SON XƏBƏRLƏR

Siyasi islam təhlükəsi yenidən gündəmdə

2021.10.20, 07:36
Siyasi islam təhlükəsi yenidən gündəmdə

Gunaz.tv
Siyasi islam təhlükəsi yenidən gündəmdə Hikmət Hacızadə: "Dövlət islami qruplarla mübarizə aparmalıdır" Zərdüşt Əlizadə: "İslamın siyasiləşməsində birbaşa olaraq Qərbin özü günahkardır" İlqar İbrahimoğlu: "Vəziyyətin bu şəkildə davamı gələcəkdə islamın siyasiləşməsinə gətirib çıxara bilər" XX əsrin sonlarında müstəqillik qazanan Azərbaycan qapılarını dünyaya taybatay açdı. Dünyaya inteqrasiya istiqamətində xeyli iş görüldü. Əvvəllər gözümüzə tək-tək görünən xaricilər getdikcə çoxalmağa başladı. Sözün doğrusu, elə maraqlanmırdıq da, onlar niyə gəliblər, məqsədləri nədir? Onların geyimləri, davranışları bizi daha çox cəlb edirdi. Və getdikcə məlum oldu ki, bu adamlar heç də xoş niyyətli deyil. Getdikcə onlara qarşı bizlərdə ikrah hissi oyandı, çağırılmamış qonaqlar dinimizə, heysiyyatımıza əl qoymağa başladılar. Əslinə qalsa 70 illik ateist ruhlu ideologiya bizdə çox az şey saxlamışdı. Elə təzəcə islamımıza sahib olmağa başlamışdıq ki, qabağımıza müxtəlif menyülər gətirildi. Əhalinin maddi vəziyyətinin pis olmasından isə daha çox xristian missionerləri yararlandılar. Onu da qeyd edək ki, ilk illər xeyli sayda adam missioner qrupların təsiri altına düşdü. İslamın öz yerini tapması ilə bu təhlükə getdikcə sovuşmağa başladı. Amma həyatımıza qayıtmağa başlayan islam da Azərbaycan xalqının əsrlər boyu tanıdığı islamdan xeyli fərqlənirdi. Əhali təəccüb içində idi, bir dində bu qədər təriqətçilik olar? Türkiyədən, İrandan, Səudiyyə Ərəbistanından və digər müsəlman ölkələrindən maliyyə dəstəyi alan islam qrupları az vaxt ərzində xeyli tərəfdar toplaya bildi. Azərbaycan rəsmiləri bəyanatlarında dini tolerantlığın tərəfdarı olduğunu desələr də, bu o demək deyildi ki, hər kəs istədiyi kimi at oynada bilər. Azərbaycanın dövlət mənafeyi bütün məqsədlərdən üstün tutulmalıdır. Qərb ölkələri də Azərbaycandan müxtəlif islami qrupların fəaliyyəti haqqında dəfələrlə öz narahatlığını bildirib. Onların narahatlığı odur ki, həmin qrupların güclənməsi gələcəkdə dövlət siyasətinə təsirlərin çoxalması, yəni islamın siyasiləşməsi ilə nəticələnə bilər. Qərbin niyyətini başa düşmək o qədər də çətin deyil, qərb heç bir halda islamçıların hakimiyyətə gəlməsinə, Azərbaycanın islam dövlətinə çevrilməsinə razı ola bilməz. Təsadüfi deyil ki, Azərbaycan hökuməti də ölkənin müxtəlif bölgələrində qərarlaşan radikal islami qrupların varlığını qəbul edir və təhlükənin fərqində olduğunu nümayiş etdirir. Hüquq-mühafizə orqanları tərəfindən radikal islami qrupların üzvlərinin həbsləri də dəfələrlə reallaşıb və təəssüf doğuran məqamdır ki, bir çox hallarda onlardan müxtəlif silahlar da götürülüb. Bu arada Beynəlxalq Böhran Qrupunun son hesabatlarından biri də Azərbaycanda siyasi islam və islami icmallar haqqında olub. Qrupun proqram rəhbəri Sabina Freyzer bildirib ki, hal-hazırda Azərbay-canda "İslam təhlükəsi" yoxdur, ancaq bu təhlükənin olmayacağına əmin olmaq üçün hökumət islam icmaları ilə yaxından işləməli, təhsilə xüsusi fikir verməlidir. O, bununla Azərbaycan hökumətinin nəzərinə çatdırıb ki, təhlükə olmasa belə, arxayınlaşmaq olmaz, hökumət islamın gələcəkdə siyasiləşmə-yəcəyinə əmin olmaq üçün iş aparmalıdır. Bu bəyanat bir daha onu göstərir ki, Qərb Azərbaycanda cərəyan edən islami prosesləri diqqətlə izləyir. Azərbaycanda böyük radikal qrupların olmadığını deyən politoloq Hikmət Hacızadə isə hesab edir ki, hələlik elə bir təhlükə yoxdur: "Azərbaycanda islam qrupları çox kiçikdir, təxminən beş-on nəfərdən ibarətdir. Bizdə Türkiyədə islamı təmsil edən AKP kimi partiya yoxdur. Yalnız bu halda islamın siyasiləşməsindən danışmaq olar. Bu qrupların hansısa dəyişiklik edəcəyinə inanmıram. Bununla yanaşı, dövlət islami qruplarla mübarizə aparmalıdır". Politoloq Zərdüşt Əlizadənin qənaətinə görə, islamın siyasiləşməsində birbaşa olaraq Qərbin özü günahkardır: "İslam dünyası Qərbin demokratiya bəhanələri ilə əzilir. Qərb müsəlman dünyasının haqlarını ayaq altına salır. Bu zaman isə insanlarda böyük nifrət yaranır, radikallığa meyl artır". Azərbaycanda islamın siyasiləşməsi üçün real şəraitin olmadığını bildirən Z.Əlizadə bunu güclü lider olmaması ilə əlaqələndirir. Azərbaycanda islamın siyasiləşməsi üçün hələlik təhlükənin olmadığını qeyd edənlərdən biri də dinşünas Hacı İlqar İbrahimoğludur. O, bunu əsas səbəbini güclü liderin olmaması ilə izah edir: "Bu gün Azərbaycanda xeyli sayda islam icmaları və qruplar fəaliyyət göstərir . Onların fəaliyyətində İranın dəstəyi daha aydın hiss olunur. Lakin arxayınlaşmaq olmaz. İndi olmasa da, vəziyyətin bu şəkildə davamı gələcəkdə islamın siyasiləşməsinə gətirib çıxara bilər. Ömər ƏMİROV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar