SON XƏBƏRLƏR

Yardımlıda tarixi abidələr tapılıb

2021.10.20, 07:36
Yardımlıda tarixi abidələr tapılıb

Gunaz.tv
Yardımlıda tarixi abidələr tapılıb Yardımlı rayonu ərazisində antik və ilk orta əsrlərə aid tarixi abidələr tapılıb. APA-nın Cənub bürosunun məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mütəxəssisləri tərəfindən aparılan elmi tədqiqatlar nəticəsində rayonunun Alar, Avaröğ, Ocaqkənd, Yolacaq, Aruz, Ostayır kəndləri ərazisində ilk və orta əsrlərə aid yaşayış yerləri, qalalar, qəbirüstü abidələr, pirlər və türbələr aşkarlanıb. Araşdırmalar zamanı yaşayış məntəqələrində bir-birindən fərqli iki tip qəbirə rast gəlinib. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Mirnağı Nəzərlinin sözlərinə görə, bunlar daş qutu qəbirlər və küp qəbirlərdir. Onların içərisindəki insan skeletləri sağ tərəfi üstə bükülmüş şəkildə aşkarlanıb. Daş qutu qəbirlərə, əsasən rayonun Peştəsər və Bozayran kəndləri ərazisində rast gəlinib. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Arif Məmmədovun bildirdiyinə görə isə antik dövrə aid tarixi abidələrlə zəngin olan rayonun Yolacaq kəndində 5 hektar ərazini əhatə edən qədim yaşayış massivi aşkarlanıb. Buradakı arxeoloyi qazıntılar zamanı küp, bardaq, cam və s. məişət əşyalarının qalıqları tapılıb ki, bu da ərazidə yaşayışın ərəb işğalları dövrünə qədər davam etdiyini sübut edir. Yolacaq kəndində aşkarlanan orta əsr qəbiristanlığındakı qəbirüstü abidələr, əsasən qoyun başından ibarətdir. Bu isə Qaraqoyunlu dövlətinin hakimiyyəti illərinə təsadüf edir. Sözügedən dövlətdə qoyunçuluq mühüm yer tutduğu və bərəkət rəmzi sayıldığı üçün məzarların üzərində məhz belə heykəllər qoyulub. Digər bir fakt isə şəbəkə üslublu rəsmlərin təsvir olunduğu və XV-XVI- əsrlərə aid edilən döyüşçü məzarlarından ibarətdir. AMEA-nın mütəxəssislərinin qənaətinə görə, Yardımlıda son tunc və ilk dəmir dövrünə aid kurqanların, daş qutu, küp və torpaq qəbirlərin və onların hər birinə uyğun məskənlərin olması burada yaşayışın ardıcıl davam etməsindən xəbər verir. Nəticə etibarı ilə indiki Yardımlı əhalisinin aborigen olması təsdiqini tapır. A.Məmmədov bildirib ki, rayonda indiyədək arxeoloyi qazıntılar aparılmadığından bir sıra tarixi və maddi-mədəniyyət abidələri dağıntıya məruz qalıb. İlkin tədqiqat işləri yekunlaşdıqdan sonra Yardımlıda geniş şəkildə arxeoloyi qazıntılara başlanılacaq. Ərazidən tapılan maddi - mədəniyyət nümunələri tədqiq olunduqdan sonra rayon tarix-diyarşünaslıq muzeyinə təhvil veriləcək. Elmi araşdırmalar, həmçinin cənub-şərq bölgəsinin tarixi haqqında hazırlanan ensiklopediyada öz əksini tapacaq və əlavə olaraq, Yardımlının tarixi haqqında ayrıca kitab nəşr olunacaq. kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar