SON XƏBƏRLƏR

KARACİÇ BİR NEÇƏ GÜNƏ HAAQA TRİBUNALINA VERİLƏCƏK

2021.10.20, 07:36
KARACİÇ BİR NEÇƏ GÜNƏ HAAQA TRİBUNALINA VERİLƏCƏK

Gunaz.tv
KARACİÇ BİR NEÇƏ GÜNƏ HAAQA TRİBUNALINA VERİLƏCƏK Onun yaxalanması Amerika və Britaniya Xüsusi Xidmət Orqanlarının köməyi sayəsində mümkün olub Bosniyada on minlərlə müsəlmanın ölümünə bais olan və Serebrenitsa şəhərində bir gündə kişi cinsinə mənsub 8 mindən çox adamın öldürülməsinə əmr verən Radovan Karaciç bir neçə gün sonra Haaqa Tribunalına təhvil veriləcək. Hazırdasa o, Belqradda hərbi cinayətlərə dair məhkəmənin binasında güclü mühafizə altında saxlanılır. Qanuna görə, yerli müharibə cinayətləri məhkəməsi Karaciçin işinə baxıb 3 gün ərzində qərar verməlidir. Qarşı tərəfin isə apelyasiya şikayəti vermək üçün 3 gün vaxtı var. Daha sonra yüksək məhkəmə Karaciçin işi ilə bağlı qərar çıxaracaq və çox güman ki, bir neçə gün sonra o, Haaqa tribunalı qarşısında dayanacaq. Xəbər verildiyi kimi Serbiya xüsusi xidmət orqanları 13 ildir axtarılan Karaciçi Belqraddan ətraf qəsəbələrdən birinə gedən avtobusda yaxalayıblar. Məlum olub ki, uzun saqqal buraxan və tanınmaz dərəcədə dəyişən “serb qəssabı” son illər ərzində Belqradda alternativ tibb sahəsində fəaliyyət göstərən özəl klinikalardan birində doktorluq edərək pul qazanıb və şəhərdə sərbəst şəkildə dolaşıb. Vəkilinin dediyinə görə, Karaciç həbsini qanunsuz sayır və ifadə vermir. Lakin o, vəkilinə bildirib ki, Serbiyada mühakimə olunmaq istəyir. Serbiya hökumətindən “Röyter” agentliyinə verilən məlumata görə, Karaciç son bir neçə həftə ərzində izlənilib. Onun yeri haqda xarici ölkə kəşfiyyat xidmətlərindən dəqiq informasiya alındıqdan sonra həbs əməliyyatı həyata keçirilib. “The Financial Times” qəzeti isə yazıb ki, Karaciçin tutulmasına Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi və Britaniyanın Mİ 6 kəşfiyyat xidməti yardım edib. Serbiya prezidenti Boris Tadiç Karaciçin yeri haqda məlumat aldıqdan sonra ölkənin xüsusi xidmət orqanının rəhbərini dəyişib və bu posta yaxın adamını qoyub. Çünki məlum olub ki, xüsusi xidmət orqanları Karaciçi gizli şəkildə himayə edir. Britaniya kəşfiyyatındakı mənbə qəzetə bildirib ki, onlar bir neçə dəfə Karaciçi yaxalamağa yaxın olublar. Lakin hər dəfə o, yoxa çıxa bilib: “Belə görünürdü ki, o, çox yüksək rütbəli şəxslərin himayəsi altındadır. Görünür, indi onun himayəsi ziflədiyindən, həbs edilib”. Karaciç yaxalanarkən onun Draqan Dabiç adı altında gizləndiyi, sənədlərinin kifayət qədər peşəkarcasına hazırlandığı məlum olub. Əvvəlcə onun izinə düşən xüsusi xidmət orqanları qarşılarındakı şəxsin Karaciç olduğuna inana bilməyiblər. Uzun ağ saqqalı, gözlərində eynək olan 63 yaşlı Karaciç tanınmaz dərəcədə dəyişib. Yalnız xüsusi DNK testi aparıldıqdan sonra onun Karaciç olduğu rəsmən təsdiqlənib. Bildirilir ki, o, Belqradda kirayə qalırmış. Lakin evin sahibi belə onun kim olduğunu bilməyib. Hərbi cinayətlər üzrə prokuror Vladimir Vukeviç deyib ki, ixtisasca psixiatr olan Karaciç işlədiyi klinikaya gedərkən avtobusda yaxalanıb. Qeyd edək ki, Karaciç Bosniya serblərinin lideri olarkən on minlərlə müsəlmanın öldürülməsində və insanlığa qarşı cinayətlərdə ittiham olunur. Onun göstərişi ilə Sarayevo şəhəri aylarla mühasirədə saxlanılıb və atəşə tutulub. Nəticədə şəhərdə minlərlə adam ölüb. Bir neçə gün əvvəl 13-cü ildönümü tamam olan Serebrenitsa qırğını isə beynəlxalq ictimaiyyət tərəfindən soyqırım kimi tanınıb. 1995-ci ildə Karaciçin göstərişi və planı əsasında xüsusi təyinatlı serb qüvvələri Bosniyanın bu müsəlman şəhərinə daxil olaraq kişi cinsinə mənsub 8 mindən çox adamı güllələyib. Öldürülənlər kütləvi məzarlarda basdırılıb, bu dəhşətli hadisələri əks etdirən videokadrlar indi də dünyada şok yaradır. Lakin Karaciç bu soyqırımın tək günahkarı deyil. Bosniya serblərinin silahlı dəstələrinin komandanı olmuş general Radko Mladiç ondan daha dəhşətli adam sayılır. Mladiçin xüsusi təyinatlı dəstələri Bosniya müsəlmanlarına qarşı ağlasığmaz dərəcədə dəhşətli cinayətlər törədib. Hazırda o axtarışdadır. Gözlənilir ki, Karaciç Haaqa Tribunalında Bosniyada baş verənlərə görə məsuliyyəti keçmiş Yuqoslaviya diktatoru Slabodan Miloşeviçin üzərinə atacaq. Miloşeviç Haaqa Tribunalı qarşısında ifadə verərəkən Bosniyada törədilənlərdə heç bir rolunun olmadığını və yerli serb liderlərinin onu eşitmədiklərini demişdi. Karaciçin indiyədək həbs edilməməsinin səbələri haqda isə müxtəlif fərziyyələr dolaşır. Bu fərziyyələrdən birinə görə, 1996-cı ildə Deyton sülh razılaşması imzalanarkən amerikalı diplomat Riçard Holbruk Karaciçlə “centlmen razılaşması” əldə edib. Ona vəd edilib ki, siyasətdən çəkilsə müharubə cinayətlərinə görə təqib olunmayacaq. Lakin Holbruk Karaciçə tam toxunulmazlıq da vəd etməyib. Deyilənə görə, o vaxt Karaciçə yaşamaq üçün 600 min dollar da verilibmiş. Lakin Dövlət Departamenti bu şaiyələri təkzib edib. Haaqaa Tribunalının baş prokurorunun keçmiş köməkçisi Florans Hartman isə öz xatirələrində yazır ki, 1997-ci ildə Rusiya və ABŞ Karaciçin həbsinə mane olublar. Onun yazdığına görə, həmin il Fransa prezidenti Jak Şirak Karaciçin tutulması üçün əməliyyat keçirməyə hazırlaşıb, lakin ABŞ prezidenti Bill Klinton Almaniya kansleri Helmut Kol və Britaniya baş naziri Toni Bleyerlə məsləhətləşdikdən sonra ona deyib ki, bu əməliyyatdan çəkinsin, çünki Rusiyanın narazılığına səbəb ola bilər. Hartman Şirakın bu sözlərini də sitat gətirir: “Boris Yeltsin mənə dedi ki, Karaciç Miloşeviç haqda çox şey bilir. O, mənə bildirdi ki, lazım gəlsə Karaciçi təyyarə ilə Bosniyadan çıxara bilər, lakin heç vaxt onun həbsinə razı olmaz.” Hartman yazıb ki, 1997-ci ilin noyabrında Bosniyada seçkilər keçirilərkən Rusiya təyyarəsi Karaciçi ölkədən çıxarıb və o, bir neçə ay ərzində Belarusda qalıb. Şirak 2000-ci ildə söhbətlərdən birində deyib ki, ABŞ-ın Karaciçin həbsinə mane olması Bosniya serblərinin lideri ilə Vaşinqton arasında gizli razılaşmadan xəbər verir. Karaciç Serbiya hakimiyyəti daxilində də dəstəyə malik olub. Serblərin bir çoxu onu milli qəhrəman hesab edir, ölkənin xüsusi xidmət orqanlarında isə Karaciçi dəstəkləyən adamlar olub. Ehtimal olunur ki, onun saxta sənədlər əldə etməsi də bu dəstəyin sayəsindədir. Hazırda axtarışda olan general Mladiçin də Serbiya ordusundan yüksək səviyyədə himayə edildiyi bildirilir. İndi Karaciçi həbs etdiyinə görə serb millətçiləri Avropa Birliyinə inteqrasiya tərəfdarı olan prezident Boris Tadiçi vətən xaini hesab edirlər. Bildirilir ki, Karaciçin həbsindən sonra Tadiç açıq təhdidlər almağa başlayıb, bununla bağlı onun mühafizəsi gücləndirilib. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar