SON XƏBƏRLƏR

AZƏRBAYCAN XALÇAÇILARININ ƏMƏYİNƏ QİYMƏT VERİLMİR

2021.10.20, 07:36
AZƏRBAYCAN XALÇAÇILARININ ƏMƏYİNƏ QİYMƏT VERİLMİR

Gunaz.tv
AZƏRBAYCAN XALÇAÇILARININ ƏMƏYİNƏ QİYMƏT VERİLMİR Bunu rəqib dövlətlərdə xalçanın maya dəyərinin aşağı olması ilə əsaslandırmağa çalışırlar S.SƏDİ "Ayna"nın ötən saylarından birində yazmışdıq ki, Tehran hakimiyyəti Təbriz, Ərdəbil, Qaradağ, Urmiya və Güney Azərbaycanın bir sıra şəhərlərində toxunmuş xalçaların üzərindən "Təbriz", o cümlədən toxunduğu Azərbaycan şəhərlərinin adlarını pozduraraq, ora "İran" və "İsfahan" sözlərinin yazılmasına toxucuları və istehsalçıları məcbur edir. Belə hadisə ilə Bakının ticarət mərkəzlərindən birində rastlaşmışıq. Əslində qeyri-neft sektorunun inkişafından söz düşəndə Tehran hakimiyyəti xalçaçılıqdan da danışır, bu sahənin inkişafı barədə çeşidli bəyanatlar verir. Elə xalçaçılıq səhmdar şirkətinin direktor müavini Mehran Müqəddəmfərd ölkədə əllə toxunan xalçaların dünya bazarına çıxarılmasında hələ də problemlər yaşanmasından danışıb. Onun sözlərinə görə, Mərkəzi Amerika və Cənubi Afrika dövlətləri perspektivdə həmin mal üçün bazar ola bilər. Direktor müavini bildirib ki, bu sahədəki rəqib dövlətlər, Hindistan, Çin, Pakistanda xalçanın maya dəyəri aşağıdır, işçilər az əməkhaqqı alır, habelə onlar daha çox xalça istehsal edirlər. M.Müqəddəmfərdin fikrincə, İranda əllə toxunan xalçaların rəqib dövlətlərlə müqayisədə maya dəyərinin yuxarı olması bir sıra problemlər yaradır. Heç kimə sirr deyil ki, Güney Azərbaycan türkləri dünyaya öz adı ilə bir çox dühalar bəxş edib. Bundan başqa çeşidli sahələrə öz damğasını vurub. İncəsənət, memarlıq, bir sözlə, mədəniyyətdə sözünü demiş Azərbaycan türklərinin adlarını saymaqla bitməz. Güneyli soydaşlarımızın məşğul olduğu sahələrdən biri də xalçaçılıqdır. Xalçaçılığın böyük bir mədəniyyətə, tarixi ənənəyə, etnik təfəkkürə dayandığını söyləməklə kimsəni təəccübləndirmək fikrimiz yoxdur. Sadəcə, xatırlatmaq istəyirik ki, fars və türk xalça məktəbləri biri-birindən köklü surətdə fərqlənir. Amma Tehran təmsilçilərinin "maya dəyəri"nə dair bu kimi bəyanatları həmin sahədə məşğul olanların zəhmətinin qarşılığını verməkdən boyun qaçırmağa oxşayır. Bu günlərdə mərkəzi Urmiya olan Qərbi Azərbaycan əyaləti ticarətin inkişafı təşkilatının rəhbəri Cəfər Sadiq İsgəndəri yerli xalça emalatxanlarından birində bildirib ki, Güney Azərbaycanın bu bölgəsində xalçaçılıq əsas istehsal sahələrindən sayılır. Onun sözlərinə görə, bu sənət əyalətdəki 10 aparıcı sahədən biridir. C.İsgəndəri deyib ki, ildə Qərbi Azərbaycanda əllə 45 min kv. metr xalça toxunur və istehsal olunmuş bu malın böyük hissəsi xaricə, o cümlədən Almaniya, İngiltərə, Çin, Fransa və Yaponiyaya satılır. Bu, Qərbi Azərbaycan üçün hər il 42 milyon dollar həcmində maliyyə deməkdir. Əyalət üzrə bu sahədə 105 min nəfər çalışır, onların 35 mini evlərdə xalça toxuyan peşəkarlardır. İsgəndərinin vədinə görə, başçılıq etdiyi qurum Qərbi Azərbaycan əyaltəinin böyük şəhərlərində "Xalça evi" açmağı planlaşdırır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar