SON XƏBƏRLƏR

NEFT HEGEMONLUĞU

2021.10.20, 07:36
NEFT HEGEMONLUĞU

Gunaz.tv
NEFT HEGEMONLUĞU Hazırda dünya iqtisadçıları "ehtiyatların lənəti" haqqında SOS siqnalı verirlər Azər RƏŞİDOĞLU Yarandığı ilk vaxtlardan yığıcılıq və ovçuluq sənəti ilə qarnını doyurmağa çalışan insan sonralar ayaq basdığı planetin nə qədər zəngin sərvətlərə malik olduğunu anladı. Zaman keçdikcə yer qabığının altında cisim və maye halında toplanmış külli miqdarda təbii sərvətlər aşkarlandı və bu hal artıq insanın öz əlindəki paya qane olmamasına gətirib çıxardı. Bunun nəticəsində canını qorumaq uğrunda vuruşan insan artıq sərvət toplamaq üçün yeni-yeni canlar yaxmağa başladı. Yer kürəsinin gizlətməyə çalışdığı bu sərvətlər insanın əlinə keçdikcə yer qabığı daha çox qana boyandı. Günümüzə qədər iki gizli xəzinənin - qızıl və neftin bəşər tarixinə gətirdiyi yeniliklər sivilizasiyanı ağlasığmaz dərəcədə inkişaf etdirməklə bərabər, planeti fəlakətlərə sürükləməkdən də yan keçmədi. Əsasən zinət əşyası rolunu oynayan qızıldan fərqli olaraq neft imperiyaların və diktaturaların güc mənbəyinə çevrildi. Artıq dövlətlər arasında yeni torpaqlar deyil, yeni neft mənbələri uğrunda çarpışma ortaya çıxdı. Siyasi hakimiyyətlər isə bu təbii sərvətin hesabına ömürlərinə ömür qatdı. Müasir dövrümüzə nəzər saldıqda neft ağalarının özlərini dünyanın sahibi kimi apardıqlarını müşahidə edirik. Diqqət yetirmisinizsə, neftlə zəngin "yaxşı" oğlanlar vaxtlarını əla və çox dəbdəbəli keçirirlər. Bundan əlavə, neftlə zəngin ölkələr getdikcə dünyaya meydan oxumaqdadır. Məsələn, neft pulları İranın gözünü elə tutub ki, BMT-ni saya salmır, nüvə silahına yönəlik təhlükəli təcrübələri və İsrailin yer üzündən silinməsi ilə bağlı hədə-qorxuları dayandırmaq tələblərinə hörmətsizlik göstərir. Neftlə zəngin Rusiyada hakimiyyət başına gələn Vladimir Putin "qara qızıl"dan gələn gəlir hesabına opponentlərini zindana salır, Amerikanın İran, "Həmas" kimi düşmənləri ilə dostlaşmağa çalışır. Yaxud neft gölməçəsi Sudan dünyanın Darfurda törədilən soyqırımı dayandırmaq çağırışlarını eşitmir. Başqa bir neft diyarının - Venesuelanın prezidenti Uqo Çaves qiymətləri qaldırmaq hədəsi ilə Amerikanın və daxili opponentlərinin əsəblərini tarıma çəkir. Eyni zamanda, neft və qaz pulları ilə dolu Nigeriya, Özbəkistan, Anqola, Səudiyyə Ərəbistanı, Çad və Suriya ən kövrək demokratik addımlardan rahatca imtina edir. Hazırda dünya iqtisadçıları təbii ehtiyatlar bolluğunun istənilən ölkədə siyasi və iqtisadi islahatlara mənfi təsirləri ("ehtiyatların lənəti") haqqında SOS siqnalı verirlər. Bu fikri neftə şamil etdikdə "ehtiyatların lənəti" arqumentini bir addım da irəli çəkmiş oluruq. Neftin qiyməti ilə azadlığın tempi arasında spesifik qarşılıqlı əlaqə var. Bunu neft siyasətinin birinci qanunu adlandıranların fikrincə, "petro-ist" ölkələrdə neftin qiyməti və azadlıq tempi hər zaman bir-birinə əks istiqamətdə hərəkət edir. Həmin qanuna görə, xam neftin dünya qiyməti yüksəldikcə "petro-ist" ölkələrdə azad söz, azad mətbuat, azad seçkilər və azad toplaşmaq hüquqlarında, hökumətin şəffaflığı, müstəqil məhkəmələr və qanunun aliliyi sferasında, ictimai institutların fəaliyyət sərbəstliyi sahəsində bir o qədər çox pozuntu yaranır. Neftin qiyməti düşəndə isə bu ölkələr şəffaf siyasətə bir o qədər çox meyillənir, müxalifətə münasibətdə daha həssas, xarici aləmlə təmaslarda daha açıq olur. Vətəndaşların rəqabət aparmaq, yeni şirkətlər yaratmaq və xarici investisiyalar cəlb etmək imkanlarını artıracaq hüquqi və təhsil strukturlarının qurulması üzərində diqqət cəmləşdirən siyasət yürüdür. Bu tipli dəyişikliklərin fərqinə varmaq azərbaycanlı iqtisadçılar üçün də olduqca asandır. Neft ölkələri arasında mühüm yer tutan Azərbaycan böyük dövlətlərlə münasibətlərini daha çox neft amili üzərində qurmaqla yanaşı, iqtidar neft pullarının artıb-azalmasından asılı olaraq siyasi manevrlər edir. "Qara qızıl"dan gələn gəlir hakimiyyət dairələrinə artıq kimsəyə hesabat verməyə borclu olmadıqlarını açıq şəkildə ifadə etməyə imkan yaradıb. Bu günlərdə prezident İlham Əliyevin növbəti dəfə Qərbə və beynəlxalq institutlara ünvanlanan sərt ittihamları ciddi rezonans doğurdu. Beləcə, ölkədə demokratiyanın və insan haqlarının vəziyyəti ilə bağlı tənqidlər artdıqca yerli hakimiyyətin buna reaksiyası da sərtləşir. Müşahidəçilər bunu birmənalı şəkildə neft gəlirlərinin artımı ilə bağlayırlar. Neft gəlirləri artdıqca dövlət rəsmiləri və məmurlar "dövlət müstəqilliyi" məfhumunu daha tez-tez xatırlayır, özlərini yerli ictimai rəydən və beynəlxalq münasibətlərdən asılı olmayan kimi aparmağa başlayırlar. Yaranmış vəziyyət artıq beynəlxalq dairələrdə də müəyyən narahatlıqla qarşılanır. Bəzi beynəlxalq təşkilatların hesabatlarında qeyd edilir ki, Qazaxıstan, Rusiya və Azərbaycanda neft gəlirlərinin artması bu ölkələrdə demokratiyanın azalması ilə nəticələnib. Orta Asiya və Cənubi Qafqazdakı bəzi hakimiyyətlərə münasibət bildirən ABŞ-ın dövlət katibi Kondoliza Rays isə deyir ki, onlar neft pulları hesabına qısa müddət üçün oynaya bilərlər və XVIII əsrə məxsus sistemləri ilə heç vaxt beynəlxalq ictimaiyyətə və müasir dünyaya qovuşa bilməzlər. Beləliklə, neft Azərbaycanın siyasi və iqtisadi həyatında özünün mürəkkəb rolunu oynamağa başlayıb. Neft gəlirləri ilə demokratiya, demək olar, tərs mütənasiblik təşkil edir, gəlirlər artdıqca demokratiyanın sərhədləri daralır. Neftin demokratik proseslərə, iqtisadiyyatın sağlam inkişafına təsiri haqqında əvvəllər də bədbin proqnozlar səslənirdi. Bunun üçün dünyada kifayət qədər təcrübə toplanıb. Təsadüfi deyil ki, bəzən politoloqlar nefti "lənətlənmiş resurs" adlandırırlar. Bəs neft gəlirləri demokratik prosesləri necə ləngidir, ona necə təsir edir? Dövlət rəsmiləri açıq şəkildə bildirirlər ki, beynəlxalq təşkilatların, hətta Avropa Birliyi kimi qurumların ayıracağı böyük maliyyə resursları yoxdur. Deməli, siyasi və iqtisadi islahatlara da ehtiyac duyulmur və ölkəni məmur kapitalizmi istiqamətində inkişaf etdirmək olar. Üstəlik, milli resurslar orta səviyyəli məmurlara da böyük sərbəstlik verir. Beynəlxalq təşkilatların ayırdığı maliyyəyə görə onlar müəyyən mənada hesabat verməli olurdular. Baxmayaraq ki həmin dövrdə də korrupsiya vardı və məmurlar müxtəlif texniki yardım proqramlarından özləri üçün yararlana bilirdilər. İndiki böyük layihələrə isə nə yerli, nə də xarici nəzarət var. Məmurlar nazirliklərin ildən-ilə artan büdcəsi hesabına öz problemlərini həll edə, həm də büdcə xərclərində böyük yer tutan təmir-tikinti layihələrindən vəsait mənimsəyə bilirlər. Burada böyük tikinti və kommunikasiya layihələrini xüsusilə qeyd etmək lazımdır. Neft gəlirləri artdıqca hakimiyyətin belə layihələrə marağı da artır. Neft bir neçə parametr üzrə siyasi hakimiyyətin müstəqilliyini artırır, onun beynəlxalq mühitdən asılılığını azaldır. Öncə Azərbaycanın yaxın keçmişinə qayıtmaq lazımdır. Əvvəllər ölkə müəyyən mənada beynəlxalq maliyyə institutlarından asılı idi, öz iqtisadiyyatını onların ayırdığı kreditlər hesabına inikşaf etdirirdi. Bu kreditlərin verilməsi, maliyyə ayırmaları isə ölkədə demokratiyanın və insan haqlarının vəziyyətinin yaxşılaşdırılması, ardıcıl iqtisadi islahatların aparılması ilə şərtləndirilirdi. İndi bu asılılıq yoxdur. Neft gəlirlərinin ölkəyə böyük miqdarda daxil olması hətta Azərbaycanın özünü investora çevirib. Azərbaycan Gürcüstanda və Türkiyədə böyük investisiya layihələri həyata keçirir. Demokratiyanın məhdudlaşdırılmasının digər yolu böyük enerji layihələrinin ölkə üçün yaratdığı geosiyasi manevr imkanlarıdır. Qərb dövlətlərinin təzyiqini hiss edən Azərbaycan bunu Rusiyanın və digər ölkələrin təsiri ilə tarazlaşdıra bilir. Üstəlik, Qərb dövlətlərinin özlərinin də Azərbaycana marağında enerji məsələləri xüsusi önəm kəsb edir və onlar bunu gizlətmirlər. Təbii ki, hakimiyyətin inzibati resurslarını, xüsusən də güc strukturlarını qeyd etmək lazımdır, çünki ölkədəki siyasi hakimiyyətin yaşarılığını təmin edən ilk növbədə onlardır. Neft gəlirləri artdıqca güc strukturlarının büdcə vəsaitləri çoxalır, bu da onların hakimiyyətə qarşı sədaqətini artırır. Hətta sosial narazılıqları da pensiya artımları və müxtəlif sosial yardımlar vasitəsilə səngitmək mümkündür. Hakimiyyət neftdən gələn gəlirlərin kiçik bir hissəsini məcburi köçkünlərin və aztəminatlı təbəqənin problemlərinin həllinə yönəldir və bununla da narazılığın qismən azalmasına nail olur. Ziyalıların önəmli hissəsi də hakimiyyətə qarşı loyallığın müqabilində mükafatlandırılır. O da həqiqətdir ki, siyasi və iqtisadi islahatları aparmaq üçün müəyyən sosial stimula ehtiyac var. Neftin mənfi təsiri məhz ondadır ki, bu stimulu azaldır, ölkə rəhbərliyini arxayınlaşdırır, onun daxili rəydən asılılığını zəiflədir və beynəlxalq öhdəliklərə qarşı etinasızlaşdırır. Bütün bunları düşünərək Mustafa Kamal Atatürkün son nəfəsində dediyi sözləri xatırlamamaq mümkün deyil: "Mən canımı rahat tapşıra bilərəm. Çünki Türkiyədə neft yoxdur"... Qeyd: məqalə www.azadliqciragi.org saytında çar olunub. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar