SON XƏBƏRLƏR

Xəzərin statusu Bakıda müzakirə olunur_ Türkmənistan-Azərbaycan münasibətlərinin əhəmiyyəti artır

2021.10.20, 07:36
Xəzərin statusu Bakıda müzakirə olunur_ Türkmənistan-Azərbaycan münasibətlərinin əhəmiyyəti artır

Gunaz.tv
Xəzərin statusu Bakıda müzakirə olunur Türkmənistan-Azərbaycan münasibətlərinin əhəmiyyəti artır Xəzərin statusu ilə bağlı Bakıda keçirilən müzakirələrə ümidlə baxırlar. Ekspertlər son vaxtlar Azərbaycanla Türkmənistan arasında müşahidə edilən yaxınlaşmanın öz nəticəsini verəcəyini təxmin edirlər. Məsələ ondan ibarətdir ki, Türkmənistan dünyanın enerji təhlükəsizliyi sisteminə daha aktiv qoşulmaq zorundadır. Rusiya ondan qazı 100 ABŞ dollarına alır, ancaq Avropaya 300 ABŞ dollarına satır. Bu da Türkmənistanın külli miqdarda gəlir itirməsi deməkdir. Qərbin təklif etdiyi variantda Türkmənistan qazını Azərbaycan vasitəsi ilə baha qiymətə dünyaya çıxara biləcək. Bunun üçün isə Xəzərin statusu məsələsində razılığa gəlmək lazımdır. Türkmənistan bu günə qədər Azərbaycanın təklif etdiyi variantla tam razılaşmırdı. O, Rusiya və İranın mövqeyinə yaxın idi. Daha doğrusu, onların siyasi sifarişlərinə uyğun hərəkət edirdi. İndi isə bu mövqedən uzaqlaşmağın real zəmini vardır. Belə ki, Türkmənistan Transxəzər layihəsinə qoşulmaqla özünün qazını dünya qiymətləri üzrə sata bilər. Eyni zamanda, geosiyasi müstəvidə cərəyan edən hadisələr Türkmənistanın müstəqil enerji siyasəti yeritməsini tələb edir. Rusiya artıq böyük ölçüdə öz maraqlarına uyğun enerji siyasəti yeridir. O, getdikcə daha çox dərəcədə Avropanın qaz təminatını həyata keçirmək xəttini götürüb. Rusiya bu istiqamətdə Afrikaya belə nüfuz edir. Buna qarşılıq Qərb öz enerji siyasətini qoyur. Orada Xəzər hövzəsinin ayrıca rolu nəzərdə tutulub. Bu da bölgə dövətlərinin enerji məsələsində konkret mövqe nümayiş etdirməsinin tələb olunduğu deməkdir. Deməli, Türkmənistan üçün Xəzərin statusu təkcə özünün maraqları ilə məhdudlaşan məsələ deyil. Dünyanın aktiv surətdə enerji siyasəti yeritdiyi bir vaxtda həm də geosiyasi mövqe seçmək deməkdir. Buna görə də Bakı görüşünün irəliyə doğru bir addım olacağını düşünənlər az deyil. Bu məsələdə türk dövlətlərinin əməkdaşlığı məsələsini də unutmaq olmaz. Türk dövlətləri başçıları bu istiqamətdə ciddi düşünməkdədirlər. Onların növbəti toplantısı da Bakıda olmalıdır. Türkiyə və Azərbaycanın dünya enerji siyasətində getdikcə daha fəal iştirakı və Qazaxıstanın onlara dəstəyini artırmaqda davam etməsi fərqli mənzərə yaratmaqdadır. Bakı-Supsa neft kəmərinin istifadəyə hazır olması və Qazaxıstanın o istiqamətdə neftini daşımaq niyyətini açıqlaması təsadüfi deyildir. Qazaxıstan həm də Transxəzər layihəsinə isti yanaşır. Türkiyənin Orta Şərqdə siyasi və iqtisadi olaraq statusunu daha da möhkəmlətməsi öz təsirini göstərir. Bundan başqa, Türkiyə ilə Türkmənistan arasında münasibətlərin yeni səviyyəyə qalxdığı prezident Qurbanqulu Berdımuhammadovun Ankara səfəri zamanı əyani nümayiş olundu. İranın bu işdə neytrallaşması üçün təməl vardır. Türkiyə İranla aktiv surətdə iqtisadi və enerji sahəsində əməkdaşlığını aparır. Türkmənistanla əməkdaşlağın bir hissəsi də İran üzərindən həyata keçirilir. Bütün bunlar təbii ki, Türkmənistanın Xəzərin statusu ilə bağlı mövqeyinə yenidən baxmasına əsas verir. Rəsmi Aşqabad Azərbaycan vasitəsi ilə dünya dövlətləri ilə əməkdaşlığın perspektivini açıq görür. Onun Şərqi Avropa və Baltikyanı istiqamətlərində enerji əməkdaşlığı yolunda da Azərbaycan dayanır. Xəzərin statusu ilə bağlı danışıqlarda bu faktorların rol oynadığına şübhə yoxdur. Bununla yanaşı, Türkmənistanın asanlıqla mövqeyində dəyişiklik edəcəyini gözləmək də olmaz. Çünki Rusiyanın təsiri hələ də güclüdür və ayrıca olaraq rəsmi Aşqabad daha çox pay qopartmağa səy göstərə bilər. Ola bilsin ki, geosiyasi xarakterli başqa səbəblər də vardır. Ona görə də Xəzərin statusu ilə bağlı məsələnin tam həll olunması zamanının yaxınlarda olduğunu təxmin etmək çətindir. Bu istiqamətdə müsbət addımların atılması və geriyə gedilməməsi əsas şərtdir. Hər bir halda Bakı müzakirələrinin səmərəsini dərk etmək gərəkdir. Tərəflərin mövqelərinin bir qədər yaxınlaşacağı təqdirdə sonrakı görüşlərdə konkret nəticələr almaq mümkün olacaq. Paradoksal olsa da, indi əngəl törədən tərəf daha çox Rusiya olacaq. Xəzərin dibinin bölünməsi ilə bağlı onun verdiyi təklifin aqibətinin necə olacağını da demək çətindir. Görünür, Qərbin də bununla bağlı konkret düşüncələri vardır. Orxan Güneyli olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar