SON XƏBƏRLƏR

ƏHMƏDİNİJATIN SƏFƏRİ İSTANBULLULARI ƏZİYYƏTƏ SALIB

2021.10.20, 07:36
ƏHMƏDİNİJATIN SƏFƏRİ İSTANBULLULARI ƏZİYYƏTƏ SALIB

Gunaz.tv
ƏHMƏDİNİJATIN SƏFƏRİ İSTANBULLULARI ƏZİYYƏTƏ SALIB 35193_1 Türkiyənin "Qərblə dialoq" mesajlarına rəğmən, İran tərəfi öz nüvə proqramından geri çəkilməyəcəyini açıq deyib İ.BALIOĞLU Deyildiyi kimi, Mahmud Əhmədinijat İran rəsmilərinin son 30 illik ənənəsinə əməl edərək Atatürkün məqbərəsini ziyarət etməmək üçün Ankaraya getmədi. Qərbin güclü təzyiqləri altında olduğu bir vaxtda bu görüş üçün İstanbulu seçdi və öz həmkarı Abdulla Güllə burada görüşdü. Türkiyə mediası Sultanəhməddə yolların əhaliyə xəbər verilmədən nəqliyyat və piyadalar üçün qəfildən qapadıldığını, bunun şəhər sakinləri üçün problem yaratdığını, bundan dolayı şəhərlilərin konvoyu fitə basdıqlarını xəbər verir. Təsəvvür edək: hava limanına yollananlar magistralın kənarlarında günün istisində ağacların kölgəsinə sığınıblar, iki saat avtomobillərin hava limanına girişinə izin verilməyib. Reyslərə minməli olanlar girişlərdə gözlədilib, halı pisləşənlər olub, təyyarələr aralı saxlanıb, adamlar çamadanlarını sürüyə-sürüyə reysə minmək üçün meydanda məsafə qət etməli olublar... Ümumiyyətlə, qonağın təhlükəsizliyi üçün 5 min polis küçələrə çıxarılıbmış, 2 hərbi vertolyot isə havada keşik çəkirmiş. Ona da diqqət yönəldilir ki, Atatürkü həzm etməyən Tehran heyəti Atatürksüz keçinə bilməyib: Əhmədinijatın təyyarəsi Atatürkün adını daşıyan hava limanına enib, bir müddət hava limanındakı qonaq evində dincəlib və onun əyləşdiyi kreslonun arxasında divar boyu Atatürkün yağlı boya ilə işlənmiş nəhəng rəsmindən Türkiyənin qurucusunun iti baxışlarının qonağa zilləndiyi də gözlərdən qaçmayıb və fotolarda əksini tapıb. Bundan başqa, Beşiktaş-Çırağan yolunda sakinlər eyvanlarına çıxaraq Atatürkün portretlərini əllərində tutublar. Anadolu agentliyinin məlumatlarına görə, Sultanəhməddəki Çırağan sarayında iki prezident bir saat yarım baş-başa görüşüb, sonra heyətlərin görüşünə rəhbərlik edib və sonda birlikdə mətbuat mənsublarının qarşısına çıxıb. Danışıqlarda əsas mövzu, təbii ki, nüvə proqramı olub. Abdulla Gül deyib ki, Türkiyənin diplomatik prosesə köməklə bağlı fəaliyyətə, keçmişdə olduğu kimi, indi də hazır olduğu qonağın nəzərinə çatdırılıb. Türkiyə İrana Qərblə dialoq yolunu təklif edib. Əhmədinijat da dialoqu "ən yaxşı yol" adlandırıb və deyib ki, "dialoqa hazırdırlar". Əlavə edib ki, Türkiyə İranın nüvə proqramında onun qanuni hüquqlarını dəstəkləyir və buna görə Ankaraya minnətdardır. O bu sözləri deyəndə Abdulla Gülün üzündəki açıq təəccüb ifadəsi də diqqətlərdən yayınmayıb. Əslində isə, iyulun 19-da Cenevrədə keçirilmiş görüşdə İranın BMT Təhlükəsizlik Şurasının üzvləri və Almaniyanı razı salmayan cavabı dəyərləndirilib. Abdulla Gül İran tərəfinə: "Vaxt dardır. Diplomatik yolun işləməsi üçün Tehran addımlar atmalıdır. Addımlar atılmazsa, Qərbdə İranla müharibə istəyənlərin mövqeyi güclənəcək" mesajını vermişdir. İstanbuldakı mətbuat konfransında İran prezidenti ABŞ-ın və Qərbin ünvanına sərt fikirlər səsləndirib. O deyib: "İranın nüvə proqramı son dərəcə açıqdır. Nüvə məsələsi ABŞ-ın xalqımıza qarşı qoyduğu pis niyyətin göstəricisidir. Bizi nüvə bombası yaratmaqda suçlayırlar. Bu bir yalandır. Nüvə enerjisi ilə bombanı bərabər məzmunlu hala gətirmək istəyirlər. Əslində, nüvə bombalarını əllərində saxlayanların xalqların sülhsevər və ətraf mühiti nəzərə alan nüvə enerjisindən istifadə etməsinə əngəl törətmək haqları olmamalıdır. İran xalqının məlum mövqeyində dəyişiklik olmayacaq". İkitərəfli münasibətlərə gəlincə, Anadolu agentliyinin xəbərinə əsasən, narkotik qaçaqmalçılığı, mütəşəkkil cinayətkarlıq və terrorizmlə mücadilə mövzularında əməkdaşlıq sazişləri imzalanmışdır. Türkiyə daxili işlər naziri Bəşir Atalay deyib ki, İran - Türkiyə quru sərhədi narkotik qaçaqmalçılığı, qanunsuz köç, insan alveri və s. problemlərin içərisindədir. Nazirin sözlərinə görə, bu sahələrdə əməkdaşlıq axtarışları var, ikitərəfli komitələr qurulacaq və görülən işlər fasiləsiz şəkildə izlənəcək. Atalay imzalanmış anlaşmanı "çoxəhatəli, geniş, müxtəlif bölümləri olan bir anlaşma" kimi səciyyələndirmişdir. Xatırladaq ki, hazırda PKK terror təşkilatı İran - Türkiyə sərhədinin hər iki tərəfində vaxtaşırı teraktlar törədir. Bir zamanlar İran Türkiyə və İraqa qarşı bu təşkilata gizli dəstək verirdi və İran ərazisində onların təlim mərkəzləri vardı. Lakin son beş ildə bu təşkilat İrana qarşı mövqe tutduqdan sonra Tehranın ona münasibəti 180 dərəcə dəyişdi və bütün güc strukturlarını PKK-ya qarşı mübarizəyə səfərbər etdi. PKK-ya qarşı mübarizədə Türkiyə ilə real nəticələri olan əməkdaşlıq o vaxtdan başlandı və son illər ərzində İran tərəfi çoxlu terrorçunu zərərsizləşdirmiş və diri ələ keçirdiyi onlarca terrorçunu türk ədalət məhkəməsinə təslim etmişdir ki, bu da Türkiyə tərəfindən müsbət qarşılanmışdır. Göründüyü kimi, tərəflər bu əməkdaşlığı davam etdirmək əzmindədir. İraq məsələsi də diqqət mərkəzində olmuşdur. Mahmud Əhmədinijat deyib ki, İraqın ərazi bütövlüyü, sabitliyi və təhlükəsizliyi bölgə ölkələrinin lehinədir. O deyib ki, amerikalılar İraqdan çəkilərsə, boşluğu bölgə ölkələri doldura bilərlər, onlar belə bir gücə sahibdirlər. Digər ölkələrin müdaxiləsinə ehtiyac yoxdur. Prezidentlərin İstanbul görüşündə iki ölkənin enerji nazirlikləri arasında müxtəlif enerji layihələri üzərində müzakirələr aparılmışdır. Mahmud Əhmədinijat deyib ki, Türkiyə və İranın əməkdaşlığı çox böyük bir güc formalaşdıra və nəticə etibarilə bölgədə sülh üçün çox böyük önəm kəsb edə bilər. İran prezidenti məmnunluqla qeyd edib ki, bu gün Türkiyə və İran arasında ticarət dövriyyəsi 10 milyard dollara çatıb, məqsəd qarşıdakı 4 ildə bu rəqəmi 20 milyarda çatdırmaqdır, - deyə Anadolu agentliyinin xəbərində vurğulanır. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar