SON XƏBƏRLƏR

Bakı-Tiflis-Qars dəmir yolu, TRACECA dəhlizində daşınmaları ucuzlaşdıracaq

2021.10.20, 07:36
Bakı-Tiflis-Qars dəmir yolu, TRACECA dəhlizində daşınmaları ucuzlaşdıracaq

Gunaz.tv
Bakı-Tiflis-Qars dəmir yolu TRACECA dəhlizində daşınmaları ucuzlaşdıracaq Dünən Türkiyənin Qars şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun Türkiyə ərazisindən keçən hissəsinin təməli atıldı. Təməlatma mərasimində çıxış edən dövlət başçıları BTQ-nin yalnız region üçün deyil, bütün dünya üçün önəmli layihə olduğunu vurğuladılar. Belə ki, "İpək dəmir yolu" adlanan bu xətt perspektivdə faktiki olaraq Çindən tutmuş Böyük Britaniyayadək Asiya ilə Avropanı birləşdirən əsas körpülərindən biri olacaq. 2011-ci ildə istifadəyə veriləcək BTQ dəmir yolu ilə ildə 1 milyon sərnişin və 6,5 milyon ton yük daşınacaq. 2034-cü ildə isə bu dəmir yolu ilə 3,5 milyon sərnişinin və 16,5 milyon ton yükün daşınacağı gözlənilir. Bir vaxtlar Qərbdə bəzi qüvvələr Ermənistanı "oyundankənar" vəziyyətə salan BTQ-nin gerçəkləşməsinə şübhə ilə yanaşır, buna qarşı çıxır və maliyyələşdirməkdən imtina edirdilər. ABŞ Konqresinin ermənipərəst üzvləri isə Bakı, Tiflis və Ankaranın birgə layihəsinə qarşı bəyanat verməkdən usanmırdılar. Əsas "arqumentləri" isə bu idi ki, BTQ iqtisadi yox, siyasi layihədir. İndi heç kimə sirr deyil ki, rəsmi Bakının davamlı səyləri nəticəsində gerçəkləşməkdə olan BTQ TRACECA dəhlizinin başlıca elementinə çevriləcək. BTQ işə salınandan sonra, yaxın 5 il ərzində TRACECA dəhlizində dəmir yolu vasitəsi ilə daşınan yüklərin çəkisi ümumi daşımalarda 70%-ə çatacaq. "APA-Economics"ə açıqlamasında TRACECA-nın Azərbaycan Milli Katibliyinin rəhbəri Akif Mustafayev bildirib ki, hazırda dəmir yolu ilə daşınan yüklər ümumilikdə TRACECA dəhlizi ilə daşınan yüklərin 55%-ni təşkil edir: "Proqnozlara görə, dəmir yolu işə düşəndən sonra ilk ildə bu yol vasitəsi ilə daşınan yüklər 3 mln. ton, sonrakı 5 ildə isə 10 mln. ton təşkil edəcək. Təkcə dəmir yolunda daşınan yüklərin çəkisinin 30%-dək artması gözlənilir". A.Mustafayev BTQ layihəsinin tək Azərbaycan üçün deyil, ümumilikdə region üçün böyük əhəmiyyətə malik olduğunu bildirib: "Bu dəhlizdə daşımalar digər dəhlizlərə nisbətən ucuz olacaq. Dəmir yolunda daşıma, yükləmə-boşaltma xərcləri də digər nəqliyyat vasitələrinə nisbətən aşağıdır. Avropa və Asiyanı birləşdirəcək bu layihə şübhəsiz ki, digər ölkələrin də marağına səbəb olacaq. BTQ işə salınandan sonra Asiya və Avropa arasında yaranacaq bu yeni dəhliz digər alternativlərinə nisbətən 60 km qısa olacaq ki, bu da öz növbəsində çəkilən xərclərin azalması deməkdir". A. Mustafayev BTQ dəmir yolu layihəsinin gələcəkdə Rusiya üçün də əlverişli dəhlizlərdən olacağını düşünür. Onun sözlərinə görə, hazırda Rusiya ilə Türkiyə arasında dəmir yolu bağlantısı olmadığından rəsmi Moskva məsələyə müsbət yanaşmalıdır: "Sovetlər birliyi dönəmində mövcud olmuş xətlər Cənubi Qafqaz regionundakı münaqişələr nəticəsində sıradan çıxıb və hazırda fəaliyyət göstərmir. Rusiya BTQ-nin işə düşməsindən yalnız qazana biləcək. Bu dəmir yolu vasitəsilə yüklər həm də şimaldan Türkiyə vasitəsilə Avropaya və digər bazarlara, eyni zamanda əks istiqamətlərə daşınacaq". Gələcəkdə Qarsdan Naxçıvana da dəmir yolunun çəkilişinin nəzərdə tutulduğunu deyən A. Mustafayevin fikrincə, sözügedən dəhlizində tariflər elə səviyyədə olmalıdır ki, digər ölkələr üçün də cəlbedici sayılsın. Tariflər isə dəmir yolu işə salınan ərəfədə müəyyənləşdiriləcək. Ymumiyyətlə, yaxın illərdə TRACECA Hökumətlərarası Komissiyasına üzv ölkələri tərəfindən sözügedən dəhlizdə daşıma tariflərinə baxıla bilər. Artıq TRACECA dəhlizində tariflərin tənzimlənməsinə dair məsələ ekspertlər səviyyəsində müzakirə olunub və bu sahədə ortaq fikirlər mövcuddur: "Tariflərlə bağlı məsələ nazirlər səviyyəsində müzakirə edilməli və razılıq olmalıdır. Bu məsələnin yüksək hökumət instansiyaları səviyyəsində müzakirəsi gözlənilir". Hazırda TRACECA-da tariflər digər marşrutlara nisbətən yüksəkdir. Buna səbəb isə tariflə bağlı məsələlərdə üzv ölkələrin mövqeyində fərqliliklərin olmasıdır. Qeyd edək ki, mərkəzi qərargahı Bakıda yerləşən TRACECA Hökumətlərarası Komissiyası 1998-ci ildə Azərbaycanın təşəbbüsü ilə yaradılıb. Hazırda qurumda Avropa və Asiyadan 12 dövlət təmsil olunur. A.Həmid express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar