SON XƏBƏRLƏR

GUAM-ın daha bir cəhdi..._BMT Qarabağ problemini müzakirə edəcək

2021.10.20, 07:36
GUAM-ın daha bir cəhdi..._BMT Qarabağ problemini müzakirə edəcək

Gunaz.tv
GUAM-ın daha bir cəhdi... BMT Qarabağ problemini müzakirə edəcək GUAM ölkələri Gürcüstan, Azərbaycan və Moldovanın ərazilərindəki "donmuş münaqişələr" məsələsini sentyabrın sonlarında BMT Baş Assambleyasının səsverməsinə çıxarmağ hazırlaşırlar. Bu barədə "Ekspress"ə diplomatik mənbələr məlumat veriblər. Bu müzakirələr Assambleyanın 63-cü sessiyasına təqdim olunacaq qətnamə layihəsinə əsaslanacaq. Artıq səsverməyə çıxarılacaq müraciətin mətni hazırdır. İyulun əvvəlində GUAM-ın Batum sammitinin yekunundan sonra təşkilatın katibliyi qətnaməni BMT-yə təqdim edib. "Ekspress"in əldə etdiyi sənəddə Dağlıq Qarabağ, Dnestryanı və Abxaziyadakı münaqişələrdən bəhs olunmaqla, onların 15 il ərzində 16 milyon insanın həyatına təsiri, üç ölkənin suverenliyi və ərazi bütövlüyünə təhlükə yaratdığı qeyd edilir, həmçinin bu durumun beynəlxalq sabitliyə də xələl gətirdiyi vurğulanır: "Konfliktlər regionda çoxmilyonlu qaçqın və məcburi köçkün axınına səbəb olmaqla yanaşı, sosial fəlakət yaradır, xüsusilə də üç ölkənin böyük ərazisinə nəzarət itirilib". Beynəlxalq ictimaiyyətin məsələyə laqeyidsizliyindən gileylənən GUAM mövzuya prioritet qaydada BMT Baş Assambleyasının qiymət verməsini tələb edir. Qeyd edək ki, indiyədək GUAM ölkələri artıq üç dəfə BMT-də etnik münaqişələrin müzakirəsinə cəhd ediblər. Lakin bu təşəbbüslər heç vaxt sonadək sürməyib. İlk müraciət 2005-ci ildə, 60-cı sessiya ərəfəsində olmuşdu. Ancaq o vaxt yalnız Azərbaycan, Böyük Britaniya və ABŞ sənədin gündəliyə salınmasına səs vermişdi. 2006-cı ildə isə GUAM ilkin mərhələdə qətnamənin gündəliyə salınmasında uğur qazansa da, sonadək getmədi. BMT qaydalarına görə, təşkilata göndərilən mövzuların Baş Assambleyanın gündəliyinə salınması, yoxsa komitələrə göndərilməsi barədə qərarı 28 üzvdən ibarət Baş Komitə verir. O isə sentyabrın ortalarında toplaşacaq. Prosedura uyğun olaraq, əvvəlcə mövzu ətrafında şərhlər dinləniləcək, sonra hazırlanmış qətnamə səsə çıxarılacaq. GUAM-ın müraciəti ilə yanaşı, Azərbaycan diplomatiyası Baş Assambleyanda işğal olunmuş ərazilərdə qanunsuzluqlara dair növbəti fərdi qətnaməsinin icrasına da nail olmaq fikrindədir. Məlum olduğu kimi, bu sənəd martın 14-də qəbul edilib. Ancaq bəzi müşahidəçilərə görə, Bakı onun icrası məsələsində ciddi hazırlaşmalıdır, belə ki, əvvəlki təşəbbüslərin qarşısı alınıb və cəhdlər nəticə verməyib. Ən böyük əngəl Rusiya hesab olunur. Bir qayda olaraq, bu ölkə "donmuş münaqişələrə" dair istənilən təşəbbüslərin müəlliflərini "daşa tutmağa" çalışıb. Moskvanın əndişəsi başadüşüləndir. Aydındır ki, Kreml postpovet ölkələrindəki konfliktlərin beynəlmilləşməsini istəmir, mümkün vasitələrlə regionu təsir dairəsində saxlamağa çalışır. Bəs GUAM bu cəhdi ilə nəyə nail olmaq istəyir? Bir halda ki, irəli sürülən qətnamələr hətta BMT-də qəbul olunsa belə, icra olunmur, buna gərək varmı? Ən əsası, belə təşəbbüslər sülh proseslərinə nə verir? Azərbaycan XİN-də hesab edirlər ki, Bakı üçün ən əsası Qarabağ məsələsinin sırf ölkə nöqteyi-nəzərindən çıxararaq, ümumi kontekstdə - GUAM-dakı digər münaqişələrlə birlikdə BMT-nin müzakirəsinə verməkdir ki, bu da problemin ciddiliyini artırır: "İkincisi, yeni format - bu, ATƏT-in Minsk qrupunun əvəzləyicisi deyil - çoxtərəfli nizamlamanı daha da sürətləndirə bilər". Yenə sual yaranır: BMT-nin arxivində Qarabağla bağlı 4 qətnamə var. Bu sənədlərin hər biri münaqişənin həssaslığına istinad edir. Bunlar nəticə vermirsə, növbəti addımlardan nəsə gözləmək olarmı? XİN-in bu suala cavabı birmənalıdır: "Heç nə etməməkdənsə, mövcud olan imkanlardan bəhrələnmək daha yaxşıdır". Ə.Raufoğlu express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar