarını işlətmək lazımdır. Bu mövqeni dünya səviyyəsində qarşıdurmanın yeni miqyas alması kimi qəbul edirlər. Amerikanın bu fikirlərlə Rusiyaya qarşı Qafqazda daha sərt siyasət yeritməyə başladığı qənaəti var. NATO-nun həmin bağlılıqda atacağı addımlar olduqca önəmlidir. Türkiyənin Gürcüstanla əlaqəli siyasəti bütünlükdə Qafqaz regionunu özündə ehtiva edir. Ərdoğanın "Qafqaz evi" ideyası aktiv müzakirə olunur. Türkiyənin baş naziri həmin ideyanı Bakıda da müzakirə etməlidir. Gürcüstan və Rusiyada bunu müzakirə ediblər. Qalır Ermənistan. Ermənistanın bu ideyaya hansı münasibət göstərdiyi bəlli deyil. Ancaq Gürcüstan üçün də bunun ağır məsələ olduğunu müşahidəçilər vurğulayırlar. Rusiya ilə Gürcüstanın hər hansı ittifaqda olması olduqca ağır məsələdir. Lakin rəsmi Ankaranın son vaxtlar çox cəsarətli addımlar atdığı məlumdur. Hətta Sudan prezidentini belə Ankara qəbul edib. Əl Bəşiri beynəlxalq cinayətkar elan olunub və axtarışdadır. Bundan öncə isə İran prezidenti İstanbula gəlmişdi. İndi məlum olur ki, tərəflər qaz sazişi imzalaya bilərlər. Bu da ABŞ-ın iradəsi əleyhinə olan məqamdır. Ona görə də Türkiyənin Qafqazda daha çox Rusiya ilə uzlaşma siyasəti yeridəcəyinə əminlik vardır. O baxımdan rəsmi Tiflisin Türkiyənin təklifinə sıcaq baxmaqdan başqa yolu qalmır. Çünki ABŞ və Avropa çox uzaqdadırlar və Türkiyəni əvəz edə bilməzlər. Bununla da Qafqazda durum hələlik aydınlaşmayıb. Rusiya bu şərtlər daxilində çətin ki, əsgərlərini oradan çəksin. Bu proses rəsmi Moskvanın osetinlər və abxazların təhlükəsizliyinə tam təminat alınana qədər davam edə bilər. Həm də NATO-nun yavaş-yavaş işə qarışmağa başlaması rusları hərbi kontingentini ərazidə saxlamağa məcbur edir. Bu hadisələrin bölgədə müharibə çıxması ehtimalını artırdığı üzərində düşünmək lazım gəlir. Lakin Qərbin bu səviyyədə müharibəyə getməsi ehtimalı azdır. Əvəzində Şərqi Avropa istiqamətində Amerika istədiyinə nail olmaqdadır. Çexiyadan sonra Polşa da Raketdən Müdafiə Sistemlərini ərazisində yerləşdirməsi bunun təsdiqidir. ABŞ Rusiyanın Gürcüstana müdaxiləsi fonunda həm İran körfəzinə əlavə hərbi güc yığdı, həm də Polşa ilə məsələni həll etdi. Bununla da Qafqazda gərginliyin yaranması hesabına ABŞ iki strateji məqsədinə çatdı. İndi də Qafqazda yaranmış situasiyadan istifadə edərək bölgəyə siyasi təzyiqlərini artırır, seçki marafonunda namizədlər bu vəziyyətdən öz təbliğatları üçün istifadə edirlər. Belə çıxır ki, böyük dövlətlər öz maraqlarını təmin etmək üçün lazım olan işlərini görürlər. Bu zaman onları kiçik dövlətlərin problemləri elə də maraqlandırmır. Gürcüstanda 150 mindən çox insan çadırlarda yaşayır, yurdlarına dönə bilmirlər. Qərbin isə bəyanatlardan və hədələrdən başqa təsirli tədbiri yoxdur. Nikola Sarkozinin bölgəyə səfərinin real nəticəsi hələ yoxdur. Rusların hansı şərtlər daxilində Gürcüstandan çəkiləcəyi məsələsi də tam aydın deyil. Qafqazda geosiyasi vəziyyətin mürəkkəbliyi göz qabağındadır. Bu məkanda yerləşən dövlətlərin təhlükəsizliyi heç də həll edilməyib. Böyük güclərin aktivləşməsi və hər birinin öz maraqlarını daha ciddi şəkildə ortaya qoyması sadə insanların şəxsi faciəsi ilə müşaiyət olunur. Bu da siyasət oyununun davam etdiyini göstərir. Gürcüstanın dövlət olaraq hansı formada və məzmunda mövcud olacağı sual altındadır. Bu durum bütövlükdə bütün Güney Qafqaz dövlətlərinin dövlətçiliyini sual altına alır. Məsələ hələ həll edilməyib. Şahin Məhəmmədoğlu olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar