SON XƏBƏRLƏR

İranda ABŞ şirkətləri var

2021.10.20, 07:36
İranda ABŞ şirkətləri var

Gunaz.tv
İranda ABŞ şirkətləri var Mottakinin sözlərinə görə, Tehran Vaşinqtonun İranda nümayəndəlik açmasına etiraz etmir Bu gün Cenevrədə (İsveçrə) İranla Avropa Birliyi arasında müzakirələr keçiriləcək. AB ali Komissarı Havyer Solana ilə İranın nüvə proqramı üzrə yetkilisi Səid Cəlili arasında keçiriləcək danışıqlara ABŞ dövlət katibinin müavini Uilyam Börns də qatılacaq. ABŞ bu danışıqlarda ilk dəfədir iştirak edir. Cenevrə görüşü ərəfəsində Ankaraya səfərə gələn İranın xarici işlər naziri Mənuçöhr Mottaki həmin toplantıda Amerika təmsilçilərinin iştirakını müsbət qiymətləndirib. Maraqlıdır ki, türkiyəli həmkarı Əli Babacanla görüşdən sonra birgə mətbuat konfransı keçirən Mottaki bəzən türkcə danışıb və farsca açıqlamalarının tərcüməsi zamanı isə bəzi düzəlişlər edib. Xatırladaq ki, Mottaki bir vaxtlar İranın Ankaradakı səfiri olub. CNN-Türk telekanalının xəbərinə görə, İran XİN başçısı bu gün keçiriləcək Cenevrə müzakirələrindən irəliyə doğru inkişaf gözləyir. Mottaki bildirib ki, ABŞ media aracılığı ilə İranda nümayəndəlik açmaq girişimində bulunub. Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın "The Guardian" qəzeti bildirib ki, ABŞ İranla diplomatik münasibətlərin bərpası istiqamətində önəmli addım ataraq Tehranda nümayəndəlik açmağa hazırlaşır. Nazir qeyd edib ki, rəsmi Tehran İranda ABŞ nümayəndəliyinin açılmasına etiraz etmir:"İranda Amerika bürosu, eləcə də İranla ABŞ arasında birbaşa aviauçuşlar açmaqla Amerika ilə görüşüb anlaşmaya varmaq mümkündür". Son illərdə ABŞ vətəndaşları arasında İrana gəlmək istəyən çox sayda adam olduğunu deyən Mottakinin sözlərinə görə, onların arasında ABŞ-ın ticarət şirkətləri, iş adamları var və bir qismi hazırda İranda fəaliyyət göstərir. İslam respublikasının xarici siyasət idarəsinin başçısı həmin şirkətlərin adlarını açıqlamayıb:"Həssas şərtlər səbəbi ilə adlarını söyləmək istəmirəm". Türkiyənin xarici işlər naziri Əli Babacan isə tərəflərin bir araya gəlməsini Türkiyənin dəstəklədiyini bildirib və İranın nüvə proqramı ilə bağlı məsələnin dialoq yolu ilə müzakirəsini vacib sayıb. Hər bir müstəqil ölkənin nüvə enerjisinə sahib olmaq haqqını dəstəklədiklərini bildirən Babacan, eyni zamanda, vurğulayıb:"Bölgəmizdə nüvə silahına qarşıyıq". Dünən Türkiyənin NTV telekanalının suallarına cavab verən İranın xarici işlər naziri "ABŞ və İsrailin İrana zərbə vurmaq ehtimalının sıfıra yaxın olduğunu" deyib:"Sionist rejim çox çətin durumdadır. Hələ də Livandakı məğlubiyyətinin acısını yaşamaqdadır. Olmert dönəminə bir şey qalmamışdır". ABŞ-ın İran siyasəti ilə bağlı addımlarını dəyərləndirən Mottaki "5+1" ölkələri XİN başçılarının İrana yolladığı məktubun altından ABŞ Dövlət Departamentinin imza atmasını önəmli bir addım sayıb. Qeyd edək ki, Mottakinin səfəri ərəfəsində ABŞ prezidenti Corc Buşun beynəlxalq təhlükəsizlik məsələləri üzrə müşaviri S.Hedli də Ankaranı ziyarət etmişdi. Bununla bağlı İRAN XİN başçısı bildirib:"Türkiyə çox böyük bir ölkədir. Bir çox heyətlər gəlir və gedir. Bunların arasında bir əlaqə olması vacib deyil. ABŞ İranın, biz isə onların mövqelərindən xəbərdarıq. Və biz onların siyasətinin praktiki düzəlməsini gözləyirik". express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar