SON XƏBƏRLƏR

Qarabağa beynəlxalq axtarış qrupu göndərilə bilər_Azərbaycan XİN: "Ermənistana rahatlıq verməyəcəyik..."

2021.10.20, 07:36
Qarabağa beynəlxalq axtarış qrupu göndərilə bilər_Azərbaycan XİN: "Ermənistana rahatlıq verməyəcəyik..."

Gunaz.tv
Qarabağa beynəlxalq axtarış qrupu göndərilə bilər Azərbaycan XİN: "Ermənistana rahatlıq verməyəcəyik..." Bakı İrəvanın Qarabağ danışıqlarında nə dərəcədə səmimi olduğunu öyrənməyə çalışır. Bunu "Ekspress"ə xarici işlər nazirinin müavini Araz Əzimov bildirib. O deyib ki, "nəticə çıxarmaq tezdir": "Qarşı tərəf düşünməsin ki, vaxt keçirməklə hazırkı vəziyyəti uzadıb siyasi maraqlarını təmin edəcəklər". Əzimov xatırladıb ki, ayyarım əvvəl keçirilmiş Peterburq danışıqlarından sonra prezidentlər nazirlərə tapşırıq verib ki, mövqeləri yaxınlaşdırsınlar. Onun sözlərinə görə, hazırda ortalıqda heç bir yeni təklif yoxdur. Tezliklə vasitəçilər öz aralarında görüşərək, növbəti addımlarını müəyyənləşdirməlidir. Xarici siyasət idarəsində əmindirlər ki, danışıqlar aktiv fazaya da ondan sonra qayıda bilər. Bununla yanaşı, Əzimov son illərdə aparılan danışıqların nəticəsizliyini belə şərh edib: "Son dörd ildə biz "Praqa prosesi" çərçivəsində xeyli irəliləmişik, çox yaxşı işləyib, müzakirə qurmuşuq. Amma şanslar hələ bitməyib və buna baxmayaraq, hesab edirik ki, məsələni hansısa konkret tarixlə də bağlamaq düzgün olmazdı. Eyni zamanda, danışıqların tükənməzliyi barədə fikir yürütmək də hələ tez olardı. Çünki qarşımızda bir -iki olsa da, ciddi məsələlər qalıb və onu da həll etmək üçün yol tapa bilsək, onda irəliləyişdən danışa bilərik. Amma bundan öncə deyəsən, bizim üçün ermənilərin nə qədər ciddi olduğunu müəyyənləşdirmək də gərək olacaq. Onlar siyasi baxımdan vaxt ötürməklə məşğuldurlar". Bununla yanaşı, Əzimov "nizamlamanı tərpətmək üçün" alternativ vasitələrə də işarə edib. Ancaq bu müharibə deyil, diplomatik təzyiqin artırılmasıdır. Belə ki, Bakı digər beynəlxalq təşkilatlarda Ermənistanın işğalçılığını sübut etməlidir. "Hər dəfə Qarabağda törədilən qanunsuz əməllər məsələsi meydana çıxanda beynəlxalq təşkilatlarda ortaya çıxan ilk sual bu olur ki, təzyiqlər kimə edilməlidir? Təbii ki, işğalçı tərəf Ermənistandır və biz bunu bütün müstəvilərdə tanıtmalıyıq. Bu isə vaxt tələb edir", - nazir müavini vurğulayıb və vaxtın çox uzandığına işarə edib. Bununla belə, Əzimov bəyan edib ki, Azərbaycan hər yerdə Ermənistanın işğalçılığı barədə məlumatlar yayacaq. Onun sözlərinə görə, Bakı İrəvanla alış-veriş etməyəcək. Belə ki, Ermənistan özü əraziləri boşaltmaqla özlərinin dediyi kimi əsl niyyətini, yəni Dağlıq Qarabağdakı ermənilərin insan haqlarını müdafiə etdiyini göstərə bilər: "Əks halda, sübut olunacaq ki, Ermənistan qəsbkarlıqla məşğuldur". Sülh imkanlarına toxunan nazir müavini vurğulayıb ki, heç bir tərəf istəyini yüz faiz təmin edə bilməz. Нəyisə almaq üçün çeviklik göstərib, kompromisə getmək lazımdır. Əzimov deyir ki, Bakı buna hazırdır: "Amma hələlik danışıqların hansı formada davam edəcəyi məlum deyil. Bir-iki məsələ qalıb, amma bu, asan deyil, çox vacib məsələlərdir". Əzimov onu da deyib ki, Ermənistan əraziləri qaytarmaqla Azərbaycanın iqtisadi imkanlarından bəhrələnə bilər. Bu arada, BMT İnsan Hüquqları Şurası ötən ilin payızında Azərbaycanın təşəbbüsü ilə hazırlanmış "Silahlı münaqişələr zamanı mədəni hüquqların və mədəni mülkiyyətin qorunması" adlı qətnaməni ATƏT-ə göndərib. Sənəd işğal olunmuş ərazilərimizdə muzey və tarixi abidələrin Ermənistan tərəfindən dağıdılmasına beynəlxalq tənqidin yaradılmasını nəzərdə tutur. Diplomatik mənbələrdən "Ekspress"ə bəlli olub ki, qətnamədə Qarabağdakı vandalizmin aşkarlanaraq, müvafiq münasibət bildirilməsi üçün bölgəyə xüsusi axtarış qrupunun göndərilməsi də nəzərdə tutulub. Paralel olaraq, bir il ərzində BMT istənilən vaxt məsələ üzərində müzakirə açmaq iqtidarındadır. Ancaq qətnamənin Vyanaya göndərilməsi hər şey deyil, BMT ilə ATƏT arasında buna oxşar onlarla layihə "var-gəl" edir. Abidələrlə bağlı qətnaməyə gəlincə, prosedur qaydalara vaxtında əməl olunsa, ATƏT yalnız payızda işğal altındakı ərazilərə bu məsələ ilə bağlı xüsusi missiya göndərə bilər. Problem hələ ötən ay Madriddə də müzakirə olunub və müvafiq qərar çıxarılıb: Vyana üçün hər şey "yoxlamalardan sonra bəlli olacaq". Bakıda isə belə fikirlər mövcuddur ki, abidələr məsələsinin BMT-yə çıxarılmasını o vaxt uğur saymaq olardı ki, bu qurum öz mandatı əsasında məsələni araşdırsın və praktiki addımlar atsın. Ələkbər Raufoğlu express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar