SON XƏBƏRLƏR

TÜRKİYƏ-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİ AZƏRBAYCANDA NARAHATLIQ YARADIB

2021.10.20, 07:36
TÜRKİYƏ-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİ AZƏRBAYCANDA NARAHATLIQ YARADIB

Gunaz.tv
TÜRKİYƏ-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİ AZƏRBAYCANDA NARAHATLIQ YARADIB Arif Hacılı: “Ankara bu məsələdə həqiqətləri nəzərə almalıdır” Sərdar Cəlaloğlu: “Türkiyənin Ermənistanla münasibətlər qurması düşmən ölkəni gücləndirə bilər” İqbal Ağazadə: “Azərbaycan iqtidarı Türkiyə iqtidarı ilə danışıqlar aparmalıdır” Türkiyənin Ermənistanla iqtisadi və siyasi münasibətləri bərpa edəcəyi, sərhədi açacağı haqda xəbərlərin intensivləşməsi Azərbaycan ictimaiyyətində narahatlıq doğurub. Sadə insanlardan tutmuş siyasilərə, məmurlara qədər hamı qardaş ölkəni bu addımdan çəkinməyə çağırır. Bəzi təkliflər də var ki, Azərbaycanın tanınmış siyasi partiyaları Türkiyə prezidenti Abdullah Gülə məktub ünvanlasın. Prezidentdən Ermənistanla əlaqələrin qurulmaması xahişi edilsin. Partiyaların bir neçəsi ilə əlaqə saxlayıb bu təklifin reallaşmasının mümkün olub-olmadığını öyrəndik. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı hesab edir ki, Ermənistanla Türkiyə arasında sərhədlərin açılması və münasibətlərin bərpa edilməsi daha çox Ermənistanın maraqlarına uyğundur: “Ermənistan bu yolla blokada vəziyyətindən çıxmağa və Avropaya çıxışa cəhd göstərir. Mən dəqiq bilirəm ki, Ermənistanla iqtisadi münasibətlərin bərpa edilməsi Türkiyə iqtisadiyyatına 0,3 faiz təsir edir. Ona görə də əslində Türkiyənin Ermənistanla sərhədləri bağlı saxlaması və iqtisadi əlaqələrin qurulmaması Türkiyənin maraqlarına o qədər də zidd deyil. Ermənistanla Türkiyənin sərhədlərinin açılması Azərbaycana çox ciddi zərbədir. Çünki Azərbaycanın Ermənistan qarşısında əsas üstünlüyü ondan ibarətdir ki, Azərbaycan vasitəsilə bütün kommunikasiya xətləri Azərbaycan üzərindən Ermənistandan yan keçməklə Türkiyəyə, oradan da Aralıq dənizi vasitəsilə bütün dünyaya çıxış əldə edir. Əgər Ermənistanla Türkiyənin sərhədləri açılarsa, biz bu üstünlüyü tamamilə olmasa da, bir qədər itirməli olacağıq. Ermənistan iqtisadiyyatı inkişaf edəcək. Türkiyə hakimiyyəti bu həqiqətləri nəzərə almalıdır. Bu məsələ ilə bağlı Türkiyə hakimiyyətinə müraciətin edilməsinə də normal yanaşıram. Ancaq onu da xüsusi qeyd etmək lazımdır ki, hər halda, yaxın zamanlarda Türkiyənin Ermənistanla sərhədləri açacağını düşünmürəm”. ADP sədri Sərdar Cəlaloğlunun fikrincə, Türkiyənin Ermənistanla sərhədlərinin bağlı olması, iqtisadi əlaqələrinin olmaması Dağlıq Qarabağ məsələsindən daha çox ermənilərin Türkiyəyə qarşı iddiaları ilə bağlıdır: “Ermənistan Türkiyəyə soyqırım və ərazi iddiasını illərdir ki, irəli sürürlər. Bu səbəbdən də Türkiyə ilə münasibətləri gərgin olub. Dağlıq Qarabağ məsələsinə Türkiyə Ermənistanın iddialarının sadəcə biri kimi baxır. Yəni xarici siyasətində bunu da əsas götürür. Guya bu gün Dağlıq Qarabağ problemi həll olunsa, Türkiyə ilə Ermənistanın arasındakı münasibət yoluna düşəcək? Ermənilərin strateji hədəfi Türkiyənin ərazilərindən Qara dənizə çıxa biləcək qədər qopartmaq və dünya ilə müstəqil şəkildə əlaqə saxlamaqdır. Türkiyə bunu bilməmiş deyil. Türkiyə kimi böyük dövlətin prezidenti məgər Azərbaycan müxalifətinin liderləri qədər siyasi şüura malik deyil, öz ölkəsinin, qardaş Azərbaycanın gəlirini-çıxarını bilmir? Nə qədər siyasi etikaya uyğun olar ki, biz buradan Türkiyə prezidentinə məsləhət verək, yol göstərək? Biz uzağı bir bəyanat verə bilərik ki, Türkiyə ilə Ermənistan arasında əlaqələrin qurulması, sərhədin açılması düşmən dövləti gücləndirə bilər. Bu da nə Türkiyəyə, nə də Azərbaycana lazımdır. Amma onu da nəzərə almaq lazımdır ki, axı ortalıqda hansısa sərhədlərin açılması məsələsi yoxdur. Ermənilər dünya parlamentlərində genosid iddiaları ilə bağlı Türkiyənin əleyhinə qərarlar qəbul elətdirir, Türkiyənin qovduğu PKK-çıları Ermənistan öz ərazilərində, işğal etdiyi Azərbaycan torpaqlarında yerləşdirirlər. Bu qədər faktın olduğu bir zamanda Ermənistanla Türkiyənin sərhədlərinin açılacağı barədə deyilənlərin arxasında məntiq dayanması inandırıcı deyil. Mən Azərbaycanın siyasi partiyalarının bu cür dedi-qoduya uyaraq Türkiyə prezidentinə məktub göndərməsinin qəti əleyhinəyəm”. Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, Türkiyə xarici siyasətini müstəqil şəkildə müəyyənləşdirir. Azərbaycandan kimlərinsə məktub göndərməsi ilə öz siyasətini dəyişəsi deyil: “Azərbaycandan məktub göndərib Abdullah Gülə təklif verməyin və ya xəbərdarlıq etməyin heç bir mənası yoxdur. Məgər Abdullah Gül Azərbaycanla Ermənistanın münasibətlərini, ermənilərin türklərə qarşı hansı mövqedə olduğunu bilmir? Mən hesab edirəm ki, bu məsələlərdə Türkiyədə hakimiyyətdə olan partiya fərqli yol tutub. Bu yolu bizim mövqeyimizdən asılı olmayaraq davam etdirəcəklər. Baxmayaraq ki, Türkiyənin dövlət və hökumət rəsmiləri Ermənistan-Azərbaycan münaqişəsi həll olunmayınca, Türkiyənin Ermənistanla hər hansı əlaqəsinin olmayacağı haqda bəyanatlar veriblər. Bu gün bir daha görünür ki, bunlar hamısı maraqlar ortaya çıxanda fərqli mövqeyi ifadə edirlər. AK partiyanın beynəlxalq təşkilatlarla münasibətləri, daxildə onların üzərinə gələn basqılar xaricdən dəstək aramaq məsələsini ortaya çıxarıb. Ona görə də məlum addımları atmaq yolunu tuturlar. Türkiyə bu yolu seçibsə, daha çox Azərbaycan iqtidarı ilə Türkiyə iqtidarı arasında danışıqlar olmalıdır ki, onların atmaq istədikləri addım nə dərəcədə mənafelərə uyğundur və Azərbaycan nələri itirə bilər”. Etibar SEYİDAĞA musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar