SON XƏBƏRLƏR

SAAKAŞVİLİNİN FƏRMANI İLƏ TBİLİSİDƏKİ AZƏRBAYCAN TEATRINA HEYDƏR ƏLİYEVİN ADI VERİLİB

2021.10.20, 07:36
SAAKAŞVİLİNİN FƏRMANI İLƏ TBİLİSİDƏKİ AZƏRBAYCAN TEATRINA HEYDƏR ƏLİYEVİN ADI VERİLİB

Gunaz.tv
SAAKAŞVİLİNİN FƏRMANI İLƏ TBİLİSİDƏKİ AZƏRBAYCAN TEATRINA HEYDƏR ƏLİYEVİN ADI VERİLİB Gürcüstan prezidenti Mixail Saakaşvilinin fərmanı ilə Tbilisi Azərbaycan Dövlət Dram Teatrına Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin adı verilib. Teatrın direktoru və bədii rəhbəri, rejissor Qoça Kapanadze AzərTAc-a açıqlamasında bundan böyük şərəf duyduqlarını deyib. O bildirib ki, Azərbaycan və gürcü xalqları arasında dostluq əlaqələrinin qorunub saxlanmasında və möhkəmlənməsində H.Əliyevin misilsiz xidmətləri olub: «Onu demək kifayətdir ki, əsrin qlobal layihələrinin Gürcüstan ərazisindən keçməklə reallaşması məhz Heydər Əliyev cəsarəti sayəsində mümkün olub. Qədirbilən gürcü xalqı bunu heç vaxt unutmayacaq. Tbilisidə onun büstünün ucaldılması, Kür çayının sağ sahilində böyük bir küçəyə onun adının verilməsi dediklərimə əyani sübutdur». Q.Kapanadze qeyd edib ki, Tbilisi Azərbaycan Dövlət Dram Teatrının qonşuluğunda, Tbilisinin tarixi Hamamlar məhəlləsində H.Əliyevin adına gözəl bir bağça da var: «Bir faktı da xüsusi qeyd etmək istəyirəm: Azərbaycanda heç bir teatr Heydər Əliyevin adını daşımır. Bu şərəfə ilk dəfə olaraq Tbilisi Azərbaycan Dövlət Dram Teatrı layiq görülüb. Biz bununla fəxr edir və böyük məsuliyyət daşıdığımızı yaxşı xatırlayırıq». Yaradıcılıq planlarından danışarkən direktor deyib ki, onlar artıq A.Çexovun «Razılıq istəmək», G.Eristavinin «Gözəgörünməz papaq», K.Abdullayevin «Bir, iki, üç», Çernetin «Qızıl qaz balası» əsərlərini, sənədli materiallar əsasında isə «Xocalı faciəsi»ni səhnəyə qoyublar: «Hazırda Şekspirin «Qanlı salnamə»si üzərində işləyirik. Bunlarla yanaşı, Qurban Səidin «Əli və Nino» əsərini tamaşaya qoymaq, poeziya gecəsi keçirmək, gürcücədən azərbaycancaya və əksinə tərcümələr edən gürcü və Azərbaycan şairləri ilə görüşlər təşkil etmək istəyirik. Oktyabrda Bakıya qastrola getməyi də planlaşdırırıq». «Teatrın XIX əsrdə tikilmiş binası köhnədir, təmir etdirmək fikriniz yoxdurmu» sualına Q. Kapanadze belə cavab verib: «Ötən qış vəziyyətimiz ağır idi. Şəhər bələdiyyəsi və qədim Tbilisi İcra Hakimiyyətinin başçısı Lasa Purtxvanidze köməyimizə gəldilər. Onlar binanın damını və pəncərələrini təzələdilər. Məşq salonu təmir edildi. Ancaq hələ görüləsi işlər çoxdur». Teatrın nəzdində artistlərin yaradıcılıq studiyasının yaradılmasına gəlincə, direktor qeyd edib ki, bunun səbəbi Ş.Rustaveli adına Teatr İnstitutunda Azərbaycan teatrı üçün ancaq bir kursun ayrılmasıdır: «Bu isə kifayət deyil. Truppanı doldurmaq lazımdır. Buna görə də teatrın nəzdində artistlərin yaradıcılıq studiyasını yaratdıq. Hazırda studiya müvəqqəti olaraq fəaliyyət göstərmir. Mən yalnız azərbaycanlı artistlərin deyil, rejissorların da hazırlıq kursu keçəcəyi studiya yaratmaq arzusundayam. Studiyanın fəaliyyət göstərdiyi dövrdə burada 16 gənc təhsil alır və teatrın özü onlara maaş verirdi. Təhsillərini başa vurduqdan sonra onlar imtahan verdilər. İmtahanın nəticələrinə görə 6 nəfəri stajçı kimi teatrda saxladıq. Sentyabrda teatr studiyasına qəbul elan edəcəyik. Teatr İnstitutundan professor və müəllimlərin dəvət olunacağı studiyada natiqlik, vokal, xoreoqrafiya, pantomima tədris ediləcək».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar