SON XƏBƏRLƏR

Zəfər Quliyev: “İran rəsmilərinin sərt bəyanatları xariclə yanaşı, daxili auditoriyaya hesablanıb”

2021.10.20, 07:36
Zəfər Quliyev: “İran rəsmilərinin sərt bəyanatları xariclə yanaşı, daxili auditoriyaya hesablanıb”

Gunaz.tv
365.jpg “HƏM İRAN, HƏM DƏ AMERİKA SİYASİ BLEF EDİR” Zəfər Quliyev: “İran rəsmilərinin sərt bəyanatları xariclə yanaşı, daxili auditoriyaya hesablanıb” Son vaxtlar ABŞ-İran münasibətlərinin daha da gərginləşməsi müşahidə olunur. Hətta xarici mətbuat orqanları belə mülahizələr də səsləndirirlər ki, ABŞ-da keçiriləcək seçkilərə qədər İrana hücum planı reallaşdırıla bilər. Tehranın nüvə məsələsi ilə bağlı Cenevrədə keçirilən danışıqlarda Amerika təmsilçisinin iştirakından sonra İran rəhbərliyi geri çəkilməmək mövqeyini daha da qətiləşdirib. İki gün öncə İran prezidenti Mahmud Əhmədinejad bildirib ki, Cenevrə danışıqlarında ABŞ emissarı İrana dair nəzakətli davranıb və belə meyl hiss olunub ki, Birləşmiş Ştatlar Tehranın nüvə hüququnu tanımaq istəyir: “İran xalqı öz seçimini edib və heç bir despotik rejim qarşısında geri çəkilməyə hazırlaşmır”. Əhmədinejadın bu bəyanatı ABŞ-ın dövlət katibi Kondoliza Raysa cavab kimi də qiymətləndirilir. Rays Cenevrə danışıqlarından sonra bildirmişdi ki, Tehran nüvə danışıqlarına qeyri-ciddi yanaşır və bundan vaxt udmaq üçün istifadə edir. Ona görə də İrana “altılar”ın təklifini qəbul etmək üçün iki həftə vaxt verilib. Sitat: “Əgər bu müddət ərzində o, konkret qərar verməsə, sərt cavabla üzləşməli olacaq. İranlılara layiqli cavab verməyin vaxtı çatıb, insanlar artıq onların baş qatmaq taktikasından yorulublar”. Qeyd edək ki, iki həftənin başa çatmasına 9 gün qalır. Hələlik görünən budur ki, İran öz mövqeyindən geri çəkilmək niyyətində deyil və onunla bağlı hər bir xəbərdarlığa sərt cavablar verir. İran rəsmilərini bu qədər arxayın danışmağa vadar edən, yaxud həvəsləndirən hansı amillərdir? Onlar Amerikanın İrana hücum etməyəcəyini düşünürlər, yoxsa müharibə variantında qalib gələcəklərinə əmindirlər? Mövzu ətrafında söhbət etdiyimiz politoloq Zəfər Quliyev bildirdi ki, bunu konkret bir səbəblə izah etmək mümkün deyil: “Yəni Tehranın bu cür mövqe sərgiləməsinin bir neçə səbəbi var. İlk növbədə ona diqqət yetirək ki, Mahmud Əhmədinejadın siyasi portreti, xarakteri təxminən Venesuela diktatoru Uqo Çavesin cəhətlərini xatırladır. İran prezidenti xaraktercə çox radikal, sərt çıxışlar etməyi sevir. Dünyadakı liderləri analiz edəndə, biz görürük ki, bu cür xarakterə malik diktatorların sayı artır. Amma bunu yeganə səbəb kimi qəbul etmək olmaz. Çünki İran güclü dövlətdir, onun siyasi xəttini bir nəfər müəyyənləşdirmir. Yaxud bunu bir nəfərin xarakteri həll etmir”. Politoloq düşünür ki, ortada daha ciddi səbəblər var: “Ola bilsin ki, İran rəhbərliyi başa düşür ki, Amerika onlara qarşı güc tətbiq etməyə cürət etməz. O baxımdan ki, artıq dünyadakı ümumi vəziyyət dəyişib. ABŞ İraqdan fərqli olaraq, İranla mübarizədə koalisiya yarada bilmədi. Hətta onun müttəfiqləri də daxil olmaqla, bir çox aparıcı dövlətlər gücün əleyhinə oldular. Digər tərəfdən, Amerikada növbəti prezident seçkisi yaxınlaşır. Buş administrasiyası hakimiyyətinin son aylarında çətin ki, müharibəyə əl atsın. Bütün bunlara görə İran vəziyyəti gözəl dərk edir ki, Amerikanın təhdidlərinə, xəbərdarlıqlarına adekvat olaraq sərt cavablar verir. İranı cürətli edən başqa bir amil də var. Bu da ondan ibarətdir ki, artıq birqütblü dünya landşaftı dəyişib. İran da başa düşür ki, Rusiya Amerikaya qarşı sərt mövqedədir. Həmçinin Tehranın enerji resurslarının bir hissəsi özünü hegemon kimi aparan Çinə yönəlib. Ona görə İran Amerika ilə konfliktdə Rusiya və Çindən istifadə edəcəyini güman edir. Bundan başqa, ümumi regionda gedən proseslər onu göstərir ki, belə bir qəliz vəziyyətdə müsəlman dünyası İrana qarşı yönəlməz. Bütün bunlara görə İran anlayır ki, Amerika siyasi blefdan istifadə edir. Düzdür, sərt mövqe qalır, amma müharibə məsələsi real deyil. Bu situasiyada Tehran özü də siyasi blefdən yararlanmağa çalışır. Hər iki tərəf kəskin bəyanat formasında bir-birilərinin mövqelərini neytrallaşdırırlar. İnandırıcı deyil ki, bundan irəli gedən hər hansı bir addım atılsın. İsrail də təkbaşına müharibəyə başlaya bilməz, çünki özü pis vəziyyətə düşə bilər”. Z.Quliyevin sözlərinə görə, İran rəhbərliyinin sərt mövqe sərgiləməsi xariclə yanaşı, daxili auditoriyaya hesablanıb: “İran rəhbərliyi bilir ki, xalq arasında özlərinin nüfuzu yüksək deyil. Onlar bu kimi bəyanatlarla əhalini Amerikaya qarşı kökləndirib öz ətraflarında birləşdirməyə çalışırlar”. Elşad MƏMMƏDLİ musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar