SON XƏBƏRLƏR

GUAM yaxşıdır, yoxsa ərazi bütövlüyü?_Moldova bu suala cavab tapmağa hazırlaşır

2021.10.20, 07:36
GUAM yaxşıdır, yoxsa ərazi bütövlüyü?_Moldova bu suala cavab tapmağa hazırlaşır

Gunaz.tv
GUAM yaxşıdır, yoxsa ərazi bütövlüyü? Moldova bu suala cavab tapmağa hazırlaşır Son dövrlər Moldovanın GUAM-da könülsüz fəaliyyəti, bu ölkənin gələcək davranışları ilə bağlı çeşidli mülahizələrin ortaya çıxmasına səbəb olub. Bu mülahizələrdən daha geniş yayılanı Moldovanın yaxın gələcəkdə GUAM-ı tərk edə biləcəyi ehtimalıdır. Bu ehtimalın meydana gəlməsinin məntiqi əsası var. GUAM-ın Gürcüstanda keçirilən dövlət başçıları sammitinə Moldova prezidentinin qatılmaması artıq müəyyən nəticəyə gəlməyə əsas verirdi. Bunun ardınca mediada Moldova prezidenti Vladimir Voroninin "GUAM-ın özünü doğrultmaması və perspektivsizliyi" ilə bağlı fikirləri yer aldı. Daha sonra yenə Moldova prezidentinin dilindən "Dnestryanı münaqişənin həll olunması ilə bağlı qəti razılıq əldə olunub" bəyanatı yayıldı. Bəyanatda xüsusi qeyd edilirdi ki, separatçı Dnestryanı bölgənin rəhbərliyi ilə aparılan danışıqların effekt verməsində Rusiyanın önəmli rolu olub. Bu həftə isə V.Voronin GUAM-dakı müttəfiqlərinə daha bir "sürpriz" etdi. O, GUAM-ın sülhməramlı qoşunların yaradılmasını məqsədəuyğun hesab etmədiyini bildirdi. Prezidentin sonrakı fikirləri göstərir ki, Moldova GUAM-ın siyasi birliyə çevrilməsini istəmir. "Moldovanı GUAM-da iqtisadi və regional proqramların həyata keçirilməsi maraqlandırır", - deyən Voronin bununla həm də Rusiyanın GUAM-ı necə görmək istədiyini ortaya qoyur. Məlum olduğu kimi, GUAM-ın sülhməramlı hərbi qüvvələrinin yaradılması ideyası xeyli müddətdir gündəmdədir. Separatizmdən əziyyət çəkən GUAM üzvü olan ölkələr üçün belə bir kontingentin formalaşdırılması və gələcəkdə BMT mandatı altında münaqişə bölgələrində sülhyaratma missiyasını həyata keçirməsi çox əhəmiyyətli məsələdir. Amma göründüyü kimi, Moldova bu məsələdə tərəddüdlü mövqedədir. Bəs nə baş verir? Yuxarıda qeyd etdiyimiz kimi, Moldova özünün başlıca problemi olan Dnestryanı münaqişənin həllinə ümid edir. Bu işdə isə həlledici rol Rusiyaya məxsusdur. (əslində, keçmiş SSRİ məkanındakı münaqişələrin həlli açarı Rusiyanın əlindədir). Moldova Dnestryanı münaqişənin həlli üçün Voroninin dediyi kimi Rusiyanın "dobro"sunu alıbsa, demək, Kişinyovun bundan sonrakı hərəkətləri Kremlin istəklərinə uyğun olacaq. Rusiya özünün yaratdığı münaqişə ocaqlarında "sülhyaratma" missiyasını da özü həyata keçirməkdə israrlıdır. İndi Gürcüstanla Osetiya arasında olduğu kimi... Ona görə də Moskva keçmiş SSRİ ərazisində alternativ sülhməramlı qüvvələrin formalaşmasında maraqlı deyil. Moldova da öz problemini Rusiyanın dəstəyi ilə həll etmək üçün GUAM-ın ciddi bir qurum halına gəlməsinə maraq göstərmir. Və yəqin ki, qarşıdakı toplantıların birində Moldovanın GUAM-dan çıxdığı haqda bəyanat səslənəcək. Bundan sonra Rusiya Moldovaya verdiyi sözü yerinə yetirəcəkmi? Bu sualın cavabı yəqin ki, hələ Voronin üçün də bəlli deyil... Aqil CAMAL express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar